KÖŞƏ

Vəli İlyasov

Qondarma seçkilərə qədər çox “papaqlar boş qalacaq”

18 iyul 2019 20:55
1553

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılan qondarma separatçı rejim 2020-ci ildə “prezident seçkiləri” keçirəcək. Ancaq buradakı bir ovuc erməninin fikirlərinin bir-birinə əks olduğu üçün namizədlər arasında kəskin mübarizə olacağı şəksizdir.  Hazırda Azərbaycan torpaqlarında tüfeyli həyatı keçirən ermənilər arasında ciddi qarşıdurma yaşanır. 

Xəbər verilir ki, separatçı rejimin keçmiş “xarici işlər naziri” Armen Melikyan bütün qarşıdurmaları nəzərə alaraq Dağlıq Qarabağdakı siyasiləşmiş qruplar arasında  toqquşmaların qaçılmaz olacağını hesab edir. Qeyd edək ki, indi Ermənistanda onun kimi düşünənlər az deyil. Keçmiş “nazir”in fikrincə, əgər “prezidentliyə güzəştli namizəd” çıxmayacaqsa, Dağlıq Qarabağda vətəndaş toqquşması real olacaq. “Əgər Bako Saakyan, Samvel Babayan, Araik Arutyünyan, Vitali Balasanyan və digərləri ortaq “namizəd” və ya “namizədlər” tapıb, razılaşacaqlarsa, onda Dağlıq Qarabağda vəziyyət nisbətən sakit olacaq. Əgər bunun əksi olsa, daxili siyasi qarşıdurma hətta “vətəndaş müharibəsi”nə də çevrilə bilər. Belə olan halda bu, Azərbaycanın xeyirinə olacaq  və burada daha ciddi risklər yaranacaq”, - deyə o, təşvişlə bildirib.

Təbii ki, bölgədəki seçkiləri  Ermənistan hakimiyyəti idarə etməyə çalışacaq.  Ona görə də baş nazir Nikol Paşinyan birinci növbədə özünə düşmən saydığı Bako Saakyanı və onun komandasını sıradan çıxarmağa çalışacaq. Baş nazirə məlumdur ki, rejimin rəhbərinin ona güclü antipatiyası var.

Ümumiyyətlə, “Qarabağ klanı” əvvəldən Paşinyana qarşı mübarizə aparan böyük qruplardan biri olduğu üçün Paşinyanın hədəfində idi. Qeyd edək ki, Paşinyan məqsədinə çatmaq üçün müəyyən qədər “təmizləmə” işləri aparıb. Bako Saakyan o zaman Moskvaya pənah apararaq müəyyən qüvvələrin köməyi ilə öz postunu qoruyub saxlaya bildi. Ancaq Saakyan yaxşı bilir ki, Nikol Paşinyan ondan əl çəkən deyil və seçkilərdə “bildirçinin bəyliyi” sona çatacaq. Bako Saakyan anlayır ki, onun da aqibəti bir zamanlar sədaqətlə qulluq etdiyi eks-prezidentlərin aqibəti kimi ola bilər. Yada salaq ki,  bu klanın rəhbərləri olan keçmiş prezidentlərdən biri- Robert Koçaryan hazırda həbsdədir. Serj Sarkisyanın da həbsinə hazırlıq görüldüyü barədə məlumatlar yayılır. Mətbuata sızan məlumatlarda bildirilir ki, baş nazirin məxfi tapşırığına əsasən, Sarkisyanın əleyhinə kompromatlar toplanır. Hazırda onun yaxın qohumlarının adının korrupsiyada və rüşvətxorluqda , dövlət əmlakının mənimsənilməsində hallanması, bəzilərinin isə həbs edilməsi Sarkisyanın özünə yaxınlaşan təhlükədən xəbər verir. “Qarabağ klanı”nın sütunlarından biri sayılan keçmiş müdafiə naziri Seyran Ohanyan və digərləri də nəzarət altındadırlar.

İrəvanda “qazanlar qapalı qaynasa da” gələn il bütün çəkişmələrin nəticələri məlum olacaq.  Ancaq Xankəndidə və İrəvanda baş verən hadisələr açıq göstərir ki, “seçki” gününə qədər gərginlik ən yüksək həddə çatacaq və ona qədər çox “papaqlar boş qalacaq”.