09 iyul 2025 00:53
115

Qərbi Azərbaycan etnotoponimikası: Böyük Qayıdışa elmi töhfə

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımızın Vətən müharibəsindəki möhtəşəm və şanlı qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış Proqramı həyata keçirilməyə başlanmışdır. Bu məsələnin uğurla həllindən sonra artıq azərbaycanlıların əzəli vətəni olan Qərbi Azərbaycana Qayıdış missiyası da özünün aktuallığı ilə diqqət mərkəzinə gəlmişdir. Məhz bu milli missiyamızın həyata keçirilməsi mücadiləsində bütün sahələrin adamları ilə bərabər, elmi ictimaiyyətin də üzərinə vacib, əhəmiyyətli vəzifələr düşür. Qərbi Azərbaycana qayıdış missiyası əsasında elmi töhfələrdən biri olaraq filologiya elmləri doktoru, professor Könül Səmədovanın müəllifi olduğu “Qərbi Azərbaycan etnonimlərinin arealları” adlı əsəri də yüksək dəyərləndirmək olar. Monoqrafiyanın elmi redaktoru Qərbi Azərbaycan İcmasının aparıcı nümayəndələrindən olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovadır. Əsərin çapına professor İbrahim Bayramov, professor Aslan Bayramov, dosent Könül Həsənova, Qərbi Azərbaycan ziyalılarından olan Mirzə Hüseynov rəy vermişlər. Əsərin ilk səhifələrində bütün həyatını Azərbaycanın birliyi, bütövlüyü və müstəqilliyi yoluna həsr edən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Ulu Öndərin müdrik  vəsiyyətini reallaşdıran, Azərbaycanı yeni dünyaya suverenliyi, güclü dövlətçiliyi və qüdrətli diplomatiyası ilə daşıyan, Azərbaycanın şanlı Zəfərinin müəllifi cənab Prezident İlham Əliyevin mövzu ilə əlaqədar müdrik fikirləri yer almışdır.

Əsərdə diqqət çəkən nüanslardan biri onun Azərbaycan elmi və ictimai fikrinin görkəmli nümayəndələrindən olan professor və ictimai xadim Həsən Mirzəyevin əziz xatirəsinə ithaf olunmasıdır. Professor Həsən Mirzəyev məşhur “91-lər”dən biri olmaqla bərabər, Azərbaycan elminin fəxrlə bəhs etdiyi böyük dilçi alimlərindən, özü də Qərbi Azərbaycandan olan alim-ziyalılarından biri, həm də ağsaqqalı idi. Professor Həsən Mirzəyev, həmçinin Qərbi Azərbaycan toponimiyası, tarixi, mədəniyyəti, etnoqrafiyası, ədəbiyyatı və s. istiqamətlərini araşdıran ustad müəlliflərdəndir. Professor Mahirə Hüseynova kitabın “Ön söz”ündə də yazıldığı kimi, “Müasir dövrdə Ermənistan ərazisindəki türk mənşəli etnotoponimlərin tədqiqi daha vacib məsələ olub, təkcə elmi aktuallığı ilə deyil, siyasi əhəmiyyəti baxımından da son dərəcə vacibdir. Onomastik vahidlər, xüsusən də etnotoponimlər dil tarixi ilə bağlı qiymətli mənbədir. Onlar xalqın qədim yaşayış məskənini müəyyənləşdirmək, bu ərazidə baş vermiş  ictimai-siyasi hadisələri qiymətləndirmək, həmin hadisələrin səbəb və köklərini aydınlaşdırmaq, həqiqəti üzə çıxarmaq üçün  faktlar kimi dəyərlidir”. Bu baxımdan 581 səhifəlik genişhəcmli və rəsmli bu əsər Qərbi Azərbaycana qayıdış aktının aktuallıq qazandığı bir zamanda özünün elmi və ictimai əhəmiyyəti ilə xüsusi rəğbət qazanır. Əsərin əvvəlində yer almış Qərbi Azərbaycanın Dərələyəz elindən olan  şairə Mahirə Nağıqızının “Keçəydim” başlıqlı şeirinin məzmununda da bütövlükdə Azərbaycan xalqının, qərbi azərbaycanlıların doğma vətənə qayıdış haqda ümid və inamları əks olunmuşdur.

