KÖŞƏ

Sevinc Azadi

Fransanın ikibaşlı siyasəti

27 noyabr 2020 17:36
2370

Bu gün müxtəlif Avropa dairələrində Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe tutan, ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istiqamətində fəal iş aparan Fransa öz utancverici tarixi keçmişinə nəzər salsa daha məntiqli olar

II Qarabağ müharibəsinin Ermənistanın biabırçı məğlubiyyəti ilə nəticələnməsi erməni diasporunu bir sıra addımlar atmağa vadar edib. Onlar dünya ölkələrinin parlamentlərində və şəhərlərin qanunverici qurumlarında qondarma “dqr”in tanınması istiqamətində addımlar atırlar. Qeyd edək ki, müharibənin gedişi və ondan sonrakı dönəmdə ermənilər bir neçə ölkədə bəzi şəhərlərin Dağlıq Qarabağdakı qondarma qurumun müstəqilliyini tanıması ilə bağlı məlumatlar yayır, bunu böyük siyasi uğur kimi təqdim edirlər. Xatırladaq ki, Fransa Senatı da səsçoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qətnamə qəbul edib. Qətnamə tövsiyə xarakteri daşısa da, ciddi qalmaqala səbəb olub. Erməni KİV-in verdiyi məlumata görə, İtaliyanın Skio adlı şəhərinin  şəhər şurası da həmin ölkənin Senatına qondarma “dqr”in  müstəqilliyini tanımaq xahişilə məktub ünvanlamaq qərarına gəlib.

İlk öncə onu qeyd edək ki, Fransa Senatının yekdilliklə qondarma Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasına səs verəcəyi gözlənilən idi. Bədnam layihə bir həftə əvvəl qurumun 5 əsas fraksiyası tərəfindən dəstəklənmişdi. Noyabrın 25-də onlar erməni məsələsində birləşərək beynəlxalq hüquqa ağır zərbə endirdilər. Fransa Senatı bu addımı ilə müharibədən yarımcan çıxmış işğalçı Ermənistanı dirçəltməyə çalışır. Belə bir təşəbbüsün Fransa prezidenti Emmanuel Makronun başı altından çıxdığına zərrə qədər də şübhə yoxdur. Beynəlxalq hüququ və BMT qətnamələrinin icra edilməsində Azərbaycanın qarşısını almaqda aciz qalan Fransa, görünür, Qarabağ ermənilərinə yardım etmək üçün son çıxış yolunu belə provokativ addımlar atmaqda görür. Bununla da Fransa beynəlxalq hüququ tanımadığını əməli fəaliyyəti ilə sübut edir. Paris işğalçı Ermənistana himayədarlıq etməklə öz xislətini açıq-aydın göstərir. Lakin Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Bununla da Fransa regionda və dünyada itməkdə olan nüfuzunu geri qaytarmaq istəyir. Bu da Fransa hakimiyyətinin hələ də yeni reallığı qəbul edə bilmədiyini açıq göstərir. Bu gün müxtəlif Avropa dairələrində Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe tutan, ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istiqamətində fəal iş aparan Fransa öz utancverici tarixi keçmişinə nəzər salsa daha məntiqli olar. Belə ki, Əlcəzairdə törətdiyi soyqırımın cəzasını almayan rəsmi Paris, işğalçı Ermənistana himayədarlıq etməklə öz siyasətinin qayəsini açıb ortaya qoyur.

