KÖŞƏ

Vəli İlyasov

BAM-da dəmiryol vağzalına Heydər Əliyevin adının verilməsi nə ilə bağlı idi?

16 iyun 2020 11:26
3665

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü vəzifələrində çalışdığı illərdə bütün SSRİ xalqlarının məhəbbətini qazanmışdı. İndi həmin ölkələrdə, o cümlədən də Rusiya Federasiyasında dahi rəhbərimizə bu məhəbbətin bariz nümunəsi yaşamaqdadır.

Xatırlatmaq xoşdur ki, on iki il əvvəl Baykal-Amur magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilmiş, burada Ulu Öndərin xatirə lövhəsi açılmışdır. O zaman Buryatiyanın Severobaykalsk rayonunda yerləşən Anqoya stansiyasına qatarla gələn qonaqları təntənəli mərasim iştirakçıları duz-çörəklə qarşılamışdılar.

Ötən əsrin 80-ci illərində çoxsaylı qəsəbə və yaşayış məskənlərinin salındığı Baykal-Amur Magistralının (BAM) tikintisində xüsusi xidmətləri olan ulu öndər Heydər Əliyevin adının bu vağzala verilməsini və xatirəsinin əbədiləşdirilməsini yüksək qiymətləndirən mərasim iştirakçıları o vaxtlar bu nəhəng dəmir yolu xəttinin tikintisində Azərbaycandan da çoxlu inşaatçıların və mütəxəssislərin çalışdığını bildirmişdilər. Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlova Anqoya stansiyasına dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adının verilməsini tarixi hadisə adlandırmışdı. O demişdi ki, mən bu gün bu tribunadan təkcə Federasiya Şurası sədrinin müavini kimi deyil, həm də Baykal-Amur Magistralı ilə ilk qatarı idarə etmiş dəmiryolçu Yuri Pavlovun qızı kimi çıxış edirəm. Bu gün bu vağzala Heydər Əliyevin adının verilməsi olduqca tarixi andır, çünki SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işlədiyi dövrlərdə Heydər Əliyev BAM-ın tikintisi üzrə yüksək səviyyəli komissiyaya rəhbərlik etmişdir. Svetlana Orlova vurğulamışdı ki, Heydər Əliyev burada nəinki yüksək vəzifəli bir şəxs, həmçinin sadə və səmimi bir insan kimi dərin məhəbbət qazanmışdı.

Mərasimdə dostlarla birgə olmaqdan şərəf duyduğunu söyləyən “Rusiya Dəmir Yolu” ASC-nin prezidenti Vladimir Yakunin görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinin bu region üçün xüsusi əhəmiyyət daşıdığını bildirmiş və o illərlə bağlı xatirələrini bölüşmüşdü. O demişdi ki, Heydər Əliyev BAM-ın tikintisinə misilsiz töhfələr vermişdir. Bu magistral hazırda dirçəliş dövrünü yaşayır. Bir müddət əvvəl ikinci Korşunovski tuneli istifadəyə verilmişdir.

Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitin Anqoyanı ümid stansiyası adlandırmış və buradakı vağzala görkəmli siyasi xadim Heydər Əliyevin adının verilməsinin, Şərqi Sibirdə onun xatirəsinin əbədiləşdirilməsinin tarixi hadisə olduğunu söyləmişdi. İ.Levitin demişdi ki, BAM dostluğumuzun rəmzidir.

Rusiya Federasiyası Buryatiya Respublikasının Prezidenti Vyaçeslav Naqovitsın ötən əsrin 80-ci illərində Baykal-Amur Magistralı layihəsinin reallaşmasında Heydər Əliyevin əvəzsiz xidmətlərinin Rusiya xalqları tərəfindən heç zaman unudulmayacağını bildirmişdi.

Açılışa Azərbaycandan qonaq dəvət edilən nümayəndələr Sibirdə xalqımızın dahi oğlu Heydər Əliyevin adını daşıyan vağzalın xeyirxahlığa və dostluğa xidmət etməsindən şərəf duyduqlarını söyləmişdilər. Sonra ümummilli lider Heydər Əliyevin adını daşıyan dəmir yolu vağzalının rəmzi açılışı olmuşdu. Vağzal binasının memarlığında milli üslubdan istifadə edilmiş, binaya Cənubi Qafqazdan gətirilmiş ağ mərmərdən üz çəkilmişdi. Bildirilmişdi ki, BAM-ın Ulkan və Anqoya qəsəbələrini Azərbaycandan gəlmiş inşaatçı dəstələri tikmişlər.

Azərbaycan xalqı dahi dövlət xadiminin nəhəng və yaddaqalan fəaliyyəti ilə bu gün fəxr etdiyi kimi, əsrlər sonra da fəxr edəcəkdir.