Rafiq Mahmudov: Gənclər evliliyə yalnız “toy günü” və “bal ayı” gözü ilə baxmamalıdır
Əgər ailədə fikir ayrılığı yaranırsa, bu, dərhal ayrılıq səbəbi olmamalıdır
Ailə cəmiyyətin əsas dayağıdır və onun möhkəmlənməsi sosial sabitlik və mənəvi dəyərlərin qorunması üçün həyati əhəmiyyət daşıyır. Son illərdə boşanma hallarının artması ailədaxili münasibətlərin zəifləməsinə və uşaqların psixoloji zədələnməsinə səbəb olaraq ciddi çağırışlar yaradır. Mövzu ilə bağlı əsas məqamlara aydınlıq gətirmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudovla həmsöhbət olduq. O, boşanmanın səbəblərini, onların qarşısının alınması yollarını və ailə həyatına hazırlıq üzrə tədbirləri ətraflı şərh etdi.
- Boşanmaya gətirib çıxaran əsas amillər hansılardır?
-Bu gün bir çox cütlüklər bir-birini yetərincə tanımadan, bəzən isə valideynlərin təsiri və ya təzyiqi ilə ailə qururlar. Ailə qurandan sonra ortaya çıxan bir-birinə uyğunlaşma çətinlikləri və ardınca valideyn məsuliyyəti yaranan xəyalların dağılmasına gətirir. Emosional uyğunluğun olmaması, ünsiyyət çatışmazlığı, hörmətin tədricən azalması da münasibətin kökünü sarsıdır. Boşanma problemi bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da aktualdır. Boşanma bütün ailə üzvlərinin, o cümlədən uşaqların psixoloji və emosional vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən bir prosesdir. Statistik göstəricilərə diqqət yetirsək görərik ki, boşananların 50 faizdən çoxunda kişilər üçün yaş həddi 30-40 yaş arası, qadınlar üçün isə 25-35 yaş arasıdır. Boşanmaların əsas səbəbləri ailədə yaşanan psixo-sosial problemlər, xarakterlərin uyğunsuzluğu, qarşılıqlı anlaşmanın olmaması, münaqişələr, pis vərdişlər və məişət zorakılığıdır.
- Bu səbəblərin qarşısını almaq üçün hansı preventiv tədbirlər görülə bilər?
-Bu vəziyyətdən çıxış yolu isə ilk növbədə düşüncə tərzimizin dəyişməsindən keçir. Evlilik təkcə hisslərlə yox, həm də məsuliyyət, səbir, əməkdaşlıq, emosional dəstək üzərində qurulmalıdır. Gənclər evliliyə yalnız “toy günü” və “bal ayı” gözü ilə baxmamalıdır. Onlara ailə həyatının həm gözəl, həm də çətin tərəfləri öyrədilməlidir. Bu baxımdan, cütlüyün nikahdan əvvəl bir-birini tanıması və psixoloji məsləhət xidmətlərindən istifadə edilməsi çox faydalı ola bilər. Gənclər özlərini tanımalı, qarşılarındakı insanın da daxili dünyasına bələd olmalıdırlar. Əgər ailə qurmaq qərarını verirsinizsə, bu, sadəcə sevgidən doğan bir addım deyil, həm də qarşılıqlı əmək və səbir tələb edən ciddi bir məsuliyyətdir. Əgər ailədə fikir ayrılığı yaranırsa, bu, dərhal ayrılıq səbəbi olmamalıdır. Problemlər danışıldıqca, paylaşdıqca həll olunur. Qarşılıqlı empatiya, səbir və hörmət - bunlar ailəni dağılmaqdan qoruyan görünməz qalalardır.
-Sizcə, ailə qurmaq istəyən gənclər hansı psixoloji və sosial hazırlığa malik olmalıdırlar ki, boşanma ehtimalı azalsın?
