Haylar artıq aclar və yalavaclar ölkəsində yaşamaq istəmirlər
İndiki reallıq belədir ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən xeyli vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də özünə gəlmək iqtidarında deyil və burada sosial-iqtisadi böhran siyasi böhranı da sürətləndirir. Bu gün haylarda öz ölkəsinə və hökumətinə qarşı ciddi inamsızlıq hökm sürür. Hətta Ermənistan rəhbərliyi də anlayır ki, bu inamsızlığın qarşısını almaq üçün həm diplomatik, həm də iqtisadi sahədə ciddi uğurlar qazanmalıdır. Əks təqdirdə xarici havadarlarına, ermənipərəst ölkə başçılarına güvənərək onlardan dəstək almaq heç bir nəticə verməyəcək.
Hayastanın düşdüyü mürəkkəb vəziyyətdən çıxması üçün bir yolu var. Bu, qalib Azərbaycanın haqlı və ədalətli şərtləri ilə razılaşaraq qısa müddətdə sülh sazişini imzalamaqdır. Eyni zamanda bu, hayların indiki təcrid vəziyyətindən xilas olub dinc inkişaf mərhələsinə keçid edə bilmələri üçün də vacibdir. Axı hazırda geopolitik proseslər də tamamilə Ermənistanın əleyhinə işləyir. Düzdür, düşdükləri ağır duruma bir az ağılla yanaşan bəzi ermənilər birmənalı şəkildə etiraf edirlər ki, ölkələri üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından birdəfəlik əl çəkmək, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək və bunun nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir. Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilmək imkanları var. Artıq haylar yaxşı anlayırlar ki, hər il diasporun ianə şəklində verdiyi 30-40 milyon dollarla yaşamaq mümkün deyil.
Hazırda modern bir ölkəyə çevrilmiş Azərbaycandan fərqli olaraq, Ermənistan hələ də yüksək texnologiyalara əsaslanan iqtisadi modeldən məhrumdur. Maliyyə böhranı üzündən bu ölkənin yüzlərlə sənaye müəssisəsinin qapılarından qıfıllar asılıb. Həmçinin Rusiya ilə aralarında yaranan ziddiyyətlərə görə də iqtisadi geriləmələr davam edir. Belə ki, keçmiş müttəfiqi ilə iqtisadi və siyasi əlaqələri pozulduğuna görə Ermənistandakı çoxsaylı Rusiya müəssisələri də buradakı işlərinə son verməyə başlayıblar. Xüsusən ölkədə kənd təsərrüfatı aqreqatlarının və texniki qurğuların yoxluğu, gübrələrin kasadlığı, benzin və su qıtlığı səbəbindən yüz min hektarlarla torpaq əkin dövriyyəsindən çıxarılıb. Erməni saytlarının yazdığına görə, bu il hər fermerə cəmi 32 dollar pul ayrılmışdır ki, həmin cüzi qəpik-quruşla da fermerlərin öz təsərrüfatlarını ayaq üstə qaldırmaları imkan xaricindədir.
Ölkəni öz ağuşuna almış işsizlik, aclıq və yoxsulluq üzündən gənclər arasında cinayətkarlıq və oğurluq kimi kriminal hadisələr, ümidləri dalana dirənib sabaha inamlarını tamamilə itirmiş yaşlı insanların intihar halları ən yüksək həddə çatıb. Əksər ərzaq məhsullarının qiymətlərinin 40-50 faiz bahalaşdığı bir ölkədə gündəlik gəliri aşağı olan vətəndaş üçün yaşamaq dözülməz hala gəlib. Elə buna görə də hər il iqtisadi böhrandan qurtulmaq üçün 30 min nəfərdən artıq erməni vətəni birdəfəlik tərk edir. Erməni sosioloqlarından birinin fikrincə, vətəndaşını bir doyumluq çörəyə möhtac qoyan ölkəyə vətən deyilməz.
Daha bir faktı diqqətə çatdıraq. Beynəlxalq Valyuta Fondunun hesabatlarına görə, Ermənistana əcnəbi ölkələrdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən bir neçə dəfə çoxdur. Əhalinin əksəriyyəti xaricdəki qohumlarının göndərdiyi maddi yardımlar hesabına yaşayır. Əgər Ermənistan bir dövlət, onun əhalisi bir xalq kimi bu günədək ağır iqtisadi böhrana duruş gətirə bilibsə, bunun üçün xaricdəki diasporlarına minnətdar olmalıdır. Əlbəttə, bizim atalar məsəlində deyildiyi kimi, qonşuya ümid olan şamsız qalar. Əslində, son bir neçə ildə erməni diasporu Nikol Paşinyan hakimiyyətinə olan antipatiyası səbəbindən yardımlarının həcmini də azaldıb.
Ermənistan Dövlət Statistika Agentliyinin məlumatına görə, son 4 ildə ölkəni birdəfəlik tərk edənlərin sayı 50 minə çatıb. Eyni zamanda, məlumatda qeyd edilir ki, 2021 -2023-cü illərdə ölkə vətəndaşlarının hər 4 nəfərindən biri yoxsuldur. Buna görə yoxsullar ölkə əhalisinin 35 faizini, təxminən 1 milyonunu əhatə edir. Belə bir çıxılmaz vəziyyətdə qalan Nikol Paşinyan hakimiyyətinin ölkəsindəki nüfuzu isə təbii ki, gündən-günə aşağı düşür.
Ölkə iqtisadçılarının fikrincə, yoxsulluğun qarşısının alınması üçün 69.2 milyard dram (134.5 milyon dollar) lazımdır ki, bu da ÜDM-in 1, 2 faizini təşkil edir. Ermənistan kimi kiçik və kasıb ölkə üçün bu, olduqca böyük rəqəmdir. Qeyd edək ki, Ermənistanın 2014-2025-ci illər üçün Strateji inkişaf perspektivi proqramında hökumət yoxsulluq həddini 24 faizə endirməyi planlaşdırsa da, mövcud iqtisadi durum bunun mümkün olmayacağını göstərir.
Hayastandakı iqtisadi və sosial tənəzzülün digər göstəricisi isə ölkənin xarici və daxili borcunun davamlı olaraq artmasıdır. Bu ölkənin 2024-cü ilin dekabr ayının sonuna ümumi dövlət borcu cəmi 12 milyard 842 milyon dollardır. Bunun 6 milyard 454 milyon dolları Ermənistanın xarici dövlət borcu, 6 milyard 388 milyon dolları isə daxili borcudur. 2023-cü ilin sonu ilə müqayisədə, yəni bir il ərzində ümumi dövlət borcu təxminən 997 milyon dollar və ya 8,4 artıb. Erməni iqtisadçılar həyəcan təbili çalaraq xarici və daxili borclanmanın artıq risk həddini keçdiyini bildirirlər. Onlar etiraf ediblər ki, ötən illər ərzində alınan kreditlər heç bir sahədə səmərəli yatırıma xərclənmədiyi üçün yeni inkişafa təsir göstərməyib.
Rəqəmlərdən və faktlardan da göründüyü kimi, ölkəmizə qarşı revanşist hisslərlə yaşayan hayların bundan sonra da heç bir inkişaf perspektivi yoxdur.
Elçin Zaman, «İki sahil»