02 iyul 2024 01:32
271

"Yaşıl enerji": Dünyaya təbiətin göz işığı ilə baxış sağlam gələcəyin təminatıdır

 Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə enerji diplomatiyamızın əsas prinsiplərindəndir 

Azərbaycanın  hərtərəfli  inkişafına dair strateji hədəfləri,  ölkə iqtisadiyyatının qarşıdakı  illər üçün prioritetlərini zamanın tələbləri əsasında  müəyyənləşdirən Prezident İlham Əliyevin : «Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”» sözləri bu günün  reallıqlarını əks etdirir.

 İnkişafını   yeni sənaye inqilabının tələbləri əsasında təkmilləşdirən Azərbaycanın əsas hədəfləri arasında ön sıralarda dayanan alternativ enerji ilə təchizata diqqət getdikcə artırılır. Düşünülmüş siyasət sayəsində   enerji  idxalçısından  ixracatçısına çevrilən Azərbaycanın enerji diplomatiyasının uğurları daha böyük  coğrafiyanı birləşdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi,  ölkəmiz bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacaq. Bərpaolunan enerji növlərindən səmərəli istifadə üçün yaranan imkanlar,  həyata keçirlən islahatlar müsbət nəticəsini verməkdədir.  «Yaşıl enerji» və qazıntı yanacağının birləşməsi ilə bağlı  fikirlərini  «Biz artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq. Keçən ilin oktyabrında biz 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışını etdik. Bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə bizim potensialımızı 1500 və hətta ondan da artıq edəcək. Lakin bu, sadəcə, başlanğıcdır. Çünki bizim həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialımız var. Buraya su elektrik stansiyalarını da əlavə etsək, - sadəcə, Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata yaxın olub və bu, yalnız başlanğıcdır, - beləliklə, biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz qazın əhəmiyyətli bir hissəsini   bərpaolunan enerji mənbələri ilə əvəz edəcəyik» sözləri ilə ifadə edən Prezident İlham Əliyev ölkəmizin təbii resuraslarının bölgədə sabitliyin təminatına, dövlətlərarası əlaqələrin möhkəmlənməsinə, şaxələndirmə formatının genişləndirilməsinə  əlavə  stimul  yaratdığını da qürurla  qeyd edir. Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya doğru gedən yaşıl kabel layihəsi-  Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinədək uzanan layihəyə artan maraq  Azərbaycanın ixrac marşrutunun dostluğa , əməkdaşlığa xidmət etdiyini  göstərir. Enerji layihələrini siyasətdən ayrı davam etdirən Azərbaycanın qarşılıqlı əməkdaşlıq münasibətlərini genişləndirməkdə hədəfi iştirakçı tərəflərin maraqlarına hörmətlə yanaşmaq,  enerji diplomatiyasından sülh naminə istifadə etməkdir. Dünyanın tanınmış neft şirkətləri ilə əlaqələrini bu prinsip əsasında təkmilləşdirən  Azərbaycanın məqsədi  ölkə iqtisadiyyatının əsas sahələrindən olan  «yaşıl gündəliyi»  inkişaf etdirməkdir.

 Dünya dövlətlərinin maraq göstərdikləri  bərpaolunan enerji növlərindən istifadə sahəsində  zəngin təcrübəyə malik  ölkəmizdə  bu məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki  bərpaolunan enerji sektorunun inkişafı üçün ölkəmizdə  əlverişli şərait mövcuddur. Bu növ enerjinin yaradılmasının əsas mənbəyi günəş və küləkdir. İşğaldan azad edilmiş relyefi, külək, günəş, su ehtiyatları baxımında daha zəngin olan Qarabağ və Şərqi Zəngəzurun bərpasında bu sahəyə daha  çox diqqət göstərilməsi təsadüfi deyil. Təbii potensialı  hesabına bərpaolunan və «yaşıl enerji»” zonasının  yaradılması ilə bağlı  nəhəng layihələrin hazırlanması,  Birləşmiş Ərəb Əmirliklərinin məhşur «Masdar» və «ACWA Power» şirkətləri ilə  əlaqələrin gücləndirilməsi  ölkəmizin enerji təchizatı üçün təbii resurslardan istifadədə  xüsusi əhəmiyyətə  malikdir.   «Masdar»” şirkətinin iştirakı ilə  230 meqavat gücündə günəş elektrik stansiyasının istifadəyə verilməsi, hazırda  daha 1 qiqavat enerji həcminin  əlavə edilməsi son  hədd  deyil. Qeyd etdi ki,   işğaldan  azad edilən bölgələrdə  270 meqavat həcmində su elektrik stansiyaları istifadəyə verilib. Qarşıdakı  3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi  yarım milyard kubmetr qaza qənaətə imkan yaradacaq  ki, dünya bazarında  təbii qaza ehtiyac ödənilsin. «Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim kimi, «Masdar”» yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir» sözləri ilə birgə əməkdaşlığa böyük önəm verdiyini bildirən  dövlət başçımızın vurğuladığı kimi,  BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi də  etibarlı  əməkdaşlığın, varisliyin dəyərli  mirasıdır.

