02 iyul 2024 02:10
280

Ermənistanın təlxəkliyi

“Bizim cəmiyyətimiz Avropa İttifaqının (Aİ) bir hissəsi olmağa qərar verib”. Bu fikri Ermənistan parlamentinin sədri Alen Simonyan səsləndirib. Bu məsələnin parlamentdə də müzakirə olunduğunu bildirən spiker  buna nail olunacağını əminliklə dilə gətirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da son günlər həmkarları ilə keçirdiyi bütün görüşlərin əsas mövzularından biri məhz bu məsələdir. Məsələn, bir neçə gün öncə o, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüşdə vurğulayıb ki, guya Ermənistan demokratik inkişaf yolu ilə gedir, qabaqcıl texnologiyalara malik inkişaf edən iqtisadiyyata malik olmaq, həmçinin regional qarşılıqlı əlaqənin artırılmasına yönəlmiş proqramlarda iştirak etmək istəyir: “Bu məqsədlər bizi Aİ -yə  yaxınlaşdırmaqla yanaşı, Balkan ölkələri ilə əməkdaşlıq imkanlarını da artırır”.

Hətta təcavüzkar ölkə Aİ-yə üzvlük məsələsini referenduma çıxarmaq niyyətindədir. Bununla Ermənistanın rəsmiləri xalqın əli ilə bəyan etmək istəyirlər ki, guya ölkənin bu vəziyyətə düşməsinin səbəbi müttəfiqi Rusiyadır, yəni ona güvənmək olmaz və yolumuz Avropayadır. Elə bu niyyətlə də Ermənistan rəsmiləri anti-Rusiya ritorikasını gücləndirir və xalqda bu ölkəyə nifrəti artırırlar. Şübhəsiz,  kollektiv Qərbin, xüsusilə Fransanın təhriki ilə anti-Rusiya kampaniyasına qoşulan rəsmi İrəvan bu gedişlə Moskvanın əks davranışlarına qarşı immunitet formalaşdırmağa calışır.

 Ermənistan Aİ-yə üzv olan dövlətlərin dəstəyini qazanmağa, bu yolla sülhdən yayınmağa, “bacı”sı Fransanın təhriki ilə bölgəni müharibəyə sürükləməyə can atır. Elə 44 günlük Vətən müharibəsindən və 23 saat davam edən lokal antiterror əməliyyatından sonra da öz konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının qalması,  öldürücü silahlarla silahlanması, ATƏT-in üzdəniraq, de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure ləğvi ilə bağlı Bakının çağırışına reaksiya verməməsi Ermənistanın bu çirkin niyyətətindən xəbər verir.

Amma fakt budur ki, bu quruma üzvlüklə bağlı prosedurları yerinə yetirmək geosiyasi dilənçi kimi tanınan Ermənistanın imkanları xaricindədir. Digər tərəfdən, Aİ-yə üzv olmağın əsas şərtlərindən biri ölkənin Avropa qitəsində yerləşməsidir. Ermənistan isə coğrafi nöqteyi-nəzərdən Asiyaya aiddir. Bu ölkənin dövlət sərhədini rus hərbçiləri qoruyurlar və orada Rusiyanın 102 saylı hərbi bazası yerləşir. Ermənistanın  həm  Avrasiya İqtisadi İttifaqına, həm də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü də bu prosesə maneədir. Ən əsası: konstitusiyasında və digər qanunvericilik aktlarında bu və ya digər ölkəyə qarşı  ərazi iddiaları olan bir ölkə Aİ-nin üzvü ola bilərmi? Əlbəttə, yox. Bu mənada demək olar ki,  arzusunu gerçəklik kimi qəbul etməyə meyilli İrəvanın Aİ sevdasının daşa dirənəcəyini indidən söyləmək olar. Amma hazırda dünyada ikili standartların hökm sürməsini nəzərə alsaq, buna müsbət cavab da vermək olar. Belə ki, bu qurum Ermənistan naminə qəbul prosesinin şərtlərinə əl gəzdirə də bilər. Görünür,  elə Hayastan buna arxayındır. Hər halda avropalıların özlərinin “xristian klubu” adlandırdıqları Aİ-dən təcavüzkar ölkəyə dəstək verilməsi də bu qənaətimizi təsdiq edir.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın bu cəhdi ölkə daxilində heç də müsbət qarşılanmır. Məsələn, parlamentin keçmiş vitse-spikeri, Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov bunu  Ermənistanın suverenliyinə və müstəqilliyinə birbaşa zərbə kimi dəyərləndirib. O, əmindir ki, Ermənistanın gələcəyi iqtisadi, siyasi və hərbi sahədə Moskva ilə müttəfiqliyin möhkəmlənməsindən keçir. Hətta o aşağıdakı fikirləri də səsləndirib: “Niyə onlar Rusiya ilə münasibətlərin yaxınlaşmasından danışanda bu, "Rusiyaya xidmət" hesab olunur. Parlamentdə isə Aİ-dən danışanda, az qala onun bayrağını öpürlər”. Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan isə hesab edir ki, Aİ-yə üzvlük üçün müraciət etmək borc içində çabalayan Ermənistanın özünü aldatmasıdır. Bunu həm də Ermənistanın növbəti şousu da adlandırmaq olar. Yeri gəlmişkən, erməni yazarlarından biri bu addımı Rusiyanı ələ salmaq və Qərbi əyləndirmək üçün Ermənistanın təlxək rolunu üzərinə götürdüyünü vurğulayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”