KÖŞƏ

Vəli İlyasov

Qapanlı düşmən qarşısında qaladır

24 aprel 2017 15:56
1084

Dağlıq Qarabağ münaqişəsi başlayan ilk gündən Qapanlı kəndi erməni yaraqlılarının qarşısında igidliklə durub. Münaqişə müharibəyə çevriləndən sonra isə kənd Ermənistan silahlı birləşmələrinin bütün hücumlarını qəhrəmanlıqla  dəf edib. Yalnız bir dəfə yaranan təxribatdan istifadə edən erməni taboru kəndi iki-üç saatlıq tutub. Onlar kəndi yandırıb külə döndərmək istəsələr də,  buna nail ola bilməyiblər. Hücum edən könüllü dəstələrimiz və Milli Ordu hissələrimiz  bir həmlədə düşməni pərən-pərən salaraq  geri çəkilməyə məcbur ediblər. İgid döyüşçülərimiz  qaçan ermənilərin 2  tankını, 3 PDM-ni məhv edərək  ona ağır zərbələr endiriblər.  Həmin döyüşdə  25  əsgər və zabit  itirən, xeyli yaralısı  olan erməni taboru  geri çəkilməyə məcbur olub. 

Ermənistan  ordusunun  hissələri on dəfələrlə bu kəndi  tutmaq və oranı xəritədən belə silmək üçün revanş götürmək istəyibsə də, hər dəfə planları boşa çıxıb, itki verərək geri çəkiliblər. Sonuncu məğlubiyyətdən sonra  erməni komandanlığı  bu istiqamətdə irimiqyaslı hücum əməliyyatı keçirməyə cürət etmir. Ona görə də Qapanlı camaatı bilir ki, erməni təcavüzkarları  buradakı məğlubiyyətlərini həzm edə bilmir və  onlarla xüsusi haqq-hesab çəkməyə çalışırlar. Çünki bu kəndi işğal etmək üçün ermənilər   döyüşlərdə  yüzlərlə əsgər və zabitini, onlarla zirehli texnikalarını  itiriblər.

Keçən illər ərzində Qapanlı camaatı da itkiyə məruz qalıb. Döyüşlərdə 11 nəfər şəhid olub, 20 nəfər ağır  xəsarət alıb, 8 traktor və bir neçə minik maşını və xidmət obyektləri  vurularaq  sıradan  çıxarılıb. 1994-cü il may ayının 12-də atəşkəs razılığı əldə olunmasına baxmayaraq  kənd  hər gün atəşə məruz qalır.  Qapanlı  kənd tam orta  məktəbinin divarlarında  güllə və mərmi zədələrinin sayı-hesabı  yoxdur.  Keçən ilin aprel döyüşlərində 74 ev düşmənin top və minaatanlarının  atəşləri ilə dağıdılıb. Ancaq Azərbaycan dövlətinin qayğısı ilə həmin evlərin hamısı bərpa edilib.

Qapanlı kəndi bu gün də yağı düşmən qabağında onun gözlərinə millənən ox kimi durub. Burada  ağlı kəsən uşaqdan tutmuş  yüz  yaşlı qocaya qədər heç kəs yüz  metrlikdəki erməni hərbi  birləşmələrindən qorxmur. Kənddə  elə bir ab-hava yaradılıb ki, hamı  öz doğma daş-divarının  müdafiəsinə həmişə hazırdır. Təbii ki,  Qapanlını düşməndən qat-qat  güclü hərbi hissələrimiz qoruyur. Bununla  belə, kənd əhalisi hər  zaman  igid  əsgər və zabitlərimizə etibarlı dayaqdır. Ötən ilin aprelində kəndin əli silah tutan bütün kişiləri hərbi hissə komandanlığına müraciət ediblər ki, öz əsgərlərimizlə bərabər düşmənə qarşı  vuruşmaq üçün silah versinlər. Lakin hərbi hissə komandanlığı onlara minnətdarlıq edərək köməyə ehtiyac olmadığını bildirib.

Daim güllə yağışı altında olan kənddə  əhalinin əli təsərrüfat  işlərindən soyumur.  Kəndli-fermerlərin 1281 hektarlıq əkin sahələri var. Onlar bütün çöl işlərini təmas xəttindəki  vəziyyətə uyğun qurublar.  Əkin-biçinlə, suvarma ilə yalnız  gecələr məşğul olurlar. Əvvəllər gündüzlər çöldə işləyərkən erməni hərbçiləri pulemyot və avtomat atəşləri ilə adamları, texnikanı, mal-qoyunu vururdular.  Ona görə də sakinlər təsərrüfat  işlərinin əksərini  gecələr görürlər. Gündüzlər sahələrə kütləvi surətdə  çıxmırlar, gözlə görünən yerlərdə texnikadan istifadə etmirlər.

Zəhmətsevən qapanlılılar bu ilin məhsulu üçün 551  hektarda yem bitkiləri,  350  hektarda  taxıl, 150 hektarda pambıq,  30  hektarda şəkər çuğunduru və digər məhsulların bünövrəsini qoyublar. Hazırda sahələrdə becərmə işləri aparılır.  Subartezian quyuları kifayət qədər olsa da yaxınlıqdakı  erməni hərbi hissələri onlardan istifadə etməyə imkan vermirlər. Ən böyük su mənbəyi olan Sərsəng Su Anbarı da işğal altında qaldığı üçün yayda su qıtlığı yaranır.  Bu isə minbir zəhmətlə becərilən bitkilərin məhsuldarlığını xeyli aşağı salır. Ancaq fermerlər ruhdan düşmürlər.

Bütün çətinliklərə baxmayaraq  Tərtər  rayonunun   Qapanlı  kəndi  öz dözümü və qorxmazlığı ilə nümunə   göstərir. Hər gün televiziyada, radioda, qəzetlərimizdə, saytlarımızdakı  cəbhə xəbərlərində bu kəndin adı  çəkilir: “Qapanlı  kəndində vəziyyət gərgin olaraq qalır.”

Tərtər  rayonunun  rəhbərliyi  Qapanlı  kəndini  daim diqqət mərkəzində saxlayır.  Bu barədə “İki sahil” qəzetinə məlumat verən Tərtər  Rayon  İcra Hakimiyyəti  başçısının  birinci müavini  Ramiz  Şabanov  bildirdi ki, rayon  mərkəzindən kəndə hər  gün marşrut  avtobusu  işləyir, poçt-rabitə, ticarət, ictimai iaşə, tibb  və digər məişət xidmətləri  təşkil edilib. İnternet  fasiləsiz işləyir. Gecələr küçə işıqları kəndi nura  bürüyür.  Bir  sözlə, düşmənin yaratdığı  çətinliklərə baxmayaraq  Qapanlı  əhalisi işıqlı  gələcək naminə böyük  inamla qurub-yaradır.