13 sentyabr 2024 23:35
193

Hünər səhifəsini yazan qəhrəmanlar

Vətən torpaqlarının düşmən əsarətində olması uşaqlıqdan Bayram İlqar oğlu Babaşovu rahat buraxmayıb. Odur ki, 1993-cü ildə Cəlilabad rayonu, Günəşli kəndində dünyaya göz açan Vətən sevdalısı özünü hərbi sənətinə bağlamaq arzusuna düşüb. 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Həbi Məktəbinə daxil olub. Və bununla taleyinə yazılmış qəhrəmanlıq, mərdlik öz ilk cığırlarını açıb.

Təhsil illərində Vətən, torpaq sevgisi Bayrama hərbin sirlərinə daha mükəmməl yiyələnməsi üçün mənəvi stimul verib. Doğma Azərbaycanın hər qarışını göz-bəbəyi kimi qorumaq, döyüş meydanında düşməndən qisas almaq onun əsas amalı olub. Məktəbi yüksək səviyyədə bitirib, elə həmin ildən də 3-cü ordu korpusunun xüsusi təyinatlı snayper bölümündə tağım komandiri vəzifəsinə başlayıb. Vətəninə bağlı, köksündə əsl qəhrəman ürəyi döyünən Bayram Babaşovun istər biliyi və səriştəsi, istəsə də xarakterindəki müsbət keyfiyyətlər, hərbiçiyə məxsus xüsusiyyətlər ilk gündən diqqəti çəkib. Müqəddəs Qarabağın işğalına qarşı barışmaz mövqeyini ortaya qoymaqla özündən yuxarı komandirlərin tapşırıqlarını lazımi qaydada, vaxtında yerinə yetirib, qatıldığı xüsusi əməliyyatlarda yalnız uğurlar qazanıb. Qardaş Türkiyədə hərbi təlimlərdə iştirak edərək ağır sınaqlardan belə öz ağılı, qabiliyyəti, bacarığı hesabına üzüağ çıxıb. Bütün bunlarla bərabər Xüsusi hava desantı paraşüt kurslarını bitirən Bayram 2019-cu ildə baş leytenant rütbəsini alıb və 3-cü ordu korpusunun əlahiddə əməliyyat taborunun birinci əməliyyat bölüyünün komandiri vəzifəsinə təyin olunub. Peşəkar komandir, cəsur döyüşçü kimi tabeliyində olan şəxsi heyətə daim diqqət və qayğı ilə yanaşıb, onların döyüş bacarıqlarına xüsusi önəm verib. Bu səbəbdən də nizam-intizamlı və fiziki dözümlülüyü hər zaman yüksək səviyyədə olan bir bölmə yetişdirib. Həmçinin rəşadət, cəsurluq qanında- illiyində olan komandir Bayram əsgərlərdə torpağa, Vətənə məhəbbət hissi aşılayıb ki, məqamı gələndə işğalçı erməni dığalardan layiqincə qisas alınsın...

44 günlük haqq savaşımız başlananda baş leytenant Bayram Babaşov “Qələbə bizimlədir. Çünki halal torpağımız uğrunda vuruşuruq”- deyib odun-alovun içinə atılıb. Azərbaycan ordusunun müdafiə zolağının ən çətin istiqamətindən- Murovdağ yüksəklikdən dığalara qaşı hücuma başlayıb. Onların neçə-neçə texnikasını, canlı qüvvəsini məhv etməklə “Ömər” aşırımı istiqamətində yerləşən düşmən mövqelərini ələ keçirib. Daha sonra 2800 metr sərt qayalıq ərazilərdən keçərək, “Canavar qulaqları” adlanan postlarında Azərbaycanın qələbə bayrağını ucaldıb. “Elşən postu” deyilən yerdə xüsusi qəhrəmanlıq nümunəsini göstərib. Burada mühasirəyə düşmüş bir bölüyə qədər şəxsi heyətinin köməkliyinə çatmaqla onların həlak olmasının qarşısını alıb.

Vətən sevdalı zabit oktyabrın 2-də Kəlbəcər uğrunda düşmənlə qeyri-bərabər döyüşə girərək şəhadətə ucalıb. Mühasirədə olmasına baxmayaraq, ələ keçirdiyi mövqelərdən sona qədər geri çəkilməyib. O, şəhid olan əsgərlərinin, yaralıların yağı əlinə keçməməsi üçün üç saat təkbaşına döyüşüb, 30-dan çox erməni dığasının axırına çıxıb. Beləcə, torpağa axıtdığı qanla doğma Azərbaycana olan ilahi sevgisini, əsl qəhrəman olduğunu möhürləyib.

Şəhid baş leytenant Bayram Babaşovun iki qardaşı da İkinci Qarabağ müharibəsinin ilk gündən ön cəbhəyə yollanıb, hər ikisi qazi olub.

Cəlilabad camaatı öz ölümsüzlüyə qovuşan igid oğlunu həmişə ehtiramla xatırlayır. Doğma kəndində onun adına inşa olunan bulaq hər kəs üçün müqəddəs yer sayılır. Dövlət tərəfindən isə şəhid baş leytenant “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallara layiq görülüb.

Deyirlər ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Azərbaycan xalqının tarixində qeyrət, hünər, şərəf səhifəsi olan 44 günlük haqq savaşımızda Bayram kimi Vətənin qeyrətli övladları canından keçməklə bunu sübut etdilər...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü