Vəli İlyasov |
Düşmən ölkənin müdafiə nazirliyinin keçmiş baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov nəhayət, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi seçilib. O, may ayının 2-də yeni vəzifəsinin icrasına başlayacaq.
Bu, həmin Yuri Xaçaturovdur ki, rəhbərlərindən biri olduğu Ermənistan hərbi birləşmələri keçən ilin aprelindəki dördgünlük döyüşlərdə Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında tab gətirə bilmədi. Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaratdıqları mif rəşadətli Azərbaycan əsgəri tərəfindən orduları ilə bərabər darmadağın edildi. Fərsiz general buna görə digər günahkarlala bərabər, prezident Serj Sarkisyan tərəfindən vəzifəsindən qovuldu. Bəxti gətirməyən generalın KTMT-yə baş katib seçilməsi məsələsi də bir neçə dəfə uğursuzluğa düçar oldu.
Yada salaq ki, Yuri Xaçaturov vəzifəsindən çıxarılandan sonra 2016-cı ildə rotasiya qaydasında adı çəkilən quruma onun baş katib seçilməsi nəzərdə tutulmuşdu. Əslində, Serj Sarkisyan onu işsiz qoymamaq üçün bu vəzifəyə namizəd göstərmişdi. Ancaq keçən ilin oktyabr ayında KTMT-nin İrəvanda keçirilən iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iclasa gəlməməsi səbəbindən Yuri Xaçaturovun seçkisi alınmadı. Yetərsay olmadığına görə onun seçkisi növbəti iclasa qaldı.
Qazaxıstan prezidenti xəstəlik səbəbindən iclasa getmədiyini bildirsə də, sonradan məsələnin başqa cür olmasına dair məlumatlar yayıldı. Hətta siyasi ekspertlər Nursultan Nazarbayevin Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməsində maraqlı olmadığını qeyd etdilər. Məsələ bundadır ki, rəsmi Astana Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Azərbaycanın mövqeyini müdafiə edir. Ona görə də Ermənistanın bu münaqişənin həllinə KTMT-ni cəlb etməsinin əleyhinədir.
Analoji hadisə 2016-cı ilin dekabr ayında da baş verdi. Yəni həmin ayda da Yuri Xaçaturovun bəxti gətirmədi. Qurumun Rusiyanın Sankt- Peterburq şəhərində baş tutan iclasında Aleksandr Lukaşenkonun iştirak etməməsi generalın arzusunu gözündə qoydu. Belarus prezidentinin bu cür mövqe göstərməsi bütün məsələlərdə, o cümlədən də Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın yanında olduğunu sübut etdi.
Bu hadisədən sonra Ermənistanla Belarus arasında münasibətlərdə soyuqluğun pik həddə çatması barədə xəbərlər yayıldı. Ermənistan mətbuatı məlumat verdi ki, Belarusla diplomatik əlaqələr yaxın vaxtlarda tamamilə kəsiləcək. Bundan sonra KTMT daxilində fikir ayrılıqları üzə çıxdı.
Məlum məsələdir ki, Ermənistan öz nümayəndəsinin KTMT-da baş katib olmasından istifadə edərək quruma daxil olan dövlətlərin hərbi güclərini Azərbaycanın üzərinə yönəltməyə çalışır. Ancaq Ermənistandan başqa bu təşkilata üzv olan dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb. Yəni Ermənistan təmsilçisinin KTMT-yə müvəqqəti rəhbərlik etməsi bu ölkənin xeyirinə heç bir dəyişikliyə əsas vermir. Sadəcə düşmən dövlət öz növbəsini yerinə yetirəcək. Yeri gəlmişkən qeyd edək ki, Yuri Xaçaturovun baş katibliyi bu ilin sonunda başa çatacaq. Başqa sözlə, Yurinin Ermənistanın xəbis niyyətlərini həyata keçirməsinə zəmin olmayacaq. Çünki KTMT-yə üzv olan Qazaxıstan, Qırğızıstan və Belarus Azərbaycanla möhkəm iqtisadi tərəfdaşlardır. Digər tərəfdən, KTMT-nin baş katibi geniş səlahiyyətlərə malik deyil. Baş katib qurumun adından bəyanatlar verə bilər. Amma bu bəyanatlar öhdəlikyaradıcı xarakter daşımır və üstəlik üzv dövlətlərlə də razılaşdırılmalıdır. Qısaca desək, KTMT-nın baş katibi qurumda birləşən dövlətləri hər hansı fəaliyyətə təhrik edə bilməz. Yalnız ola bilər ki, uşaqların şrek adlı nağıl tipinə bənzəyən general Yuri Xaçaturov erməniliyinə salıb Azərbaycan tərəfə acı mesajlar göndərsin. Bundan başqa onun digər işlərə gücü çatmaz.