44 günlük haqq savaşımızda Vətənin bütövlüyünü öz canından əziz tutub bu yolda şəhidlik zirvəsinə ucalan minlərlə qeyrətli oğlanlardan biri Kənan İbrahimlidir. Nəsibi şəhidlik zirvəsindən boylanmaq səadəti olan, bütün Azərbaycanın qeyrətli, mərd övladı tək ürəklərdə özünə əbədi yer edən Kənan Azad oğlu Cəlilabad rayonu, Adnalı kəndində dünyaya göz açıb. Ömür yolu 26 il olsa da, xalqı üçün böyük şərəf, iftixar mənbəyinə döndü. Vətən qarşısında xüsusi xidmətləri olan, qəhrəmanlığı ilə dastan yazan Kənanın keçdiyi yol əsl örnək məktəbidir.
Əzəldən qəlbi Vətənə sevdalanan Kənan orta məktəbi bitirib təhsilini Masallı Dövlət Regional Kollecində davam etdirib. Sağlam əqidəsi, amalı, Vətəninə, xalqına sevdalı qəlbi texnikumda ona qısa müddətdə sevgi, hörmət qazandırıb. İstedadlı, hərtərəfli biliyə malik olmaqla tələbələr arasında sayılıb-seçilib. Millətin ağrı-acını, sevincini, yurd təəssübkeşliyini ürəyindən keçirməyi bacaran tələbə oğlan Qarabağımızı işğal etmiş erməni dığalardan qisas almaqdan ötrü alışıb-yanıb. Odur ki, 2017-ci il iyulun 15-də hərbi xidmətə çağırış vərəqəsi alanda ürəkdən sevinib. Əsgərliyi cəbhə bölgəsində keçən Kənan mərd, cəsur, ağıllı bir gənc olaraq tanınıb, xidmət boyu peşəkar minomyotçuya çevrilib. Vətəni, doğma torpağını canından əziz tutmaqla borcunu ləyaqətlə yerinə yetirib. Kənan 2019-cu ildə üzüağ əsgərlikdən geri qayıdıb və tələbəlik həyatına başlayıb. Amma düşməndən alacağı öcə hazır durub, əsir Qarabağımızın azadlığı naminə son damla qanına qədər düşmənlə döyüşüb şəhid olmağı belə özünə şərəf sayıb...
2020-ci il sentyabrın 21-də Kənan İbrahimliyə ikinci çağırış gəlib. Başa düşüb ki, bu dəfə işğal altında olan Vətən torpaqlarını azad etməyə gedir. Belə də olub, illərlə arzuladığı məqam yetişib. 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində Cəbrayılın, Füzulinin və Xocavəndin alınmasında gedən ağır müharibədə xüsusi hünər göstərib. Necə deyərlər, doğma Azərbaycanın daşına, torpağına olan ilahi sevgisini döyüşə qatıldığı ilk gündən göstərə bilib. Azad olunan Vətən torpaqlarına hər dəfə üç rəngli qələbə bayrağımız sancılananda Kənan yağıya qarşı daha amansız vuruşub. Qızğın döyüşlərin birin də düşmənlə üz-üzə gələn Kənan ondan yaşca kiçik olan döyüş yoldaşlarına ürək-dirək verib, hər kəsə yerindən tərpənməməyi tapşırıb. Səngərə çıxıb 4 düşməni məhv etməklə özü də şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın yeni, şanlı tarixinə adını yazan qəhrəman Kənan İbrahimlinin igidliyi dövlət tərəfindən öz layiqli qiymətini alıbdır. O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", Cəbrayılın, Xocavəndin, Füzulinin, Şuşanın azadlığına görə medallarına layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü