21 iyun 2024 23:29
210

Qəhrəmanlığı dillərdə dastana dönən igid

Vətən qarşısında xüsusi xidmətləri olan, qəhrəmanlığı dillərdə dastana dönən Yusif Məmmədrza oğlu Xəlilovun həyat yolu örnək kimi tarixə yazıldı. O, şanlı Azərbaycan Ordusu tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı yağı düşmənin bütün məkrli planlarının üstündən xətt çəkməklə 40 yaşında şəhidlik zirvəsinə ucalıb.

Həyatı dərk edən gündən doğma Azərbaycana ürəkdən bağlanan, onun hər qarışını özünə əziz bilən Yusif Xəlilov 30 aprel 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində dünyaya göz açıb. Yusif orta məktəbi bitirib ordu sıralına yollanıb. Düşmənlə üzbəüz səngərdə Vətənin keşiyində durub. Nümunəvi xidməti, mərdliyi, cəsurluğu onu zabitlərin, əsgərlərin sevimlisi edib. Təlimlərdə həmişə fərqlənən əsgər Vətən torpaqların azadlığı naminə səngərə-yağı düşmənlə döyüşüb qisas almağa can atıb...

Namuslu, vicdanlı gənc, doğma Azərbaycanın hər qarışına ürəkdən bağlı olan Yusif Xəlilov əsgəri borcunu şərəflə başa vurub üzüağ evinə qayıdıb. Qaldı ki, qəlbində coşub-daşan vətəndaşlıq yanğısı onu yenidən ordu sıralarına qaytarıb. Bu yolda əsas məqsədi də Vətən torpaqlarını nəyin bahasına olursa-olsun tezliklə düşmənin tapdağından azad görmək olub.

“Vətən uğrunda ölmək şərəfdir” şüarını əldə rəhbər tutan Yusif hərbi kursu başa vurub gizir rütbəsində ermənilərə ən yaxın təmas xəttində xidmətini davam edib. İlk gündən bütün təlimlərdə fəal olmaqla, peşəkar bir hərbiçi kimi püxtələşib. Öz canını Vətən yolunda fəda etməyə hazır igid döyüşçü olmaqla tabeliyində bütün əsgərləri diqqət mərkəzində saxlayıb. Əsgərləri yüksək nizam-intizamla, hərbi anda sədaqətlə, tapşırıqları sözsüz yerinə yetirməklə fərqlənib. Məqamı gələndə işğalçı düşmənə layiqi cavab vermək üçün ağır sınaqlara ürəklə gediblər...

Qəlbi doğma Azərbaycanla döyünən, həmişə Qarabağın işğalına qarşı barışmaz mövqeyini ortaya qoyan Yusif Xəlilov 2016-ci ilin Aprel döyüşlərində yağı düşmənlə üz-üzə gəlib. Ölümə meydan oxumaqla misilsiz qəhrəmanlıq örnəyi göstərib. Belə ki, erməni dığalarına qan uddura-uddura Lələ təpəyə üçrəngli qələbə bayrağımızı taxanların önündə olub. Bu qazanılan möhtəşəm zəfərdə Yusif ağır yaralanıb. Nəticədə müalicə olunduğu üçün bir müddət ordudan kənar düşüb. Sağaldıqdan sonra tank komandiri kimi yenidən Vətəninin keşiyində durub. Lokal antiterror əməliyyatına qoşulan 18 il orduda xidmət edən igid döyüşçü son damla qanına qədər vuruşaraq əbədiyyətə qovuşub. Doğulub boya-başa çatdığı Veravul kəndində torpağa tapşırılıb. Milyonların ürəyində özünə əbədi məkan quran qəhrəman Vətən sevdalısından iki qız övladı bizə əmanət qalıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü