KÖŞƏ

Vəli İlyasov

25 yanvar 2021 17:43
2654

Paşinyan elə bir “xəşil çalıb” ki…

“Özgəyə quyu qazan özü düşər”deyiblər.  Məsələ burasındadır ki, ermənilər işğalın davam etdiyi 30 ilə yaxın müddətdə bizim üçün qazdıqları quyuya bu gün özləri düşürlər. 44 günlük müharibədən ordusu darmadağın olmuş vəziyyətdə çıxan Ermənistanda cəmiyyətin bütün sahələrində dərin böhran  yaranıb. Sosial narazılıqlar, hakimiyyət  böhranı, çəkişmələr, paytaxtda dövlət binalarına hücumlar partlayan mina effekti verir və partlayışlar sıralanır.

Biabırçı məğlubiyyət  təbii olaraq Ermənistan hakimiyyətini və xalqını möhkəm çalxalayıb. Hazırda düşmən ölkədə kütlələri idarə edə bilən lider yoxdur. Ermənilər nə qədər axtarırlarsa, axmaq Paşinyandan ağıllı adam tapmırlar, ona görə də ölkədə hərki-hərklikdir. Nəticədə hakimiyyət davası, daxili çəkişmələr, bir-birini həzm edə bilməmək və günahkar axtarışı, qarşılıqlı ittihamlar  hazırda Ermənistanı vətəndaş müharibəsi vəziyyətinə  gətirib. Bundan istifadə edən bir dəstə revanşist ortalığa atılaraq guya əsl vətənpərvər olduqlarını, millət üçün çalışdıqlarını nümayiş etdirmək məqsədilə yeni müharibə çağırışları edir, 10 noyabr kapitulyasiya sənədinin müddəalarını yerinə yetirməməyə  çağırışlar edirlər.  Ancaq onlar yaddan çıxarırlar ki, Ermənistan ordusu canlı qüvvəsinin  40 faizə qədərini, hərbi texnikasının isə 80 faizini itirib, ölkə dərin iqtisadi böhran içərisində çapalayır, yəni Azərbaycanla yeni müharibə aparmağa hərbi gücü qalmayıb. Qısaca desək, yeni müharibə çağırışı gicbəsərlikdən başqa heç nə deyil.

 Bəs bu hüllükbaz revanşistlər kimlərdir? Bunların bir qismi xaricdə yaşayan harın erməni hampaları, bir qismi vəzifə əldə etməyə çalışan tamahkar karyeristlər, bir qismi qara ləbbadəli ağılsız papazlar, digərləri isə hikkəli millətçilərdir. Onlar normal düşüncə tərzinə malik olmayan zombiləşdirilmiş avantüristlərdir desək, səhv olmaz. Tək-tək ağlı başında olanlar isə onlar tərəfindən təhdid edilir,  ölümlə hədələnirlər.

 Bir neçə gün əvvəl erməni ziyalısı İşxan Verdyan ölümlə hədələndiyini bildirib. Səbəb onun qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağın vacibliyini  söyləməsi, düşmənçiliyə son qoyulmasına, iqtisadi əlaqələrin  qurulmasına çağırış etməsi olub: "Mənə dedilər ki, Hrant Dinki türklər yox, ermənilər öldürüb. Dedilər ki, səni də öldürəcəyik. Çünki özünü onun kimi aparırsan". Əgər dedikləri doğrudursa, bu, yalnız bir toplumun milli faciəsindən başqa bir şey deyil. Adam xalqına tamamilə məhv olmamaq üçün yol göstərməyə çalışır, düşmənçilik əvəzinə sülhü seçməyi, savaş açmağı deyil, anlaşmağı sınaqdan keçirməyi təklif edir. Qarşılığındasa heç olmasa, adamın doğru və ya yanlış dediyini müzakirə etmək əvəzinə ona qarşı savaş açırlar.