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edənlərin keyslərini nəzərdən keçirəndə aşkar şəkildə görünür ki, nikaha daxil olarkən bu şəxslər ailə həyatına psixoloji və sosial baxımdan hazır olmadıqları üçün üzərilərinə düşən məsuliyyəti yerinə yetirə bilmir və nəticədə konfliktlər yaranır. Gənclərin ailə həyatına hazırlığını maarifləndirmə və psixoloji diaqnostika olmaqla iki istiqamət üzrə nəzərdən keçirə bilərik. Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na uyğun olaraq, mütəmadi maarifləndirmə işi aparılır. 2024 və 2025-ci ilin 6 ayı ərzində yeni ailə quran və ailə qurmağa hazırlaşan gənclərin iştirakı ilə psixoloji maarifləndirici təlimlər keçirilib. Bu təlimlərdə ümumilikdə Bakı şəhərindən və regionlardan olan yüzdən çox cütlük iştirak edib. Gələn ildən maarifləndirməyə ailə büdcəsinin idarə olunması, uşaqlara qulluq və hüquqi biliklərlə bağlı mövzuların da əlavə olunması nəzərdə tutulur.
Statistikaya görə, nikahın pozulmasının əsas səbəblərindən biri kimi xarakterlərin uyğun olmaması göstərilir. Bu baxımdan, ailə həyatı qurmağa hazırlaşan şəxslərin partnyoru və onunla münasibətlərinin xarakteri, uyumluluğu haqqında məlumatlı olması önəmlidir, bu da psixodiaqnostika sayəsində mümkündür, lakin psixoloji xidmətə müraciət könüllü xarakter daşımalıdır. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13.2-ci maddəsinə müvafiq olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
-Boşanma prosesində ən çox zərər çəkən tərəf uşaqlar olur. Bu məsələdə uşaqların psixoloji müdafiəsi üçün hansı tədbirlər görülür?
- Valideynlərin üzərinə düşən öhdəliklərdən biri də uşaqların yaş və fərdi-psixoloji xüsusiyyətlərini dərindən bilmək, onun düşüncə, davranış və emosiyalarını düzgün istiqamətləndirməyi bacarmaqdır. Boşanma prosesi həm tərəflər, həm də uşaqlar üçün çox həssas bir dövrü əhatə edir. Bir çox boşanma hallarında tərəflər ana və ata olduğunu unudaraq, uşaqlarının psixoemosional vəziyyətini nəzərə almadan onlara sözün həqiqi mənasında travma yaşadırlar. Boşanma prosesləri boyunca ailə üzvlərinin hər birinin psixoloji konsultasiyaya cəlb olunması zəruridir, yaş və psixoloji xüsusiyyətlər nəzərə alınaraq uşaqlara boşanma prosesi mütəxəssis dəstəyi əsasında izah olunmalıdır. Valideynlər və ailənin digər üzvləri ilə (nənə, baba, bibi və s.) bu istiqamətdə profilaktik iş aparılmalıdır. Belə ki, nikahın pozulmasından sonrakı dövrdə də uşaqların valideynlərin birindən aralı düşməsi, tərəflərdən birinin psixoloji təsirinə məruz qalması və ünsiyyət tələbatının ödənməməsi kimi hallar da onda ciddi psixoloji zədələr yaratmış olur. Bu baxımdan valideynlərin, uşaqların uzunmüddətli psixoloji xidmətə yönləndirilməsi mexanizminin olması vacibdir.
Kadr potensialı kifayət qədərdir, lakin ölkədə ailə psixoloji xidmət sahəsinin strukturlaşdırılmasına və əlaqəli şəkildə fəaliyyət göstərməsinə zəruri ehtiyac vardır. Sistemləşdirilmiş fəaliyyət daxilində ailə psixoloqlarının göstərdiyi xidmət sayəsində yuxarıda göstərilən məsələlərin həll yollarını tapmaq, istər ailə həyatına hazırlıq, istərsə də nikahın bağlanması və nikahın pozulması proseslərinə münasibətin dəyişməsi və bu sahədə mədəni davranışın, düşüncənin formalaşmasına nail olmaq mümkündür.
-Ailə institutunun möhkəmləndirilməsi üçün hansı qanunvericilik dəyişiklikləri vacibdir?