Haqqında bəhs olunan monoqrafiya üç fəsildən ibarətdir. Əsərin birinci fəslində ümumi şəkildə Ermənistan adlı dövlətin ərazisinə çevrilmiş əzəli Azərbaycan torpaqlarında türk mənşəli etnotoponimlərin mənzərəsi yaradılmışdır. Müəllif əsərin bu fəslində ciddi və çoxsaylı mənbələrə istinadən hazırda Ermənistan ərazisi olan əzəli Azərbaycan torpaqlarında mövcud genonim və etnotoponimlər  barədə danışaraq onların mənzərəsini yaratmağa çalışmışdır. Alim məhz bu etibarlı mənbələrin və aparılan ciddi elmi təhlillərin nəticəsi olaraq ümumiləşdirərək təqdim etmişdir ki, “Qərbi Azərbaycan ərazisinin müasir toponimiyasındakı 4600-dən çox olan coğrafi adın təxminən 70 faizi tayfa və ya tayfa başçıları adları ilə bağlı meydana gəlmişdir” (s.41). Bu və bu kimi yüzlərlə tədqiqat və elmi tezislər bir daha təsdiq edir ki, türkmənşəli toponimlərin əsasını daha çox etnotoponimlər təşkil edir: müəyyən yer, ərazi, yurd adları  türk tayfa adları ilə bağlı olmuşdur.  Hətta bu günə qədər çox uğursuzca saxtalaşdırılaraq erməniləşdirilməyə çalışılmış bir sıra yer adlarının tərkibində türk mənşəli leksik vahidlərdən utanmazlıqla istifadə edilmişdir. Bunun da bir səbəbi erməni dilinin leksik tərkibinə qatılmış məhz türk söz və ifadələri ilə əlaqədar olmasındadır. Ermənilər tərəfindən türk dilindəki söz və ifadələrin alınıb işlənməsi, səthi dəyişikliyə məruz qalmasına baxmayaraq, türkmənşəliliyini qorumuş və aydın şəkildə nümayiş etdirmişdir. Müəllif müəyyən elmi metod və üsullara söykənərk toplanılan türkmənşəli etnotoponimlərin  onomastikonunu konkret siyahı şəklində təqidm etmişdir. Müəllifin göstərdiyi faktlara əsasən, Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində minlərlə türkmənşəli toponim, o cümlədən Abana, Abaran, Abdallar, Avan, Avaran, Abnik, Avdal, Ağdan, Avşar, Ağvanı, Azaklar, Aydınlı, Aynalı, Ayrım, Aran, Axıs, Axta, Aşağı Qaraqoyunlu, Baburlu, Bayan, Bayat, Batar, Becini, Bəydili, Bəlqər, Bozcalı, Qavar, Qaqauz, Qayalı, Qanlı, Qanlıca, Qazançı, Qarabağ, Qaradağlı, Qaraqoyunlu, Qaralar, Qarğalı, Qıpçaq, Qurtlar, Əlincə, Zoğallı, İydəli, İlanlı, Yaycı, Kayalı, Kəmərli, Muğanlı, Sallı, Sarvanlar və başqa bu səpkidən olan yüzlərlə toponim göstərilmiş və tədqiq edilmişdir.

