KÖŞƏ

Vəli İlyasov

Ermənistanda və qondarma “DQR”də istefa dalğası

28 sentyabr 2017 23:44
1740

Son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baş verən hadisələr, xüsusilə BMT Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin kəskin çıxışı, ordumuzun potensialı, beynəlxalq arenada mövqelərimizin möhkəmlənməsi düşmən ölkədə gərginliyi daha da artırıb. Erməni xalqının ciddi narazılığı ilə bərabər, artıq hakimiyyətin yuxarı eşalonunda da fikir ayrılıqları onları qarşı-qarşıya qoyur. Buna dair onlarla fakt göstərmək olar. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla qondarma “DQR”in “XİN-nin rəhbəri” Karen Mirzoyan arasında baş verən insident dediklərimizə daha bir sübutdur.

Qeyd edək ki, sentyabrın 18-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirilən “Ermənistan-diaspora” VI ümumerməni forumunda çıxışı zamanı Qarabağətrafı ərazilərin Azərbaycana qaytarılması ilə bağlı müzakirələrin getdiyini açıqlayıb. “Söhbət təhlükəsizlik baxımından nə Qarabağa, nə də münaqişə üçün təhlükə yaratmayacaq ərazilərdən gedir. Detalları açıqlasam, danışıqlar dayanar” deyən Nalbandyan özünü sığortalamağa cəhd göstərsə də, bu sözlər Ermənistanda ciddi rezonansa səbəb olub. İndi həm Ermənistan , həm də Dağlıq Qarabağ erməniləri başa düşürlər ki, ölkə rəhbərliyi Azərbaycanın təzyiqləri altında işğal etdiyi əraziləri boşaltmağa hazırlaşır. Ona görə də öz əhalisini əvvəlcədən buna hazırlamaq istəyir. Artıq ermənilər anlayırlar ki, iş nə yerə çatıbsa Nalbandyan VI ümumerməni forumunda işğal altında saxladıqları Azərbaycan ərazilərinin boşaldılmasından danışır və bunun zərurət olduğunu bildirir. Bu siyasətin məğzini bilən, lakin onun əksinə çıxan

qondarma “DQR”in “XİN rəhbəri” Karen Mirzoyan forumun gedişində  Nalbandyana etiraz edərək, “ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz. Bu,  Qarabağın öz məsələsidir” açıqlamasını verib. Mirzoyanın etirazı Ermənistan hakimiyyətini qəzəbləndirib və onunla xudahafizləşmək qərarına gəlib.  Bu bəyanatlardan bir neçə gün sonra Karen Mirzoyan vəzifəsindən istefaya göndərilib. Təəccüblüdür ki, qərarın qəbul edilməsinə “DQR”in “prezidenti” Bako Saakyan da razılıq verib. Mirzoyanın istefaya bu cür göndərilməsi  həm İrəvanda, həm də Xankəndidə mövcud siyasi gərginliyi bir qədər də artırıb.

İrəvanda nəşr olunan “Jamanak” qəzeti  diplomatik mənbələrə istinadən xəbər verir ki, Mirzoyanın istefaya göndərilməsinin səbəbi ərazilərin qaytarılması məsələsinə qarşı çıxış etməsi olub. Bu, Dağlıq Qarabağ münaqişəsi ətrafında nələrin baş verdiyi sualını yaradır. Sualın isə cavabları çoxdur. Ermənilər sualdan yayındıqca ortaya yeni suallar da çıxır.

Siyasətçilərin və politoloqların fikrincə, bütün bunlar  Ermənistan hakimiyyətində cərəyan edən mövqe müxtəlifliklərindən xəbər verir. Əvvəllər də mövcud olan fikir müxtəliflikləri  2016-cı ilin 2 aprelindən sonra daha da  kəskinləşib.  Açıq görünür ki, indi  hakimiyyətdaxili ziddiyyətlər qarşısıalınmaz həddə çatıb. Bunun nəticəsidir ki, hətta aşağı ranqlı vəzifəlilər də ölkə rəhbərlərinə qarşı çıxırlar. Görünür,  Qarabağ klanı Ermənistan klanının qərarları ilə barışmaq istəmir. Məlumdur ki, bu klanlar Dağlıq Qarabağ hadisələri başlayan gündən biri-birilərinə qarşı mübarizə aparırlar. Qarabağ erməniləri yaxşı bilirlər ki, Ermənistan qoşunları Azərbaycan torpaqlarından və Dağlıq Qarabağdan çıxarılandan sonra tutduqları mənsəbləri itirəcəklər, necə deyərlər, “Bildirçinin bəyliyi darı sovulana qədər olacaq”.

Ermənistan hakimiyyətinin Azərbaycanın yaratdığı gündən-günə artan hərbi və diplomatik gücünə  tab gətirmədiyi şəksizdir. Mövqe mübarizəsində məğlub olan və  təzyiqlər artıqca geri çəkilməkdə olan  rəsmi İrəvan özü yaratdığı  labirintlərdə çaşıb istiqaməti itirir. Labirintlərdən isə yeganə çıxış yolu  işğal etdikləri Azərbaycan torpaqlarından öz işğalçı qoşunlarını geri çəkməkdir. Deyəsən, nəhayət ermənilər bu zərurəti başa düşməyə başlayıblar.