- Son illərdə nikaha daxil olma ilə bağlı və ailələrdə məişət zorakılığının qarşısının alınması istiqamətində qanunvericilikdə mühüm dəyişikliklər edilmişdir. Nikah yaşının azaldılması ilə bağlı istisna hallar qanundan çıxarılmış, erkən evlilik və qohum evliliyi qadağan edilmiş, məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi gücləndirilmiş və bu məqsədlə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilmişdir. Hazırda nikaha xitam verilməsi ilə bağlı mexanizmlərin nəzərdən keçirilməsi və təkliflərin hazırlanması üçün aidiyyəti dövlət orqanları ilə işlər aparılır.
Ümumilikdə boşanma üçün müraciət edənlərin əksəriyyəti əsas səbəb kimi xasiyyətlərinin uyğunsuzluğunu göstərsələr də, bunun arxasında digər səbəblər də gizlənilir. Dövlət Komitəsinə daxil olmuş vətəndaş müraciətlərinin təhlili göstərir ki, real səbəblər sırasında sonsuzluq, alkoqollu içkilərə və narkotik maddələrə aludəçilik, bir-birinə psixoloji təsirlərin göstərilməsi, məişət zorakılığı, sosial şəbəkələrin təsiri və sair kimi məsələlər vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Odur ki, ailənin dövlətin xüsusi himayəsində olması ilə əlaqədar müvafiq səmərəli hüquqi tənzimləmə mexanizmlərinin tətbiq edilməsi və mövcud mexanizmlərin təkmilləşdirilməsi zəruri hesab olunur. Yəni dövlət ailələrin qorunması və boşanmaların sayının azalması istiqamətində tədbirlər görməyə maraqlıdır.
Ailə mübahisələrinə yalnız xüsusi təlim keçmiş ixtisaslaşmış hakimlərin baxmasını təmin etmək məqsədilə birinci və apellyasiya instansiyası məhkəmələrində ailə münasibətlərindən irəli gələn mübahisələrə xüsusi təlimlərdən keçmiş və bu sahədə ixtisaslaşmış hakimlər tərəfindən baxılması məqsədə müvafiq olardı. Bu tipli məhkəmə sistemləri bir çox ölkələrdə mövcuddur.
Ailə mübahisələrinin özünəməxsus hüquqi və psixoloji xüsusiyyətlərə malik olması və boşanma hallarının azaldılması üçün məhkəmə proseslərində barışıq mexanizmlərinin geniş tətbiqinə ehtiyac vardır. Məhkəmə sistemində mövcud iş yükünün yüksəkliyi fonunda bu cür mübahisələrə xüsusi yanaşmanın təmin olunmasının zəruriliyini qeyd etmək olar. Boşanma səbəblərinin aşkar edilməsi, bununla əlaqədar boşanmaq istəyən şəxslərə hüquqi, psixoloji, sosial və digər yardımın göstərilməsi məqsədilə dövlət və ya qeyri-dövlət qurumu olan ailə bərpa mərkəzlərinin yaradılması üçün hüquqi mexanizmlərin müəyyən edilməsi məqsədəuyğun hesab edilir. Ailə bərpa mərkəzlərinin fəaliyyət istiqamətlərinə boşanma səbəblərini aşkar etmək və tərəflərə bununla əlaqədar məsləhətlər vermək, boşanmaq istəyən şəxslərə hüquqi yardım göstərilməsini təmin etmək və boşanmaq istəyən şəxslərə psixoloji yardım göstərilməsi kimi məsələlər daxildir.
Beynəlxalq təcrübə göstərir ki, bəzi ölkələrdə ailə mübahisələri ilə bağlı işlərə ixtisaslaşmış hakimlər tərəfindən baxılır. Türkiyədə “Aile mahkemelerinin kuruluş, görev ve yargılama usullerine dair Qanun”un 3-cü maddəsi ilə ailə hakimlərinə dair tələblər də müəyyən edilmişdir. Sözügedən Qanuna əsasən ailə məhkəmələrinə təyinatlar mülki məhkəmə sistemində çalışan, yaşı otuzdan yuxarı, evli və uşağı olan, habelə ailə hüququ ixtisası üzrə aspirantura təhsili almış hakimlər arasından edilir.
Ailə mübahisələrinə ixtisaslaşmış hakimlər tərəfindən baxılmasına dair təcrübə Böyük Britaniya, Almaniya və Avstraliya kimi inkişaf etmiş ölkələrdə mövcuddur. Hazırda bu istiqamətdə Dövlət Komitəsi tərəfindən işlər aparılır.
