26 fevral 2025 23:14
98

Kimi aldadırsan ay...

Yalançı sülh iddiaları: Əslində nə baş verir?

Regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistanın real və səmimi addımlar atması vacibdir. Lakin rəsmi İrəvanın beynəlxalq platformalarda səsləndirdiyi bəyanatlar və atdığı praktiki addımlar arasında ciddi uyğunsuzluq müşahidə olunur. Xüsusilə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının iclasındakı çıxışında səsləndirdiyi fikirlər əslində onun ölkəsinin real sülhə maraqlı olmadığını bir daha ortaya qoyur. Çünki Ermənistanın uzun illər ərzində apardığı siyasət və hazırkı addımları onun sülh prosesinə qeyri-səmimi yanaşdığını göstərir.

Mirzoyanın sözügedən tədbirdə Azərbaycana qarşı irəli sürdüyü ittihamlar, xüsusilə də guya ölkəmizin sülh müqavilənin imzalanmasında maraqlı olmaması ilə bağlı sayıqlamaları tamamilə əsassızdır. Azərbaycan artıq Qarabağda separatizmə son qoyub, ərazi bütövlüyünü bərpa edib və postmünaqişə dövründə bölgədə sülh və sabitlik üçün real addımlar atır. Lakin Ermənistan tərəfi hələ də beynəlxalq platformalarda yalan məlumatlar yaymaqla, keçmişdə törətdikləri müharibə cinayətlərinə haqq qazandırmaqla məşğuldur. Mirzoyanın 1991-ci il Almatı Bəyannaməsinə istinad etməsi də absurddur. Əgər Ermənistan həqiqətən də bu Bəyannaməyə sadiq olsaydı həmin dövrdə Azərbaycanın 20 faiz torpağını işğal etməzdi. O dövrdə Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymayaraq Azərbaycan ərazilərini işğal etdi, nəticədə yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşdü. Mirzoyanın "Ermənistan regionda sülh və sabitliyə sadiqdir" iddiası isə tamamilə gülüncdür. Əgər Ermənistan doğrudan da sülh istəyirdisə, niyə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra belə revanşist siyasət yürüdür? Niyə Azərbaycan ərazilərində mina terrorunu davam etdirirdi, separatçıları dəstəkləyirdi? Ermənistanın sülh danışıqlarını sadəcə vaxt qazanmaq və beynəlxalq ictimaiyyətdə saxta imic formalaşdırmaq məqsədilə manipulyasiya etməsi bu gün heç kimə sirr deyil.

Mirzoyanın qeyd etdiyi "sülh müqaviləsi, nəqliyyat infrastrukturunun açılması, silahlanmaya qarşılıqlı nəzarət" kimi məsələlər də erməni tərəfinin manipulyasiyasının bir hissəsidir. Azərbaycan artıq regionda nəqliyyat əlaqələrinin açılması üçün konkret təkliflər irəli sürüb, lakin Ermənistan bu prosesdə süni maneələr yaradır. Silahlanmaya nəzarət məsələsinə gəldikdə isə Ermənistan uzun illər Azərbaycan torpaqlarında qeyri-qanuni hərbi birləşmələr saxlayırdı və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində onların bu cəhdləri iflasa uğradı.

Bu gün Paşinyan hakimiyyətinin özünü "sülh göyərçini" kimi təqdim etməsi sadəcə bir siyasi oyundur. Əgər onlar doğrudan da sülh istəyirlərsə, gərək real addımlar atsınlar. Yəni, Azərbaycan əleyhinə təxribatları dayandırsınlar, sülh müqaviləsini uzatmadan imzalasınlar, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə mane olmasınlar və regionda sabitliyə qarşı təxribatçı ritorikadan əl çəksinlər. Lakin bunun əvəzinə erməni tərəfi müxtəlif beynəlxalq platformalarda manipulyativ çıxışlar edərək məsuliyyətdən yayınmağa çalışır.

