"Qazaxıstan Dəmir Yolları" SC (KTJ) və "Çin Dəmir Yolları" Dövlət Korporasiyası (ÇDY) Hərtərəfli Strateji Əməkdaşlıq haqqında Saziş imzalayıblar.
“İki sahil”in KTJ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sənəd " Qazaxıstan Dəmir Yolları"nın İdarə Heyətinin sədri Talqat Aldıbergenov ilə "Çin Dəmir Yolları" Direktorlar Şurasının sədri Qo Çjusyue arasında rəsmi görüş zamanı imzalanıb.
Tərəflər beynəlxalq Avrasiya marşrutlarının, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına, infrastruktur əlaqələrinin yaxşılaşdırılmasına, həmçinin birgə investisiya layihələrinin - dəmir yollarının, logistika obyektlərinin və multimodal terminalların modernizasiyası və tikintisinin həyata keçirilməsinə töhfə verməyə razılaşıblar.
"Xüsusi diqqət konteyner daşımalarının genişləndirilməsinə və beynəlxalq dəmir yolu əlaqələrində müasir rəqəmsal həllərin tətbiqinə yönəldilib", - məlumatda qeyd olunub.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.