Əsərin ən əsas, ciddi və təhlil ağırlıqlı hissəsi ikinci fəsildir. “Qərbi Azərbaycanın türk mənşəli etnotoponimlərinin areallıq xüsusiyyətləri və yayılma arealları” adlanan bu fəsildə “Aban, Abar, Abbas, Abdal, Ayrum, Əfşar, Bayandur, Bayat, Kazan, Karkın, Kabar, Qaşqar, Kuşi, Kuyərçi, Muğan, Çul” əsaslı etnotoponimlər ayrı-ayrı paraqraflar daxilində elmi cəhətdən tədqiq və təhlil edilmişdir. Əsərdə heç bir təəssübkeşliyə yol verilmədən yalnız real faktlar və elmi arqumentlər əsasında fikir və nəticələr çıxarılmış, tezislər səsləndirilmişdir.

Əsərin üçüncü fəslində qeyd edilən türkmənşəli etnotoponimlərin struktur, fonetik, leksik-semantik və qrammatik xüsusiyyətləri araşdırılmışdır ki, bu da sözlərin mənşə, etnogenez etibarilə mənsubiyyətinə qərar vermək baxımından qəbul edilmiş elmi üsul və ya metoddur. Məhz bu təhlillər vasitəsilə birmənalı şəkildə sübut və təsdiq olunur ki, adları çəkilən, haqlarında bəhs edilən etnotoponimlər məhz linqvistik xüsusiyyətlərinə, etnogenetik əlamətlərinə görə türkmənşəlidir və Azərbaycan xalqına aid yer-yurd adlarıdırlar.

Monoqrafiyanın əhəmiyyətini artıran, onun ictimai təsir gücü və beynəlxalq əhəmiyyətini yüksəldən faktorlardan biri onun müxtəlif dilləri əhatə etməsindədir. Burada materiallar türk, rus və ingilis dillərində də təqdim edilərək oxuculara çatdırılmışdır. Bu da imkan vermişdir ki, ciddi elmi tezislərlə zəngin olan monoqrafiyanın yayılma arealı daha da genişlənsin, dil, xalq və ölkə miqyası etibarilə daha geniş oxucu kütləsi və ölkəni əhatə etməyə müvəffəq ola bilsin. Əsərin sonunda yığcam, rəngli şəkillərlə Qərbi Azərbaycan ərazisində olan bir sıra yer-yurd adlarının yer alması və izahedici şəkildə təqdim edilməsi əsərin təbliğati gücü və elmi əhəmiyyətinə daha da qüvvət qatmışdır. Burada müəllif erməni mənbələrinin saxtalaşdıraraq ermənimənşəli olaraq təqdim və təhlil etməyə, ictimaiyyətə sırımığa çalışdıqları bəzi əhəmiyyətli toponimlərin türkmənşəlilik xüsusiyyətlərini oxucuların diqqətinə çatdırmışdır. Qoşavəng monastrı, Dədəli körpüsü, Ağudi abidəsi, Yenivəng monastrı, Gərni qalası qalıqları, Çırpılı karvansarayı, Sivəng qalası, Qanlıca məbədi, Ağbat məbədi, Tatev məbədi, Ələyəz kilsəsi, Üçkilsədəki Arman-türk məbədi və başqa tarixi-mədəni əhəmiyyətli abidələr haqda şəkillər əsasında izah və şərhlər verilmişdir.

Əsər Azərbaycan elmi ictimaiyyəti üçün əhəmiyyəti və töhfələrilə nəzər diqqəti cəlb edir. Əsər həm mütəxəssislər – dilçi və tarixçi alimlər, tələbələr, müəllimlər üçün, həm də geniş oxucu kütləsi üçün əhəmiyyətə malikdir. Çünki bu əsərdə məhz Vətən haqqında, Ermənistanda qalan vətən torpaqları, abidələri, toponimləri, onomastik vahidləri haqqında bəhs olunmuşdur. Müasir dövrdə Qərbi Azərbaycana qayıdış missiyasının həyata keçirilməsi prosesində elm adamlarının bu sahədə ortaya qoya bildikləri müvəffəqiyyətli addımlardan biri kimi bu əsər xüsusi dəyərə və elmi çəkiyə malikdir.

Zülfiyyə İsmayıl,

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin dosentləri