Qısa xatırlatma: 1945-ci ilin 8 may tarixi.  Fransa üçün" qurtuluş", Əlcəzair üçün soyqırım günü. Fransız müstəmləkəsi Əlcəzair, nasist Almaniyası tərəfindən işğal edilən Fransanın qurtuluşu üçün gənclərini müharibəyə göndərdi. Qarşılığında Fransadan yalnız müstəqillik istədi. Fransa təklifi qəbul etdi. Almaniya, əlcəzairli əsgərlərin dəstəyi ilə məğlub edildi. Fransanın qələbəsi Əlcəzairdə bayram kimi qeyd olundu. Küçələrə tökülən xalq onlara  verilən müstəqillik sözünün tutulacağını düşünərək  təntənəli yürüşlər keçirdi. Ancaq Fransa verdiyi sözü tutmadı. Yürüşə qatılan xalqın üzərinə işğalçı fransız əsgərləri tərəfindən atəş açıldı. Qətliam günlərlə sürdü. Günahsız insanlar evlərindən çıxarılaraq  güllələndi. Kəndlər və qəsəbələr bombalarla yerlə bir edildi. Fransız əsgərləri təxminən 45 min əlcəzairlini qətlə yetirdi. Qadın, uşaq, yaşlı, gənc demədən onminlərlə əlcəzairli fransız əsgərlərinin güllələrinə tuş gəldi. Əsgərlər yolda qarşılarına çıxan əlcəzairliləri öldürürdü. Bununla kifayətlənməyən fransız əsgərlər əlcəzairli müsəlman qadınlara təcavüz etdi. Qətlə yetirilən onminlərlə əlcəzairli şəhərdən kənarda nəhəng quyularda basdırıldı. Bir qismi isə yük maşınlarına doldurularaq əhəng sobalarında yandırılmağa aparıldı. Əlcəzairlilərin cəsədləri nasist sobalarına bənzəyən ölüm sobalarında yandırıldı. 1945-ci il Fransanın tarixində utanc ili kimi həkk olundu. Əlcəzair hökuməti Fransa hökumətindən qətliam barədə dəfələrlə üzr tələb etməsinə baxmayaraq, Fransa bu tələbi yerinə yetirmir.

Ruanda Araşdırma Komissiyasının hazırladığı 500 səhifəlik hesabatda  Fransanın bu ölkədə 1994-cü ildə törətdiyi soyqırım haqqında təfsilatı ilə yazılırdı. Bu hesabatdan sonra BMT, 1994-ci ilin iyun-avqust aylarında Ruandada 800 min tutsi və hutunun ölümü ilə nəticələnən soyqırım haqqında bir araşdırma komissiyası yaratdı. Hesabat Fransa və Avropada bomba effekti yaratdı. Türkiyəni hər fürsətdə saxta "erməni soyqırımı" ilə suçlayan  Fransanın Ruandada soyqırıma dəstək verdiyi, fransız əsgərlərinin bu qanlı prosesdə iştirakı faktlarla üzə çıxdı. Komissiya hesabatında, Ruanda hökumətindən Fransa dövlətinə qarşı beynəlxalq qurumlarda cinayət işinin açılması tələb edilirdi. Fransa, müxtəlif üsullarla Ruanda hökumətinə təzyiqlər göstərərək sözügedən soyqırıma rəsmilik verilməməsi üçün can atır. Bundan başqa, Fransanın Afrikada Benin, Qabon, Burkina-Faso, Qana, Kamerun kimi ölkələrdə də qətliamlar törətdiyi məlumdur.

Bu faktlar özü özlüyündə Fransanın Ermənistan və digər sələfləri kimi Avropada Hitler Almaniyasının davamçısı olduğunu deməyimizə əsas verir. Faşizmin buynuzu olmur. Faşist digər ölkələrin ərazisini işğal edir, qətllər törədir, milli, dini-irqi ayrı-seçkilik aparır. Necə ki, bu gün Fransa və Ermənistan bunu edir. 1987-1988-ci illərdən azərbaycanlılara qarşı başlayan etnik təmizləmə siyasəti nəticəsində bu gün imperializmin laboratoriyası olan Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı yoxdur. Azərbaycanda isə mənzərə tamamilə fərqlidir. Hər kəs çox gözəl bilir ki, işğalçı Ermənistan istər beynəlxalq norma və prinsiplər baxımından, istərsə də güc amili cəhətdən Azərbaycanın qarşısında duruş gətirə bilməz. Amma Ermənistana işğalçılıq dərsini keçən Fransa Azərbaycanı haqsızlıqda suçlayır. Sərhəd olduğu dörd ölkədən üçünə (Azərbaycan, Gürcüstan və Türkiyəyə) qarşı ərazi iddiasında olaraq region və dünya üçün təhlükə mənbəyinə çevrilən Ermənistanın bu əxlaqsızlığı haradan öyrəndiyi artıq gün kimi aydındır.