Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Röya Rasimqızı

Biz öz haqlı mövqeyimizdən dönməyəcəyik

20 oktyabr 2020 17:53
635

Son günlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllər, xüsusilə məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur.

Şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməkdir. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına dövlətimiz və xalqımız heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Bundan əlavə, Ermənistan tərəfi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və heç bir məntiqə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən görüşlər zamanı danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını bildirmişdir.

Bununla yanaşı, ATƏT-in Minsk qrupunun 1992-ci ildəki mandatına əsasən qərara alınmışdı ki, Azərbaycan və Ermənistan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi danışıqlarda iştirak etməlidirlər. Yəni, bu, beynəlxalq formatdır.

Bununla yanaşı, əgər Dağlıq Qarabağ erməniləri münaqişə tərəfi olsaydı, onda Ermənistan 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də 1999-cu ildən başlayaraq iki dövlətin prezidentləri səviyyəsində indiyədək keçirilən 50-dən çox görüşdə iştirak edib müvafiq sənədləri imzalamazdı.

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın işğal altında olması ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunu beynəlxalq hüquq normalarının da təsdiq etdiyini vurğulamışdır.

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca, bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını da bildirmişdir. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan etmişdir ki, Azərbaycan bundan sonra da öz haqlı mövqeyindən dönməyəcəkdir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?