KÖŞƏ

Sevinc Azadi

Ermənistan növbəti dəfə küncdə

30 noyabr 2021 02:57
1768

Rəsmi Bakı Soçi görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu

Azərbaycan ötən ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib, gərəkən bütün addımları atıb. Eyni zamanda, Azərbaycan dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. Lakin ötən bir il müddətində Ermənistan tərəfi Azərbaycanın konstruktiv təkliflərinə adekvat münasibət göstərməyib. Bu ölkənin hakimiyyət orqanları ara-sıra pozitiv fikirlər səsləndirsələr də, konkret fəaliyyət göstərməkdən uzaq olublar. Ötən dövr ərzində sərhəddə baş verən insidentlər də məhz Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən meydana çıxıb. Rəsmi Bakının mövqeyi isə aydın və dəqiqdir: gələcəyə baxmaq, regionun inkişafına xidmət edən iqtisadi potensialı hərəkətə gətirmək, kommunikasiyaların açılmasını, sülhü və təhlükəsizliyi təmin etmək.

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş sözügedən məsələlərin həlli baxımından olduqca mühüm əhəmiyyət daşıyırdı. Üçtərəfli görüşdə Rusiya prezidentinin əsasən Azərbaycanlı həmkarı ilə görüşdə toxunduğu məqamlara və onun mövqeyinə istinad göstərməsi, Moskvanın postmünaqişə dövründə məhz Bakının siyasi xəttini dəstəklədiyindən xəbər verirdi. Dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalı olması zərurətini vurğulayan Vladimir Putinin “Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır” ifadəsi əslində bu müstəvidə Azərbaycanın konstruktiv təkliflərini əngəlləməyə çalışan erməni tərəfinə və şəxsən Ermənistanın baş nazirinə xəbərdarlıq idi. Başqa sözlə desək, Moskva bu məsələdə rəsmi Bakının mövqeyinin yalnız Azərbaycan və Ermənistan yox, həm Rusiya, həm də 3+3 formatında iştirak edə biləcək ölkələrin hamısının maraqlarına cavab verdiyi həqiqətini dəstəklədi.

Soçi görüşünün yekunlarına dair qəbul edilən birgə Bəyanatda Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımların atılması, dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə əldə olunan razılığın öz əksini tapması bunun əyani sübutudur.

Qeyd edək ki, Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin mövqeyi və təklifləri Bəyanatda qeyd-şərtsiz öz əksini tapmışdır. Dövlət başçısı üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı: “Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”.

Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı. Rusiya Prezidenti də iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiya işlərinin başlanılmasını vacib hesab etdi. Eyni zamanda, Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından danışdı və bunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı. Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Zəngəzur dəhlizini açacağıq - istər danışıqlarla, istərsə güc yolu ilə. Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, proseslər Zəngəzur dəhlizinin açılmasına doğru aparır.

Onu da qeyd edək ki, Ermənistanın baş nazirinin onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat və şəxsən Vladimir Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə güzəştə getməyə məcbur oldu. Bəyanatda Qarabağ ifadəsinin yer almaması, erməni tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması da Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin təntənəsidir.

Bütövlükdə, Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi oldu. Bütün bunlar göstərir ki, rəsmi Bakı Soçi görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu.