Vəli İlyasov |
Xocalı soyqırımının təşkilatçılarından və icraçılarından olan biri general-polkovnik Seyran Ohanyan Ermənistanın müdafiə naziri vəzifəsindən azad ediləndən sonra siyasətə keçib. Təzəcə topladığı kiçik bir dəstə ilə gələn il Ermənistanda keçiriləcək parlament seçkilərində qalib gəlmək iddiasını gizlətmir. Azərbaycanlılara qarşı misli görünməmiş soyqırım əməliyyatlarının fəal icraçısı, keçmiş general, alaçiy siyasətçi birdən-birə belə bir fikrə gəlib ki, Ermənistan-Azərbaycan münaqişəsi dinc yolla həll oluna bilər. Versiyasını tam reallığı əks etdirən fakt və dəlillərlə də əsaslandırıb. Bildirib ki, qonşu respublikalarla, xüsusən Azərbaycanla normal münasibət Ermənistanın Cənubi Qafqazda reallaşan beynəlxalq layihələrdə iştirakına və iqtisadi inkişafına böyük kömək edə bilər. Ona görə də Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtda sülh danışıqları yolu ilə nizamlanmalıdır. O, erməni mətbuatına deyib ki, Ermənistanın və Dağlıq Qarabağın inkişafı Azərbaycanla münasibətlərin qaydaya salınmasından çox asılıdır. Bunun üçün isə mövqelərin yumşaldılması, barışıq şəraiti və qarşılıqlı etimad mühiti yaradılmalıdır.
Ancaq hər zaman olduğu kimi, yenə də özünün məkrli erməni xislətini gizlədə bilməyən keçmiş hərbçi Dağlıq Qarabağ məsələsində manipulyasiya etməyə çalışır. Necə deyərlər, avazı yaxşı gəlsə də, oxuduğu Quran deyil. Açıq görünür ki, sələflərindən irəli getməyən Seyran Ohanyanın “barışıq konsepsiyasında” Azərbaycandan hansısa güzəştlər qoparmaq əsas məqsəd kimi qoyulur.
Ermənistan rəhbərləri yaxşı bilirlər ki, Azərbaycan münaqişənin həllində əvvəldən bir mövqe tutub və geri addım atmaq niyyətində deyil. Beynəlxalq hüquq normaları və qaydalar Azərbaycanın mövqeyini müdafiə edir, yəni haqq-ədalət qalib gəlməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarmasını tələb edir. Ermənistandan başqa dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmət edir. Hər tərəfdən dalana dirənmiş ermənilər çabalayıb düşdükləri ağır vəziyyətdən çıxmaq üçün tələsirlər. Onlar “seytnota” düşəcəklərindən ehtiyat edirlər. Ona görə də havadarlarının da köməyindən istifadə edərək Azərbaycandan mümkün güzəştlər qoparmaq niyyətindən əl çəkmirlər.
Siyasətdə uğur qazanmaq iddiasında olan Seyran Ohanyan iki xalqın qarşısında duran böyük bir problemi Ermənistanın xeyirinə həll etməklə əbədilik erməni tarixinə düşmək istəyir. Ancaq bu arzu onun gözündə qalacaq.
Azərbaycan xalqı 1992-ci ildə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının batalyon komandiri olan Seyran Ohanyanın Xocalıda yüzlərlə günahsız azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirdiyini heç vaxt unutmayacaq.
Keçmiş əliqanlı cəllad indi “atdan salınıb”. Bu ilin aprel döyüşlərindəki məğlubiyyətə görə cəzalandırılaraq vəzifədən çıxarılıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yüksək vəzifəyə təyinatı da uğursuzluqla nəticələnib. O, uzun illər çiyin-çiyinə işlədiyi adamlardan arxadan zərbələr aldığından sarsılıb və siyasi böhran içərisində vurnuxan müxalifət düşərgəsinə pənah aparıb. Ancaq orada da ona isti münasibət yoxdur. Çünki hər qrup öz korporativ maraqlarını güdür, başqasını əhatə dairəsinə yaxın buraxmır. Ona görə də özü partiya yararmağa girişib və hələlik başına kiçik bir dəstə yığa bilib. İndi Ohanyan siyasətçi kimi ilk addımlarını atmaq istəyir, ancaq onda heç nə alınmır və heç vaxt heç nə alınmayacaq.