-Media ailə və məişət mövzularının işıqlandırılması zamanı nələrə diqqət etməlidir?..
- Televiziya kanallarında xüsusilə özəl yayımlanan əyləncəli verilişlərdə Azərbaycan ailə modelinin yanlış təqdim edilməsi, ailədaxili münasibətlərin, həssas məsələlərin işıqlandırılması, ailə institutunu nüfuzdan salan informasiyaların yayımlanması davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilələrin artmasına, hüquq pozuntularının norma kimi təbliğinə, çətin vəziyyətdə olan ailələrin, xüsusilə qadınların mənfi obrazda təqdim edilməsinə, ailə-qohum münasibətlərində olan tərəflərin qarşı-qarşıya qoyulmasına və ailə dəyərlərinin təhrif olunmasına yol açır, insanların psixo-emosional vəziyyətinə neqativ təsir göstərir. Ən başlıcası cəmiyyətin özəyi olan Azərbaycan ailələrinin dağılmasına səbəb olur. Bu cür verilişlərdə mütəmadi olaraq süni şəkildə şoular yaradılır, bir sıra mövzuların müzakirəsi günlərlə davam etdirilir, gərgin şərait yaradılaraq insanların şərəf və ləyaqəti alçaldılır, şəxslərin Konstitusiya ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmır, məişət səviyyəsində söhbətlər aparılır, insanların düşüncəsində milli ailə modeli və onun mövcud vəziyyəti ilə bağlı yanlış stereotip və təsəvvürlər formalaşdırılır. Mediada tez-tez problemli uşaqlarla bağlı fərdi məlumatların yayılması, onların simalarının açıq şəkildə efirdə ictimaiyyətə göstərilməsi, özündən asılı olmayan səbəblərə görə gələcəkdə təhsil aldığı müəssisələrdə qısnamalara məruz qalma ehtimalını artırır və bütün bunların efirdə qeyri-peşəkar aparıcılar tərəfindən həyata keçirilməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun prinsiplərinin pozulmasına gətirib çıxarır.
Təəssüflər olsun ki, bir çox özəl kanallar reytinq qazanmaq məqsədilə məişət zorakılığı ilə bağlı və digər cinayət hadisələrinə dair məlumatları təfərrüatı ilə yaymaqda da maraqlıdırlar. Halbuki “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 6-cı maddəsinə əsasən media subyektlərindən daxil olmuş müraciətlər də məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün səbəbdir. Media subyektləri isə aşkar etdikləri məişət zorakılığı ilə bağlı faktları aidiyyəti dövlət orqanlarına yönəltmək əvəzinə bilavasitə efirdə həmin halların araşdırılması ilə məşğul olurlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də, vətəndaşlar tərəfindən də dəfələrlə bəzi televiziya kanallarında yayımlanan verilişlərin ailələrin və gənclərin, ümumilikdə cəmiyyətin maraqlarına uyğun gəlmədiyi və milli-mənəvi dəyərlərimizə ciddi zərbə vurduğu qeyd edilmiş, bu cür verilişlərin yayımının dayandırılmasının vacib olduğu vurğulanmışdır. Dövlət Komitəsinin sifarişi ilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2400 respondent və 27 ekspert-respondentin iştirakı ilə keçirilmiş sorğunun nəticələrində də yerli televiziya kanallarında nümayiş etdirilən veriliş və proqramların bəzilərinin ailə dəyərlərinə ziyanlı təsiri, nikah, atalıq, analıq kimi sosial institutları nüfuzdan salmaqla cəmiyyətdə təhrif olunmuş təsəvvürlər yarada biləcəyi kimi amillər qeyd edilmişdir. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən jurnalistlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, bu sahədə nöqsanların aradan qaldırılmasına dəstək olmaq üçün mütəmadi olaraq görüşlər, təlimlər və tədbirlər keçirilir.
