KÖŞƏ

Sevinc Azadi

Ermənistanın fosforlu bomba taktikası

05 noyabr 2020 18:27
2472

Qadağan edilmiş bu silahlardan mülki vətəndaşlarımıza qarşı istifadə etməklə ermənilər öz terrorçu və faşist mahiyyətlərini bir daha nümayiş etdirmiş oldular

Artıq bir neçə gündür ki, Ermənistan Qarabağda fosforlu bombalardan istifadə edərək yanğınlar törədir. Terrorçu ölkənin fosforlu bombalardan istifadəsi ilk deyil. Düşmən qüvvələri daha öncə də, hətta atəşkəs dövründə də fosforlu bombalardan Azərbaycana, onun mülki əhalisinə qarşı istifadə etmişdi. Hələ 2016-cı ildə Ermənistan Tərtərin Əskipara kəndinə fosforlu bomba atmışdı.

Oktyabrın 8-də Ermənistan tərəfindən Füzuli rayonu ərazisinə 122 millimetrlik tüstülü top mərmisi atmışdı. Mərminin tərkibində 3,6 kiloqram ağ fosfor (P-4) var idi. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyini bildirmişdi. Ermənistan növbəti dəfə fosforlu bombalardan istifadə etməklə Azərbaycan Ordusuna zərər vurmaqdan başqa, kütləvi meşə yanğınları və Qarabağda ekoloji fəlakətin real təhlükələrini yaratmaq niyyəti güdür. Digər tərəfdən isə düşmən bu bombalarla meşə yanğınları törətmək və Azərbaycanın pilotsuz uçuş aparatlarından gizlənməyə çalışır.

Məlumdur ki, kimyəvi tərkibli ağ fosforlu hərbi sursat qadağan olunmuş silahlar siyahısına daxildir. Bəs bu silah nəyə görə qadağan olunub və onun yaratdığı fəsadlar hansılardır?

Fosfor Mendeleyevin elementlərin dövri sistemində 15-ci elementdir. Fosforun təbiətdə 3 allotropik modifikasiyası bilinməkdədir. Ağ, qara və qırmızı fosfor. Ağ fosfor zəhərlidir. Onu qızdırdıqda qırmızı fosfora çevrilir. Qırmızı fosfor kükürd və şüşə qırıntıları ilə birlikdə kibrit istehsalında istifadə olunur. Bombalarda isə ağ fosfordan istifadə edilir. Ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Bu kimyəvi silah insan orqanizminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, təngnəfəslik yaradır. Bu, təkcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir.

Xatırladaq ki, fosfor təyinatlı silahın istifadəsi düşmənin canlı qüvvəsinin gizləndiyi hər hansı bir hərbi obyektdən çıxarılması üçün istifadə edilir. Belə ki, tüstü və tərkibində güclü yanğın nəticəsində düşmənin canlı qüvvəsi gizləndiyi ərazidən çıxmağa məcbur qalır. Mərminin qəlpələri hətta suda belə sönmür. Ağ fosforlu bombalardan istifadə zamanı dinc əhali arasında tələfat riski böyükdür. Həmçinin fosforlu bombaların təsirindən yaralananları xilas etmək çətin olur. Onların bədənlərində ağ fosforun təsirindən əmələ gələn yanıqlar dərinin soyulmasına və dəhşətli yaralara yol açır ki, bu yaraları da müalicə etmək mümkün olmur.

Bu silahın istifadə edilməsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər qəbul edilib. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyasi qəbul edilib. Bundan başqa 1949-cu il müharibəsi qurbanlarının qorunması haqqında Cenevrə konvensiyaları və 1977-ci ildə onlara qəbul edilmiş əlavə protokollar, "Adi silahların konkret növləri haqqında konvensiyaya" III protokol (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi sliahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya) var. Sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə olmaq etibarı ilə ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silahdan tətbiq etməklə hücum qadağan edilir. Yandırıcı silahın, xüsusilə ağ fosfor və digər maddələrlə istifadəsinin nə olduğunu başa düşmək üçün bu silahın istifadəsi nəticəsində alınmış yaraların fotolarına baxmaq kifayət edir. Yaxın zamanlarda baş vermiş müharibələr zamanı ağ fosfor bombasından Suriyada Əsəd rejimi tərəfindən istifadə olunduğu bildirilirdi. Əsəd qüvvələri İdlib vilayətini bombardman edərkən, habelə Şərqi Qutada bu bombalardan istifadə etdiyi deyilirdi.

Bütün bunlara baxmayaraq, erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan Azərbaycana, onun mülki vətəndaşlarına qarşı istifadə etməkdə davam edir. Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutur.

Bir neçə gün öncə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə müraciətlər daxil olub. Daxil olmuş 25 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Minəxorlu, Ağdam rayonunun Əfətli kəndləri, Bərdə rayonu, Füzuli rayonunun Alxanlı kəndi, Tərtərin Köçərli, Qaynaq, Qazyan, Səhləbad, Yenikənd kəndləri, Ə.İsmayılov, H.Aslanov, T.Rəhimov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 2 ədəd 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket (9M528) zərərsizləşdirilib.