Ötən ay paytaxtımızda  Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – «Caspian Oil&Gas»” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin açılışı ilə dünya ictimaiyyətinin diqqəti yenidən Azərbaycana çevrilir. Bərpaolunan enerji mənbələrindən maksimum istifadə, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiqi ilə  Qarabağ və Şərqi Zəngəzurun Yaşıl Enerji Zonası”na çevrilməsi,   2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan olunması COP29-a  ev sahibliyi edəcək   Azərbaycanda yaşıl enerji istehsalına göstərilən diqqətin  ifadəsidir.  Ermənistanın işğalından azad  edilən Laçında  yaşıl enerji strategiyasına uyğun   9 su elektrik stansiyaları yaradılıb və layihələr davam etdirilir. Beləki, bu günə kimi Laçın rayonunda 8,25 meqavat gücündə «Mişni»”, 8 meqavat gücündə «Güləbird”», 6 meqavat gücündə «Alxaslı”» su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 meqavat gücündə «Sus” Su Elektrik Stansiyası» bərpa edilib.   Nəticədə rayonda istismara verilən su elektrik stansiyalarında 77 milyon kilovat saatdan artıq ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib.  Bu il  Laçında daha  5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır.

 Məlum olduğu kimi,  Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgədə mövcud olan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas  və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir.2030-cu ilədək ölkəmizin  enerji istehsalında  «yaşıl enerji»”nin payının 30 faizə çatdırılması nəzərdə tutulur. 470 meqavatlıq külək və günəş elektrik stansiyalarının təməlinin qoyulması və 240 MVt gücündə daha bir günəş elektrik stansiyası layihəsinin reallaşdırılması üçün müqavilələr imzalanıb. Regionlarda  həyata keçirilən bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək «yaşıl zona»”, yaxud «yaşıl məkan»” konsepsiyasına uyğun layihələr Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində «yaşıl enerji»” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında» Sərəncamına uyğun, planlı olaraq həyata keçirilir.
Ölkəmizin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisinə tələbatı 100 faiz «yaşıl enerji»” hesabına təmin edilir və ehtiyacdan  artıq qalan həcm ölkəmizin  enerji sisteminə ötürülür.  Bölgənin 2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki,  bu  reallıq 20 il sonra Qarabağ və Şərqi Zəngəzurun  tam olaraq «yaşıl enerji»” ilə təmin ediləcəyi deməkdir.
Naxçıvan Muxtar Respublikası isə əlverişli günəş radiasiyasına və yüksək bərpaolunan enerji potensialına malikdir. «Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”»na  əsasən, Naxçıvanda  «yaşıl enerji» zonası”nın yaradılması  nəzərdə tutulub. Eyni zamanda muxtar respublikada  külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun, təqribən, 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı qərara alınıb. 

 Göründüyü kimi, ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri  «Təmiz ətraf mühit və yaşıl artım ölkəsi»” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan 1990  illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını əsas hədəf  kimi nəzərdə tutur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası «yaşıl enerji»” zonası elan olunub.

«Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına  dair 2023–2027-ci illər üçün Dövlət Proqramı»na uyğun olaraq ətraf mühitin mühafizəsi gücləndirilir. Bu məqsədlə  muxtar respublikada  ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları istismar edilir. Bundan başqa,  Naxçıvanda «yaşıl enerji»” istehsalının inkişaf  etdirilməsi məqsədilə Energetika Nazirliyi və «Total Energies”» şirkəti arasında «250 MVt gücündə quruda külək, 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair» Anlaşma Memorandumu” imzalanıb. Nazirliklə «Nobel Energy Management” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında «Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair» imzalanan  Anlaşma Memorandumu”nun həlli ilə   Azərbaycanın «yaşıl enerji gündəliyi»nin coğrafiyası  daha da genişlənir.

Xuraman İsmayılqızı, "İki sahil"