KÖŞƏ

Sevinc Azadi

Paşinyanın yalanlarının ömrü 44 gün oldu

19 noyabr 2020 18:59
2728

Ermənistan adlı dövlət və erməni cəmiyyəti təkcə hərbi məğlubiyyətinin deyil, həm də öz yalanlarının acısını artıq yaşayır

Kələklə gələn, küləklə gedər, deyirlər. Ermənistanın baş naziri Nikol Paşinyan kimi. Kələklə hakimiyyətə gələn baş nazir indi küləyə duruş gətirməyə çalışır. Dediyi sözün belə mənasını anlamayan bu küçə “demokratı” Ermənistanın hərbi məğlubiyyəti ilə şərtlənən acınacaqlı durumunu məntiqlə izah edə bilmir. Ona görə ki, bu məğlubiyyətinin kökləri daha dərindir. İlk öncə ermənilərin məğlubedilməzliyi haqda özlərinin uydurduqları mif darmadağın oldu. Faşizm ideoloqu Gebbelsin dediyi kimi, ermənilər bu yalanı o qədər təkrarlamışdılar ki, nəinki havadarları, özləri də öz yalanlarına inanmışdı. 44 gün davam edən hərbi əməliyyatlar dövründə Ermənistan döyüş meydanı ilə yanaşı, informasiya məkanında da darmadağın edildi. İlk gündən yalan, həqiqəti əks etdirməyən informasiyalar yayan Ermənistan tərəfi bütün imkanlardan istifadə edərək acınacaqlı durumlarını erməni xalqından gizlətməyə çalışdı. Düşünmürdülər ki, bütün bu yalanlarının ömrü uzun olmayacaq.

Hərbi əməliyyatların ilk günündən başlayaraq baş nazir Nikol Paşinyandan Ermənistan Müdafiə Nazirliyinin təmsilçiləri Şuşan Stepanyana, Artsrun Ovannisyana və başqalarına qədər hamı hər gün yalan danışdı. Yaradılmış informasiya vakuumunda bu, müvəqqəti effekt versə də, son nəticədə hər şeyin üstü açıldı. Azərbaycan Ordusunun qazandığı uğurların Ermənistanda yarada biləcəyi böhran vəziyyətindən narahat olan Paşinyan və onun hakimiyyəti hər vəchlə bu uğurları inkar edir, həqiqəti əks etdirməyən informasiyalarla erməni əhalinin başını qatırdı.

Azərbaycan Ordusu ard-arda torpaqlarımızı işğaldan azad etdikcə, Artsrun Ovannisyan və Şuşan Stepanyan sosial şəbəkələrdə saxta kadrlar, videogörüntülər yayaraq uğursuzluqlarını ört-basdır etməyə çalışırdı. Həmçinin A.Ovannisyan keçirdiyi mətbuat konfranslarında da bir qayda olaraq erməni xalqına uydurma nağıllar danışmaqla məşğul idi. Aram Qabrielyanovun təsiri altında olan Semen Peqovun “Wargonzo” layihəsi vasitəsilə hazırlanan saxta kadrları yayan, sosial şəbəkələrdə özlərini “qalib” kimi təqdim edən Ovannisyan indi öz yalanlarının güdazına getdi. Erməni qoşunlarının geri çəkilməsini guya Azərbaycan Ordusunun itkilər verərək geri çəkilməyə məcbur edildiyi kimi təqdim edən Şuşan Stepanyan Şuşanın azadlığına qovuşduğu günədək həyasızcasına hələ də Hadruta guya ermənilərin nəzarət etdiyini söyləməkdə davam edirdi. Bu faktlar düşmənin illərdir yürütdüyü siyasət də daxil olmaqla, bütün fəaliyyətinin yalanlar üzərində qurulduğunun isbatıdır.

Ermənistan tərəfindən döyüş əməliyyatlarının coğrafiyası və nəticələri barədə uydurmalar o həddə çatdı ki, müstəqil informasiya kanallarına, sosial şəbəkələrə müharibə bəhanəsi ilə çıxışı qapadılmış sadə ermənilər hətta Ermənistan ordusunun Bakıya çatdığını zənn etməyə başladılar. Müharibənin ilk günlərindən bütün cəbhəboyu geriləyən Ermənistan ordusu bəzi ermənilərin uydurmalarına görə, artıq Azərbaycanın digər tarixi torpaqlarını işğal etmək üçün döyüşür kimi qələmə verilirdi. Baqramyan-26 teleqram kanalı, Semen Peqovun “Wargonzo” layihəsi vasitəsilə döyüşlərin son gününə qədər açıq-aşkar saxtakarlıqla məşğul olan düşmən noyabrın 10-da döyüş meydanında olduğu kimi, informasiya məkanında da ağ bayraq qaldırmağa məcbur edildi.

Bu cür ağır hərbi məğlubiyyətə düçar olan istənilən ölkədə ictimai-siyasi mühitin gərginləşməsi, cəmiyyətin parçalanması və rəhbərin istefası labüddür. Qarşıdurmanın son həddi vətəndaş müharibəsi, ən pis halda isə dövlətin süqutudur. Müşahidə etdiklərimiz göstərir ki, Ermənistan cəmiyyəti də hazırda ciddi gərginlik, qarşıdurma və daxildən parçalanma dövrünü yaşayır. Paşinyanın yaxın çevrəsində istefalar artsa da, özü hələ ki, istefa vermir. Səbəbi təkcə inadkarlıqla bağlı deyil. Paşinyanı hakimiyyətə gətirən xarici güclər köməyini ondan indi də əsirgəmirlər. Ermənistanda qərbyönümlü və Rusiyaya meyilli siyasi qüvvələr təxminən bərabər şəkildə bölünüb. Hər iki qüvvəyə xaricdən göstərilən siyasi dəstəyin əlamətləri artıq görünür. Belə bir vəziyyətdə Ermənistanın vətəndaş müharibəsinə sürüklənməsi ehtimalı yüksəkdir. Odlu silah və ondan istifadə etmək arzusunda olan ermənilər kifayət qədərdir. Kənardan atılan qığılcım yetərlidir ki, bu, baş versin. Amma hər iki xarici güc hələ ki, bunu etmir. Çünki onlardan hər biri anlayır ki, qığılcımları qələbə ilə nəticələnməsə, laxlamış siyasi dayaqlarını Ermənistanda birdəfəlik itirəcək. Qarşı-qarşıya dayanan hər iki erməni toplumu da başa düşür ki, yalnız bir seçimləri var. Bu seçim isə iki fərqli xarici siyasi ünvandan birinin dəstəyinin itirilməsi demək olacaq...