KÖŞƏ

Taleh Bağırov

Dağıdıcıların pandemiya fürsəti

05 avqust 2020 17:51
5817

Sevindirici haldır ki, son günlərdə koronavirus (COVID-19) bəlası ilə bağlı ölkəmizdə yoluxma sayında ciddi azalma, sağalmada isə artım müşahidə olunmaqdadır. Bu, əlbəttə ki, dövlət tərəfindən həyata keçirilən sərt karantin rejimi və digər qabaqlayıcı tədbirlərin nəticəsində mümkün olub. Həyata keçirilən bu tədbirlər böyük əksəriyyət tərəfindən təqdir olunsa da, təəssüflə deməliyik ki, bəzi azsaylı kəsimlər bu tədbirlərə kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar.

Düzdür, dağıdıcı müxalifət nümayəndələrinin dövlət və xalqımızın əleyhinə fəaliyyət göstərməsi cəmiyyətimiz üçün yeni məsələ deyil. Sadəcə olaraq, vaxt ötdükcə onların bu “missiya”sı özünü daha qabarıq şəkildə göstərir. Bu dəfə də onlar hökumətin pandemiyaya qarşı həyata keçirdiyi sistemli tədbirləri gözardı etməklə yaranmış vəziyyəti fürsət bilərək ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd göstərirlər.

Məlumdur ki, hökumət pandemiya başlandığı ilk gündən insanların sağlamlığının qorunması istiqamətində bütün zəruri resursları səfərbər edib. Eləcə də pandemiyanın əhalinin rifahına mənfi təsirlərini aradan qaldırmaq üçün ciddi sosial müdafiə tədbirləri həyata keçirilib. Bundan əlavə, Azərbaycan beynəlxalq miqyasda COVID-19-a qarşı mübarizəyə mühüm töhfələr verib, dünyanın 30-dan çox ölkəsinə humanitar yardım göndərib. Amma dağıdıcı ünsürlər bütün bunları görməzdən gələrək “bulanıq suda balıq tutmağa” üstünlük verirlər. Hətta bu məqsədlə ifrat yalan, böhtan kampaniyası aparmaqdan da çəkinmirlər.

Yadınızdadırsa, bugünlərdə xaricdə oturub ölkəmizə qarşı böhtan kampaniyası aparan “Milli Şura”nın “ünlü sima”larından biri Qənimət Zahid bu qondarma qurumun videoiclasında açıq etiraf etmişdi ki, onlar hökumətə şər atırlar. Qənimət Zahid konkret olaraq “bizim işimiz hökuməti şərləməkdir”, - deyərək növbəti dəfə təmsil etdiyi radikal düşərgənin missiyasının əsl mahiyyətini cəmiyyətə təqdim etmişdi. Əlbəttə ki, bu, son vaxtlar radikalların əsl simasını göstərən yeganə fakt deyil. Bir müddət bundan öncə də qondarma “Milli Şura”da təmsil olunan radikallar antimilli xislətlərini nümayiş etdirmişdilər. Dağıdıcılar bu hərəkətləri ilə bir daha özlərini ifşa edərək göstərirlər ki, onlara nə Azərbaycan xalqı, nə ölkəmizin inkişafı maraqlıdır. Əksinə, koronavirus pandemiyası dövründə yaranmış çətinliklər onların arzuladığı vəziyyətdir.

Lakin bütün bu əməllərinə baxmayaraq dağıdıcılar yaxşı bilirlər ki, “Milli Şura” yarandığı vaxtdan cəmiyyətdə heç bir etimad qazanmayıb və bu qondarma qurumun ölkəmizdəki ictimai-siyasi proseslərə zərrə qədər də təsiri yoxdur. Orada toplaşanların davranışları da, “siyasi” söhbətləri də onların Azərbaycan xalqından nə qədər uzaq olduqlarını bir daha təsdiqləyir.