KÖŞƏ

Vəli İlyasov

Dilimiz daha saf və zəngin olarsa...

12 oktyabr 2017 16:36
1974

Son illər Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən dövlət tədbirləri qarşıya qoyulmuş məqsədə çatmağa şərait yaradıb.  Belə tədbirlərdən biri də bu günlərdə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfrans oldu. Tədbirdə qeyd edildi ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və referendumla qəbul edilən ilk demokratik Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Doğma dilimizin inkişafına daim qayğı  göstərən Ümummilli Liderimiz 2001-ci ilin iyununda imzaladığı  “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”  Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, eyni zamanda müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası qiymətləndirilib. Bununla bərabər, bu sahədəki mövcud problem və nöqsanların müəyyənləşdirilərək aradan qaldırılması yolları barədə müvafiq tapşırıqlar verilib və həmin il avqustun 1-dən etibarən latın qrafikalı Azərbaycan əlifbasına keçmək qərara alınıb. Ulu Öndərin avqustun 9-da imzaladığı digər Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olunub. Bunlardan sonra daha mühüm bir addım  2002-ci ilin sentyabrında “Azərbaycan  Respublikasında dövlət dili haqqında”  Qanunun qüvvəyə minməsi oldu.

Bu gün əsasını Ulu Öndərin qoyduğu  Azərbaycan dövlətinin dil siyasəti  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin başçısı 2015-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən təntənəli yığıncaqdakı nitqində  bildirdi ki, dövlət dili kənar təsirlərdən qorunmalı, dilimizin saflığı təmin edilməli, lüzumsuz yerə yad kəlmələr işlədilməməlidir.

Cənab Prezidentin 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”,  iki gün sonra  imzaladığı “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”  və 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları bu sahədə ən qiymətli dövlət sənədləridir. Bütün bu  sənədlər dövlət başçısının Azərbaycan dilinin inkişafına göstərdiyi  dəstək və qayğının parlaq ifadəsidir.

Göründüyü kimi, dövlətin dilimizin saflığına və zənginləşməsinə böyük diqqət və qayğı göstərməsinə baxmayaraq bir çox hallarda istər bəzi telekanallarda, özəl saytlarda,  istərsə də müstəqil qəzetlərdə və  informasiya agentliklərində Azərbaycan dilinin qanunları, orfoqrafiya və qrammatikası kobudcasına pozulur. Ən pisi isə odur ki, xarici sözlərdən yeri gəldi-gəlmədi gen-bol istifadə olunur, yad sözlər bilərəkdən və bilməyərəkdən  dilimizə gətirilir. İri şəhərlərimizdə, ələlxüsus Bakı şəhərində küçələrdəki ticarət obyektlərinin adları, reklamlar, xarici şirkətlərin və s. adların əcnəbi dillərdə yazılması təbii ki, insanlarımızın milli heysiyyətinə toxunur.  Görəsən, bəzi adamlarda dilimizə bu qədər biganəliyin səbəbi nədir?!  Axı heç bir xalq dilinə biganəlik göstərmir. Misal üçün deyək ki, Fransada ana dili normalarının pozulmasına görə böyük miqdarda cərimələr nəzərdə tutulub. Bununla bərabər, ardıcıl maarifləndirmə işləri də aparılır.

Dilçilik sahəsində baş verən nöqsanlar Prezident İlham Əliyevin diqqətindən yayınmayıb və  2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında  Sərəncam imzalayıb. Sərəncamda müasir dövrdə dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu  qeyd olunur. Nəticədə dövlət dilinin bütün imkanlarından həmişə lazımınca istifadə olunmur və yerli-yersiz yad sözlər dilimizə gətirilir. Mətbuatda  geniş yayılmış ədəbi dil normalarından yayınmalar  təhlil olunub lazımi tədbirlər görülmür. Filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə  nöqsanlara rast gəlinir, küçə və meydanlardakı  reklamlarda qrammatik qaydalar pozulur.

Sözügedən konfransda  çıxış edən görkəmli dilçi alimlər,  Milli Məclisin deputatları,  mətbuat və televiziya mütəxəssisləri, şair və yazıçılar bildirdilər ki, mətbuat, radio və telekanallarla bərabər, dərsliklərdə də ana dilinin işlənmə səviyyəsi ciddi nəzarətdə saxlanmalıdır.  İlk növbədə məktəbli uşaqlarda ana dilinə məhəbbət hissi aşılanmalıdır. Çünki doğma dilini sevən və ona hörmətlə yanaşan hər kəs təbii ki, onun saflığının keşiyində duracaqdır.