Vəli İlyasov |
və ya ermənilərin niyyətləri başlarında çatlayır
Bəli, Ermənistan prezidenti Serj Sarkisyan öz ölkəsində indi əfəl imicli şəxs kimi tanınır. Parlament seçkiləri yaxınlaşdıqca o, qələbə qazanmaq üçün bu imicdən can qurtarmağa çalışır. Ona görə də digər bəsit siyasi gedişlərlə bərabər, həm daxili vəziyyəti sakit saxlamağa, həm də cəbhədə gərginliyi daha da artırmağa qərar verib. Bu günlərdə Sarkisyan bildirib ki, Azərbaycanla müharibə başlaya bilər. Azərbaycanla müharibədən çəkinən Ermənistan prezidentinin sözləri sırf daxili auditoriya üçün hesablanıb. Bununla da seçkilərə qoşulmuş çoxsaylı rəqiblərinin gözünü qorxutmaq üçün mesaj göndərib ki, yerlərində sakit otursunlar.
Sarkisyanın “planı” ilə təmas xəttində törədilən toqquşmalar isə onun üçün heç bir sevindirici nəticə vermir. 2016-cı ilin aprelindən indiyədək aparılan məhəlli döyüşlərin hamısında Ermənistan silahlı qüvvələri ciddi müqavimətlə rastlaşaraq ağır itkilər veriblər. Üzbəüz döyüşlərdə məğlubiyyətə uğrayan ermənilər bunun qisasını yaşayış məntəqələrimizdəki dinc əhalidən çıxmaq kimi alçaq yollara əl atırlar. Əlbəttə, bu təzə üsul deyil, onlara ata-babalarından keçən irsi namərdlik və alçaqlıqdır.
Erməni vandalları bütün təmas xətti boyu mövqelərimizlə bərabər kəndlərimizi də iriçaplı silahlarla atəş altında saxlayır. Əvvəllər təmas xəttinə yaxın kəndlərdə ölən və yaralananlar olurdu, evlər dağıdılırdı, traktorlar, maşınlar vurulub sıradan çıxarılırdı. Tərtərin Qapanlı kənd tam orta məktəbinin binasına dəyən güllələrin və mərmi qəlpələrinin “yaralarını” saymaqla qurtarmaz. Ancaq müəllim və şagirdlər bir gün də olsa məktəbdən qalmırlar. Çünki onlar artıq belə vəziyyətə öyrəşiblər. Son günlərdə bu istiqamətdə artilleriya hazırlığını gücləndirsələr də müdafiəmiz düzgün təşkil olunduğundan zərər cüzi həddə olur.
Qapanlı ilə bərabər Göyarx, Borsunlu, Qarağacı, Qaradağlı və digər kəndlərdə əkin sahələrində gündüzlər iş görmək qeyri- mümkündür. Düşmən snayperləri gördükləri insanları və texnikanı dərhal atəşə tuturlar. Ordumuzun ayıqlığı-sayıqlığı nəticəsində hələlik heç bir bədbəxt hadisə baş verməyib.
Qeyd etmək lazımdır ki, belə hadisələr Tərtər bölgəsində saysız-hesabsızdır. Ancaq bunlar nəinki yerli əhalini qorxudur, əksinə tərtərlilərdə azğın düşməndən qisas almaq ruhunu daha da gücləndirir. Qaradağlı kəndinin sakini, üçüncü qrup Qarabağ müharibəsi əlili Şəmsi Qasımov bildirir ki, iki oğlundan böyüyü hərbi xidmətini başa çatdırıb, kiçik oğlu isə bu ilin payızında hərbi xidmətə gedəcək. Özü 1993-cü ilin Ağdərə döyüşlərində kontuziya almasına baxmayaraq indi də lazım gələrsə oğulları ilə çiyin-çiyinə erməni işğalçılarına qarşı vuruşmağa hazır olduğunu söylədi. Keçmiş döyüşçü onu da əlavə etdi ki, Azərbaycan Ordusu birinci Qarabağ müharibəsindəki ordu deyil. İndiki Milli Ordumuz hər cür müasir silah-sursatla təchiz olunub, ordu vahid komandanlıqdan idarə edilir, komanda heyəti peşəkar zabit kadrları ilə komplektləşdirilib. Bunlardan daha vacibi isə odur ki, Prezident İlham Əliyevin arxasında bütün Azərbaycan xalqı müsəlləh əsgər kimi durub.
Bu möhtəşəm birlik keçən ilin aprel döyüşləri günlərində özünü parlaq şəkildə göstərdi. Yüz minlərlə qeyrətli oğullar hərbi hissələrə gedib xahiş edirdilər ki, onlara da silah verib döyüşə göndərsinlər. Hər yerdə onlara “sağ ol” deyib ehtiyac olmadığını bildirdilər. Həmin günlərdə ordu hissələrimiz bütün cəbhə boyu düşmənin təxribatlarının qarşısını aldılar, üstəlik iki min hektardan çox ərazimizi işğaldan azad etdilər.
Ümumiyyətlə, dinc əhalidən kimi dindirirsən onda düşmənə qarşı mübarizə əzmi görürsən. Ordumuz isə Ali Baş Komandanın əmrini gözləyir. Hamının da fikri təxminən eynidir - Ermənistan yeni hərbi əməliyyatlara başlasa onun özünə baha başa gələcək, Azərbaycan Ordusu onu diz çökdürərək torpaqlarını azad edəcək.