Beynəlxalq təcrübə göstərir ki, keyfiyyətli sosial xarakterli verilişlərin hazırlanması olduqca vacibdir və belə verilişlərə peşəkar sosial işçilər, psixoloqlar və ekspertlər cəlb olunmalıdır. Gələcəkdə sosial verilişlərdə ictimai əhəmiyyət kəsb edən mövzuların düzgün araşdırılması və müzakirəsi, problemlərin ictimailəşdirilməsi, peşəkar mütəxəssislərin iştirakı ilə şou yaratmadan belə verilişlərin yayımlanması cəmiyyət üçün faydalı ola bilər. Medianın üzərinə düşən ictimai və hüquqi məsuliyyətdən, ailə, uşaq və gender məsələlərinə həssaslıqdan irəli gələrək efir məkanında televiziya verilişləri və yerli istehsal olunan seriallarda təqdim olunan qadın və kişi rolları tərəfindən verilən mesajlara xüsusilə diqqət yetirmək vacibdir. Medianın fəaliyyəti cəmiyyətin fundamental milli dəyərlərilə mübarizə ruhunda olmamalıdır. Gender stereotipləri ilə mübarizə ənənələrlə mübarizə deyil, daha humanist cəmiyyət qurmaq, eyni zamanda müasir həyatın dinamikliyinə uyğun praqmatik yanaşma və həyat strategiyalarına yol açmaq vasitəsi kimi nəzərdən keçirilməlidir.
Media bu məsələdə yalnız informativ deyil, eyni zamanda, formativ rola malikdir. Erkən nikahla bağlı məlumatlar mediada sensasiya xarakterində deyil, məsuliyyətli və məlumatlandırıcı formatda təqdim olunmalıdır. Jurnalistlər mövzuya həssas yanaşmalı, insan hüquqlarını və şəxsi həyatın toxunulmazlığını qorumalıdırlar. KİV nümayəndələri erkən nikah hallarını aşkarladıqları zaman bunu aidiyyəti dövlət qurumlarına bildirməklə ictimai nəzarət funksiyasını yerinə yetirə bilər.
-Komitə olaraq qarşıdakı illər üçün ailələrin möhkəmləndirilməsi və boşanmaların azaldılması istiqamətində hansı strateji planlarınız var?
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə bir sıra təşəbbüslər həyata keçirir. Şəhər və rayonlarda müxtəlif layihələr həyata keçirir, ailə dəyərləri haqqında maarifləndirmə işləri aparır. Komitə, həmçinin ailədaxili zorakılığın qarşısının alınması, qadınların hüquqlarının müdafiəsi və erkən evliliyin qarşısının alınması istiqamətində də davamlı olaraq fəaliyyət göstərir. Bu fəaliyyət həm də normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlıdır.
Amma bu iş yalnız dövlətin və ya bir komitənin işi deyil. Cəmiyyətin hər bir üzvü bu məsələdə məsuliyyət daşıyır. Bir sözlə, yolun sonu boşanma olmasın deyiriksə, yolun əvvəlinə düzgün niyyətlə çıxmalı, bu yolda üzləşəcəyimiz maneələri birlikdə aşmağı öyrənməliyik. Çünki ailə yalnız sevginin deyil, həm də anlayışın, səbirin və birgə mübarizənin nəticəsi olmalıdır.
Erkən evlilik probleminin effektiv həlli kompleks yanaşma tələb edir. Əvvəla, Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq erkən nikahlar qanunla qadağandır və bu istiqamətdə hüquqi mexanizmlər mövcuddur. Lakin qanuni tədbirlərlə yanaşı, sosial maarifləndirmə də vacibdir. Təhsil müəssisələrində erkən nikahın fəsadları ilə bağlı inklüziv tədris modulları hazırlanmalı, valideynlərlə sistemli maarifləndirmə işləri aparılmalı, dini və ictimai liderlər bu prosesə aktiv şəkildə cəlb olunmalıdır.
Bundan başqa, media vasitəsilə insanlara erkən evliliyin fiziki, psixoloji və sosial zərərləri barədə davamlı və emosional təsirli kampaniyalar təqdim olunmalıdır. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və gender məsələləri ilə məşğul olan Qeyri-hökumət təşkilatları (QHT-lər) birgə fəaliyyət göstərməlidirlər.
Yaqut Ağaşahqızı, “İki sahil”