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması A.Mirzoyanın məlum çıxışı ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, erməni nazir A.Mirzoyanın ölkəsinin 1992-ci il fevralın 25-26-da törətdiyi Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə təqsirli bilinənlərin işi üzrə ədalət mühakiməsinə xələl gətirməyə çalışması soyqırımı qurbanlarının ruhuna hörmətsizlikdir. Qeyd olunub ki,  A.Mirzoyanın Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldırması və BMT-nin insan hüquqları mexanizmlərini bu məsələyə cəlb etməyə çalışması isə növbəti riyakarlıqdır. Ermənistanın insan hüquqları sahəsində üzərinə düşən əsas vəzifəsi ərazisindən zorla çıxardığı Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.

“Tez-tez 1991-ci il Almatı Bəyannaməsinə istinad edən Ermənistan hökumətinin diqqətinə çatdırmaq istərdik ki, Ermənistan həmin bəyannaməni imzaladıqdan sonra Azərbaycana qarşı hücumlarını daha da genişləndirərək ölkənin 20 faizini işğal edib və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Sülh hansısa sənədə istinad etməklə deyil, konkret addımlar atmaqla əldə olunur. Ermənistanın sürətlə silahlanması və maneəsiz tranzitə şərait yaratmaq öhdəliyini yerinə yetirməməsi sülhə xidmət etmir. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hökuməti sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı deyil”, - deyə bəyanatda vurğulanıb.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən qeyri-konstruktiv siyasətinə son verməyi, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmağı və sülh üçün üzərinə düşən addımları atmağı tələb edib.

Ümumiyyətlə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışında Qərbi Azərbaycandan zorla qovulmuş yüzminlərlə azərbaycanlının hüquqları barədə heç bir fikrə yer verilməməsi bu ölkənin beynəlxalq hüquqa münasibətdə birtərəfli və manipulyativ yanaşmasını bir daha ortaya qoyur. Halbuki, azərbaycanlıların doğma yurdlarına qayıtmaq haqqı beynəlxalq hüququn fundamental prinsipləri ilə təsbit olunmuş mütləq hüquqlardan biridir. İnsan Hüquqları Ümumi Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və digər mühüm sənədlərdə bu hüquq açıq şəkildə öz əksini tapır.

Tarixi ədalətin bərpası təkcə qayıdışla yekunlaşmır, həmçinin mədəni irsin qorunmasını da əhatə etməlidir. Ermənistan ərazisində yüzlərlə azərbaycanlılara məxsus məscid, qəbiristanlıq, tarixi abidə və digər mədəni irs nümunələri məhv edilib və ya təhqir olunub. Halbuki, mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, eyni zamanda, fundamental insan hüquqlarının bir hissəsidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində mədəni hüquqların, yəni, insan yaradıcılığının müxtəlif formalarının qorunması və inkişaf etdirilməsi əsas prinsiplərdən biri kimi qəbul edilib. Ermənistan qayıdış prosesi baş verməzdən əvvəl, qayıdış zamanı və sonrakı dövrdə bu hüquqların təmin olunması üçün konkret addımlar atmalıdır. Bu istiqamətdə beynəlxalq təşkilatlar, xüsusilə UNESCO mədəni irsin bərpası və qorunması prosesinə yaxından nəzarət etməli, Ermənistanın bu sahədəki öhdəliklərini yerinə yetirməsinə dair müvafiq mexanizmlər tətbiq edilməlidir. Bütün bu məsələlər təkcə tarixi ədalətin bərpası deyil, həm də beynəlxalq hüququn aliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistanın manipulyativ yanaşmalarına baxmayaraq beynəlxalq ictimaiyyət azərbaycanlıların fundamental hüquqlarını tanımalı və bu istiqamətdə konkret addımlar atmalıdır. Qərbi azərbaycanlıların qayıdış hüququ mütləqdir və bu hüququn reallaşması üçün beynəlxalq qurumların real dəstəyi təmin edilməlidir.

Nigar Orucova, “İki sahil”