KÖŞƏ

Vəli İlyasov

Sarkisyan siyasi möhtəkirdir

27 dekabr 2017 23:54
1934

Daim sülh danışıqlarından, problemin həllindən qaçan işğalçı Ermənistan hakimiyyəti yenə də öz ampluasındadır.  Belə ki,  prezident Serj Sarkisyan Tbilisidə gürcüstanlı həmkarı Georgi Marqvelaşvili ilə bu yaxınlarda keçirdiyi birgə brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər.

 Maraqlıdır, Sarkisyanın bu dəfəki blefi nəyə xidmət edir? Görünür o, belə bəyanatla onu bir neçə tərəfdən təhdid edən təhlükələrdən xilas olmağa çalışır. Sarkisyanın dediklərinin nəyə xidmət etdiyi isə göz qabağındadır. Serj Sarkisyanın Gürcüstan səfərində Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları növbəti dəfə bu ölkə rəhbərinin imitasiya siyasətinin bariz nümunəsidir. Onun konfliktin sülh və  danışıqlar yolu ilə həll olunması istiqamətində dediyi sözlərin məqsədi, münaqişənin real həllini deyil, status-kvonu saxlamaqdan ibarətdir.

Qeyd edək  ki, Sarkisyanın mütəmadi olaraq sülh və kompromisdən danışması onun riyakar  siyasətindən irəli gəlir. İyirmi üç ildən artıq davam edən danışıqlarda  hər hansı irəliləyişin əldə olunmaması, Sarkisyanın həyasız siyasətindən  qaynaqlanır. ATƏT-in Minsk qrupunun  formatı çərçivəsində aparılan danışıqlarda müəyyən illərdə yaxınlaşma olsa da, proses Sarkisyanın hakimiyyətə gəlməsi ilə dalana dirəndi. Xatırladaq ki, Serj Sarkisyan Qarabağ klanına və müharibə partiyasına mənsubdur, “Qarabağ kartı” ilə də  hakimiyyətdə qalır. Təsadüfi deyil ki, ətrafında təhlükə hiss edən kimi opponentlərinə  Dağlıq Qarabağda müharibənin başlayacağı anonsunu verir.

Siyasi ekspertlərin və politoloqların  rəyinə görə, Sarkisyanın hakimiyyəti dövründə qoşunların təmas xəttində gərginliklər artıb və danışıqlar prosesi bir neçə dəfə fiaskoya uğrayıb. Bu, onu göstərir ki, indiki İrəvan hakimiyyətinin siyasi xəttində Qarabağ probleminin   həllinin mümkün qədər uzadılması nəzərdə tutulub. Aprel hadisələri göstərdi ki, bu rejimlə yalnız güc dili ilə danışmaq lazım gələcək. Ancaq danışıqlar tamamilə tükənmədiyi üçün Azərbaycan bu prosesin davam etdirilməsinə etiraz etmir.

Bu, bir faktdır  ki, atdığı addımların mahiyyətini özü də başa düşməyən  Serj Sarkisyan ATƏT-in Minsk qrupunun irəli sürdüyü yenilənmiş Madrid prinsiplərini qəbul etmir. Buna baxmayaraq sənədə öz razılığını bildirib. Diplomatik danışıqlarda sülh və kompromisdən dəm vuran  Sarkisyanın fikirlərinin mahiyyəti erməni xislətinə uyğundur. 

Ermənistan rəhbərliyinin bu danışıqlarda məqsədi əsasən özünün guya sülhpərvər olduğunu nümayiş etdirmək və bir daha beynəlxalq aləmə danışıqlar niyyətində olduğunu göstərməkdir. Əslində əldə olunmuş razılığa əsasən və  Madrid prinsiplərinə söykənərək, bu il  Dağlıq Qarabağ münaqişəsi öz  həllini tapmalı idi.  Lakin bütün gözləntilər 2018-ci ilə qalır. Gözləyək görək Ermənistan tərəfi sülh danışıqlarını pozmaq üçün daha hansı hiylələrə əl atacaq?