KÖŞƏ

Vəli İlyasov

Dünya separatizmə “yox” desə ...

15 yanvar 2018 23:07
2543

Ermənilərin əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağda başladıqları  separatizm dalğası  öz sərhədlərindən çıxaraq keçmiş SSRİ-nin Moldova,  Ukrayna,  Gürcüstan respublikalarına,  sonra Avropa ölkələrinə də yayıldı. Vaxtında Ermənistanın separatçı planlarına və cinayətkar hərəkətlərinə lazımi reaksiya verməyən “qoca qitə” ölkələri indi özləri separatizmdən əziyyət çəkirlər. Keçən il İspaniyada baş verənlər bütün dünya ictimaiyyətini  silkələdi və belə ümumbəşəri  meyillərə qarşı kəskin mübarizə aparmağın vacibliyini ortaya qoydu. Dağlıq Qarabağ,  Cənubi Osetiya, Abxaziya,  Dnestryanı və Kataloniya münaqişələri aydın  göstərdi ki,  belə təhlükəli planların qarşısı vaxtında alınmasa, yaxın gələcəkdə separatizm bütün Yer kürəsində  qarşısıalınmaz məcraya yönələr. Bu isə bəşəriyyətin nizamını pozar və dağıdıcı müharibələrə rəvac verər.

Müasir dünyamızda  separatizm xalqları  narahat edən ən qorxulu bir bəlaya çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin  2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə deyib:  “O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırım törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma lazımdır...Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir.”

Dövlətimizin başçısı qeyd edib ki,  Dağlıq Qarabağ  münaqişəsində bizim prinsipial mövqeyimiz ədalətlidir və beynəlxalq hüquqa əsaslanır. Ona görə də bu mövqe daha çox  beynəlxalq dəstək qazanır. Belə dəstəklər bizim üçün olduqca önəmlidir. Onlardan biri separatçı rejim tərəfindən keçən il Dağlıq Qarabağda keçirilən qanunsuz  “referendum”un beynəlxalq ictimaiyyət və dövlətlər tərəfindən tanınmamasıdır. Qonşu ölkələr, Avropa ölkələri və nüfuzlu təşkilatlar bu “referendum”un tanınmaması və qanunsuz olması barədə ciddi bəyanatlar veriblər. Həmin bəyanatlar bütün dünyaya mesaj verdi ki,  Dağlıq Qarabağ Azərbaycan torpağıdır  və onun ayrılmaz hissəsidir. İyirmi beş ildən artıq davam edən  Dağlıq Qarabağ münaqişəsi  göstərdi ki,  ayrı-ayrı kiçik etnik qrupların  yaşadıqları  ölkədə özlərinə dövlət yaratmaq meylləri çox təhlükəlidir, bu məsələdə   separatizmə və ikili standartlara  yol vermək olmaz.  Çünki  ikil standartlar münaqişə ocaqlarının daha da qızışmasına şərait yaradır. Ona görə də dünyanın aparıcı dövlətləri  və beynəlxalq qurumlar ikili standartlardan əl çəkməli, haqq-ədaləti meyar götürməlidirlər.

2017-ci ilin sonunda Avropa İttifaqının”Şərq Tərəfdaşlığı” Sammitində  qəbul edilən Bəyannamədə göstərilir  ki, “Şərq tərəfdaşlığı”na üzv olan dövlətlərin ərazi bütövlüyü və suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənir Bu, ədalətin təzahürü kimi işğalçı Ermənistana daha bir ağır zərbə oldu. Bəyannamə ondan xəbər xəbər verir ki, Avropa qurumları və dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi,  həm də dünyada gedən bu kimi proseslərə artıq  lazımi  yanaşma nümayiş  etdirirlər. Artıq etiraf olunur ki, separatizmə yuvarlanmış  etnik qruplara meydan vermək bəşəriyyətə bəla gətirdiyi üçün beşiyində boğulmalıdır.  Başqa məqbul  yol yoxdur. 

Bir sözlə, indi  Azərbaycanın haqq işi dünyanın bütün ölkələri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən müdafiə olunur. Bu, dövlətimizin uzun illər apardığı  məqsədyönlü  siyasətin uğurlu nəticəsi və ədalətin qələbəsidir. Eyni  zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin mövqelərini daha da gücləndirən ən mühüm amildir.