Ən yüksək səviyyədə irəli sürülən ittiham isə Nikol Paşinyana məxsusdur. Baş nazir müharibədəki rüsvayedici məğlubiyyətdən sonra "44 günlük müharibədə məğlubiyyətin  kökləri" adlı məqalə yazıb. Ermənistan baş nazirinin rəsmi saytında yerləşdirilən bu məqalədə Ermənistan diplomatiyasının, silahlı qüvvələrinin məğlubiyyətinin səbəbləri, Ermənistanı hazırkı acınacaqlı vəziyyətə aparan yol barədə danışılır. Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Koçaryan-Sarkisyan cütlüyü olduğunu bildirir. Paşinyan, eyni zamanda, uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edir. O bildirir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib.

"Dövlətçiliyi ləkələdilər. Sizin inqilabın əsas şüarı "qürurlu vətəndaş" idi. Ermənistan tarixində bu qədər alçaldılmış vətəndaş olmayıb. Moskvada ermənilər restorana getməyə utanırlar ki, birdən azərbaycanlılarla rastlaşarlar. Bunu anlamırıqsa, alçaldılmış vəziyyətdə qalacağıq". Bunları isə eks-prezident Robert Koçaryan deyib.

Təbii ki, sabiq rəhbərlik - nimdaş “Qarabağ klanı”  II Qarabağ müharibəsinin rüsvayçı məğlubiyyəti ilə barışa bilmir. Müxalifətdə olanlar da, həmçinin.  Onlar 10 noyabr tarixli kapitulyasiya aktını həzm edə bilmirlər. Hətta müxalifət bu Bəyanatın parlamentdə müzakirə olunmasına da çalışdı. Məsələ səsə qoyulsa da, buna nail ola bilmədilər. Bəyanatın müzakirəsinin lehinə 40, əleyhinə isə 73 deputat səs verdi və faktiki olaraq Ermənistan parlamenti Bəyanatı müzakirə etməkdən imtina etdi. Yəni bütün şərtləri qəbul etmiş oldular və onları təsdiqlədiklərini növbəti dəfə bildirdilər.

Bu il yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşdə birgə imzalanan Bəyanat isə Ermənistanın qalan ümidlərini də puça çıxardı. Çünki bu Bəyanat əslində tam olaraq 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktında nəzərdə tutulan şərtlərin icrasını özündə ehtiva edir. Bütün bunlarla bərabər, aclıq və işsizlik əhalini sosial fəlakətə sürükləyir. Ermənistan prezidenti Armen Sarkisyan etiraf etməli olub ki, ölkə ağır vəziyyətdədir, əhalinin sosial durumu acınacaqlıdır, çünki müharibə ölkəni diz çökdürüb, Ermənistan problemlərdən yaxa qurtarmaqda acizdir. Belə acı etiraflar bir çox yüksək vəzifəli şəxslərdən də eşidilir. Hətta bəziləri Ermənistanın dövlətçiliyini itirməsi təhlükəsindən narahatlıqlarını da bildirirlər.

Bu cür təhlükəli vəziyyəti başa düşməyən və ya başa düşmək istəməyən bir dəstə revanşist isə şəraitdən sui-istifadə edərək hakimiyyətdən nəsə qoparmaq üçün saxta canfəşanlıq edirlər. Sual yaranır ki, bu səfeh revanşistlər hansı ordu ilə müharibə edəcəklər? Azərbaycan Ordusunun Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa 2yumruqlarını”  “yeyərək”  şil-küt olan və nokautdan hələ də ayılmayan ordu tör-töküntüləri iləmi?

Görünən odur ki, Ermənistanda o qədər qarışıqlıq yaranıb ki, ayırd etmək çətindir. Paşinyan orada elə bir “xəşil çalıb” ki, dünyanın ən bic erməniləri belə baş çıxara bilmirlər. Ancaq Paşinyanın da zəif damarı var. Üç aydır ki, ona verilən “Nooldu Paşinyan” sualına hələ də cavab verməyə söz tapmır. Üç milyon erməninin başına çatı salıb sürüyən Paşinyan Bakıdan ona göndərilən və qulaqlarında cingildəyən həmin suala sözlə yox,  mübhəm sükutla cavab verir.