ABŞ Yəmən husilərinin Qırmızı dənizdə "Magic Seas" və "Eternity C" yük daşıyıcılarına hücumlarını pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, yük daşıyıcılarına hücumlar naviqasiya azadlığına, regional iqtisadiyyatlara və dəniz təhlükəsizliyinə davam edən təhlükəni nümayiş etdirir. Bəyanatda qeyd edilir ki, ABŞ ticarət gəmilərini qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək.
Bundan əvvəl Yunanıstanın "ERT-news" telekanalı husilərin Qırmızı dənizdə Liberiya bayrağı altında Yunanıstanın "Eternity C" yük daşıyıcısına hücumu nəticəsində üç nəfərin öldüyünü, biri rus da daxil olmaqla iki nəfərin yaralandığını bildirib. İyulun 6-da Liberiya bayrağı altında Çindən metal və gübrə daşıyan Yunanıstan yük daşıyıcısı "Magic Seas" isə Hodeydanın cənub-qərbində hücuma məruz qalıb. Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançıları hücuma görə məsuliyyəti öz üzərinə götürüb.