Vəli İlyasov |
O gecə Xocalıda zülm ərşə dirənmişdi. Əli silahlı insan ovçuları darmadağın etdikləri gənc şəhərin sakinlərini mühasirəyə alaraq qırmaq üçün bütün bənd-bərələri kəsmişdilər. Şaxtanın qılınc kimi kəsdiyi zülmət gecədə isti ocağını atıb canlarını labüd ölümdən qurtarmağa çalışan xocalılılar gecənin qaranlığında hara üz tuturdularsa güllə ilə rastlaşırdılar. Qarlı-buzlu meşəliklərdə və təpəliklərdə tez-tez istiqaməti dəyişməli olan adamlar axırda Ağdama aparan səmti itirib hara gəldi, getdilər.
Altmış-yetmiş nəfərlik belə dəstələrdən biri qəflətən erməni dilində danışıq səsləri eşidib dayandı. İrəlidə gedərək bələdçilik edənlər təpənin ətəyində dəstəni saxlayıb səs-səmir salmamağı, qayaların arxasında gizlənməyi və ermənilərin getməsini gözləməyi tapşırdılar. Silahlı quldurlar siqaret çəkə-çəkə öz aralarında yeyin-yeyin söhbət edirdilər. Aşağıdakı xocalılılar isə soyuqdan donsalar da səslərini çıxarmırdılar. Birdən Müşkünazın dörd aylıq qızı qığıldayıb süd istədi. Ana uşağın ağlayacağını hiss edib əllərini onun boğazında çarpazladı...
Sonralar Müşkünaz bildirib ki, uşağın səs salıb adamları ələ verəcəyindən qorxdum və körpəmi öz əllərimlə boğdum. Zənn etdim ki, öldü. Çünki uşaq sustaldı və səsi kəsildi. Nəhayət, ermənilər uzaqlaşdılar, biz yenə yolumuza davam etdik. Ancaq hara getdiyimizi bilmirdik.
İstiqaməti itirən xocalılılar səhər açılanda yaxında bacalarından göyə tüstü millənən bir kənd gördülər. Şaxta uşaqları, qocaları, xəstələri elə əldən salmışdı ki, ölməmək üçün məcbur qalıb ermənilərin yaşadıqları Dəhraz kəndinə girdilər. Silahlı ermənilər bir göz qırpımında onları mühasirəyə alıb kəndin ortasında sıraya düzdülər. Qara meşin pencəkli, sinəsində avtomat silah -görünür yaraqlıların komandiri idi-ucaboylu erməni təhdidlə tələb etdi ki, kimdə qızıl, pul və qiymətli əşya varsa gətirib təhvil versin. Bu soyğunçuluqdan sonra əsirləri köhnə ferma tövləsinə salaraq onlara qaynar su və bir ovuc qovrulmuş taxıl verdilər.
Müşkünaz Səfərova yana-yana danışır ki, fermada uşağın qımıldandığını hiss etdim. Sevindim ki, o sağdır, mən övlad qatili olmamışam.
Görünür, əsir xocalılıların qadın, uşaq və qocalar olduğunu görən yerli ermənilər onları öldürmək istəməyiblər. Onları silah altında Ağdamın Abdal Gülablı kəndi yaxınlığına qədər gətirib orada sərbəst buraxıblar. Onları qarşılayan kənd camaatı evlərinə aparıb isti yemək və çay veriblər, qayğı göstəriblər.
Müşkünaz Səfərova öz həyat tarixçəsini bizə lap qısa tərzdə belə danışdı:
-Elmarla ailə qurmuşduq. O, polis əməkdaşı idi. Xoşbəxt günlər yaşayırdıq. Övladımız dünyaya gələndə sevincimizin həddi-hüdudu yox idi. Hər ikimiz onun adını böyük fəxrlə Salatın qoyduk. Dedik qoy o da böyüyüb jurnalist Salatın Əsgərova kimi Vətənini sevən bir övlad olsun. Lakin bu xoşbəxtlik uzun sürmədi, 1992-ci il fevralın 25-də hər şey alt-üst oldu. Elmar əhalinin salamat çıxarılması üçün yoldaşları ilə ermənilərlə döyüşə gedəndə mənə tapşırdı ki, qonşulara qoşulub mühasirədən çıxım. Sonra xəbər tutdum ki, döyüşdə həlak olub.
Müşkünaz Səfərova balaca Salatınla erməni əsirliyindən təsadüfən sağ çıxandan sonra Ağdama, oradan isə Bakıya gələrək Şüvəlandakı keçmiş istirahət evlərindən birində məskunlaşıb. İndi Salatın iyirmi altı yaşındadır. Hər ikisi doğma şəhərlərinin azad olunacağı günü səbirsizliklə gözləyir.