KÖŞƏ

Vəli İlyasov

Dağıdıcıların yeni peşəsi:  qeybət qırmaq, dedi-qoduluq və...

11 iyul 2019 21:09
1705

El arasında deyirlər ki, qeybəti, dedi-qodunu qadınlar eləyər. Bunun əksi belə çıxır  ki, kişi qeybət eləməz. “Böyük dayaq” filminin qəhrəmanı, kolxoz sədri Rüstəm kişinin bu məşhur sözləri dərhal yada düşür: “Az dedi-qodu eləyin, ə”. Hələ bir az da irəli getsəydi deyərdi ki, qeybət edən kişidə qeyrət olmaz.

Qeybət söhbətin bir növüdür. Ancaq bu növün xarakteri belədir ki, kiminsə arxasınca danışılan bu nəsnədə həqiqətləri əyişdirib eybəcər hala salmağa çalışırlar.  Rəhmətlik Xalq artistimiz Nəsibə Zeynalovanın kinolardakı qeybətləri yadınızdadırmı? Nəsibə xanım qeybətcillərin obrazını ustalıqla yaratmışdı. Azərbaycan kinofilmlərindəki Cəhrə qarı, Yastı Salman, Yarməmməd, Yalıncıq və digər obrazlar tamaşaçıda gülüş və təəssüf doğurur.

Həmişə “qeybət kişiyə yaraşmaz” deyirlər. Bu dediklərimiz əsasən keçmiş kişilərə aid olsa da, elə indi də əsl kişilər milli mentalitetimizə dəxli olan bu dəyəri qoruyub saxlayırlar. Amma di gəl, elə “kişi”lər var ki, bir çox dəyərlərimiz kimi, bu dəyəri də unudublar və qadın kimi qeybət eləməyi özlərinə peşə ediblər. Həm də pullu peşəyə çeviriblər. Ağızlarının tirajını artırmağa cəhd göstərsələr də alınmır, çünki boş cəfəngiyyatlara qulaq asan kimdir?

Təəssüf ki, indi qeybət kinofimlərdən həyatın özünə daha geniş surətdə daxil olub. Rolların ifaçıları da dəyişib. İndi baş qeybətçi rolunda Əli Kərimli, “ələkçiyə qıl verənlər” isə Orduxan Teymurxan, Vidadi İskəndərli, Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Qurban Məmmədov və başqalarıdır. Şərəfli iş-güclə məşğul olmağı, halal maaşla ailəsini dolandırmağı özlərinə yaraşdırmayan bu adamlar “fəaliyyətlərini” yalnız qeybət qırmağa və dedi-qoduya həsr ediblər.

Xalqın meydanlara gəlmədiyini görən dağıdıcı müxalifət sosial şəbəkələr yolu ilə insanların evinə, həyatına, məişətinə soxulur, hakimiyyət mənsubları barədə boşboğazlıqla qeybət qırırlar.

Bir neçə gün əvvəl internetə daxil olub “youtube”də məşhur “Tarzan” filmini axtarırdım.  Orada  qısametrajlı filmdən bir kadr vardı. Həmin kadrın yanında iri şriftlərlə “xalq bu iqtidardan qurtulmalıdır!” sözləri yazılmışdı. Yanında da bir şəkil “qalereya”sı -kollaj vermişdilər. Şəkillərdə kimləri görsəm, yaxşıdı? “At ilxısı, köpək sürüsü.”-belə bir deyimi xatırladırdı. AXC hakimiyyəti zamanında baş nazir, müdafiə naziri, daxili işlər naziri, dövlət katibi, kadr məsələri üzrə dövlət müşaviri və s.və il. a. vəzifələri zəbt etmiş köhnə qurdlar. Yadıma dərhal rayonlarımızın işğalı, dərəbəylik və aclıq illəri düşdü. Çünki bunların baiskarı bu şəkildəkilər idi. Maraqlandım ki, görəsən bunların nə haqqı var ki, belə çağırış edirlər?  Həmin şəkildə gördüklərim beş-on nəfər sosial şəbəkədə özləri kimi “kişi”ləri yığıblar başlarına, bu iqtidarın əleyhinə qeybət edir, sinələrinə dambadaramla döyərək “siyasi məhbus”lardan, “Azərbaycanda demokratiyanın pozulmasından” dəm vururlar. Başqa bir kadrda isə hansısa xarici ölkədə məskən salmış Vidadi İsgəndərli uzun bir dedi-qodu seriyasından sonra xalqa “silahlı inqilab etməyi” məsləhət görürdü. Danışdıqlarının hamısı yalan, şər, böhtan, bir də bəzi məmurların xırda-mırda qüsurlarının şişirdilməsindən ibarət idi. Əsl məzhəkə idi, boğazdan yuxarı danışanların yarışına bənzəyirdi. Onların dediklərini təkrarlamağa ehtiyac yoxdur. Bildiyim budur ki, belə məzhəkələrdən bir şey çıxmaz, xalq belə şoulara heç baxmır da. Həm də dağıdıcı personajlar öz çağırışlarını süləndikləri xarici ölkələrdə edirlər, guya xalqı iqtidara qarşı itaətsizliyə çağırırlar. Açıq görünür ki, zamanında dövləti vəzifələrdə fərsiz çıxdıqları kimi, indi də  “rejissorluqda”  kaldırlar.

Sonda Rüstəm kişinin anonim yazanlara və qeybətcillərə dediyi daha bir sözünü dağıdıcıların yadına salıram: “Sözün var üzümə de, siçovul kimi ayağımın altını niyə eşirsən?”