KÖŞƏ

Sevinc Azadi

Sərhəd tanımayan erməni vəhşiliyi

18 fevral 2020 21:06
1369

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni faşizmi tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir

Xocalı dedikdə ilk öncə Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsi göz önünə gəlir. Faciənin xronikasına nəzər salsaq görərik ki, Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün olmuşdu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxarılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi. “Xocalı platsdarmının məhv edilməsi” sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.

Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur! Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?