KÖŞƏ

Vəli İlyasov

Qiymət: O

07 noyabr 2019 19:30
2876

Bir neçə gün əvvəl  Müsavatın qərargahında keçirilən “dəyirmi masa” cəmiyyətdə haqlı olaraq istehza ilə qarşılandı.  Təəccüblüsü bu idi ki, köhnə düşmənlər-Əli İnsanov, İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə üz-üzə oturmuşdular.

Videoçəkilişdən aydın görünür ki, masa ətrafında oturanlar şəxsi maraqları naminə özlərini keçmişi unutmuş kimi göstərirlər, lakin tarix heç nəyi unutmur və  buna görə də  dağıdıcıların  təşkil etdikləri yeni “birlik” əvvəlki  yarımçıq  nağıllara bənzəyir.

Azərbaycan müxalifətinin iyirmi altı  illik keçmişi bunun baş tutmayacağını təsdiqləyir. Yada salaq ki, 1990-cı illərdə bu müxalifət “bəlkə də  qaytardılar” eşqi ilə “Demkonqres” yaratdı. Çox keçməmiş bu birlik dağıldı və AXCP parça-parça oldu. “Demkonqres”in qalıqları üzərində Koordinasiya Mərkəzi yaradıldı, yenə dağıldı.  2000-ci il parlament seçkiləri ərəfəsində SİDSUH yaradıldı, dağıldı, yerində DUBB peyda oldu, o da dağılandan sonra “Azadlıq bloku” quruldu. Bu dəfə  onu “Bizim Azərbaycan” bloku əvəzlədi, bu blokun xarabalığı üzərində  yarımçıq “YES” doğuldu. Onu “İctimai Palata” əvəzlədi, bir nəticə əldə edə bilmədilər.  “Demokratik Qüvvələrin Məşvərət  Məclisi”ni qurdular, o da tezliklə “ dünyasını dəyişdi.”  “Milli Şura” yaratdılar, o isə ağır xəstəliyə düçar olub, bu gün-sabahlıqdır.

İndi ortalıqda qalanlar onları “faşist”, “genetik xəstə” adlandıran Əli İnsanovun “işığına” toplaşıblar. O İnsanov ki, müxalifəti “güllələmək” istəyirdi və bu gün “güllələmək” istədiyi adamlarla birlikdə “heç nə istəmirəm, təkcə xalqımın yaxşı yaşamasından başqa...” nağılları ilə 73 yaşında inqilabçılıq həvəsinə düşüb.

“Dəyirmi masa”da əyləşənlərə baxmaq kifayət edir ki, ora niyə toplandıqlarını, nə istədiklərini və hansı siyasi-psixoloji vəziyyətdə olduqlarını anlayasan.

Arif Hacılı Müsavatın ikinci  başqanı kimi “müxalifətin tarixində” qalmaq üçün belə bir “dəyirmi masa” təklifini irəli sürdü. Halbuki, 19 oktyabrda Əli Kərimlinin qapısına gedib, “gəl, birlikdə mitinq edək” təklifini irəli sürmüş, cavabsız qaldığı üçün oktyabrın 23-də “dəyirmi masa” təklifi ilə çıxış etmişdi.

Onun “dəyirmi masa”da niyə iştirak etdiyi müxalif  düşərgədə haqlı olaraq suallar doğurub. Adamın bir özü, bir adı olan partiyası var və sosial şəbəkələrdə cəbhəçilərdən birinin paylaşdığı kimi, “aranı qarışdırmaqdan başqa əlindən heç nə gəlmir”.

“Dəyirmi masa”da bəlkə də ən maraqlı personaj Hikmət Hacızadə idi və o, öz personajının xarakterini  irəli sürdüyü “dahiyanə ideya” ilə         tamamladı. Bildirdi ki, “mən təklif edirəm, bir yox, bir neçə bəyanat qəbul edək. Birini hakimiyyətə, birini xalqa, birini də misal üçün Qərbə. Deyək ki, “ay Qərb, adam kişi olar”. Hacızadənin çıxışı əslində, “dəyirmi  masa”nın mahiyyətini də ortaya qoydu.

Mehman Əliyev çıxışına başlayan kimi bildirdi ki, “mən bura jurnalist kimi gəlmişəm”. “Siyasi liderlərin” ölkənin taleyi ilə bağlı “planlar” qurduğu bir masada jurnalistin niyə dəvət edildiyi də ayrıca bir izahat istəyir.

 Özünü “müxalifətin şəriksiz lideri”, “yeganə real qüvvə olan AXCP-nin sədri” və daha nələr adlandıran Əli Kərimli  küsülü olduğu İsa Qəmbər tərəfə baxmamağa çalışır, həm də masada “böyük” görünmək üçün çiyinlərini var gücü ilə yuxarı dartır. Çıxışında da dolayısı ilə “mən olmasam, bu “masa” heç kim üçün maraqlı olmaz” mesajlarını da verdi.

Əli İnsanov həbsdən çıxanda dediyi kimi, “müxalifəti başına toplayıb, rəhbər olmaq” niyyətindədir. Əsas hədəfi də hakimiyyətdən qisas almaqdır. Siyasi partiya liderləri isə İnsanovu “kassa” gözündə görürlər. Yaxşı bilirlər ki, keçmişi korrupsioner olan İnsanovun maddi imkanları yaxşıdır və sponsor ola bilər. Təbii ki, onlar üçün İnsanovun dolu pul qabı  bütün dəyərlərdən üstün görünür. Ümumiyyətlə,  dağıdıcı müxalifət rəhbərlərinin bu yığıncağı Mirzə Ələkbər Sabirin “Dərs demə, gülməli bir məsxərə” mətləli satirasını xatırlatdı. Çünki orada heç bir ağıllı fikir, konstruktiv təklif və s. irəli sürülmədi, yəni “köhnə hamam, köhnə tas.”

“Dəyirmi masa”nın işini yekunlaşdırıb qiymət verməli olsaq, cavab yalnız budur-o.