KÖŞƏ

Sevinc Azadi

“Human Rights Watch”un bitib-tükənməyən qərəzi

18 yanvar 2022 23:58
2188

Təşkilatın Azərbaycanla bağlı yaydığı növbəti hesabatda real faktlar kobudcasına təhrif edilir, dünya ictimaiyyəti açıq-aşkar aldadılır

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı hər zaman ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilib. Təşkilat gah Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasından, gah da mətbuat azadlığının boğulmasından bəhs edib. Hətta 44 günlük Vətən müharibəsinin davam etdiyi dövrlərdə təşkilat mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək guya bu müddətdə klastr sursatlarına əl atdığını bildirirdi. Halbuki Ermənistan bu müddət ərzində üç dəfə əldə olunan atəşkəs razılaşmasını kobud şəkildə pozaraq iki dəfə Gəncəni, bir dəfə Bərdəni raket atəşinə tutaraq öz faşist siyasətinə sadiqliyini bir daha nümayiş etdirdi. İşğalçı dövlətin bu addımları dünya birliyinə, xüsusilə danışıqlar çağırışı edən dövlətlərə hörmətsizlik kimi dəyərləndirildi. Bu dəyərləndirmə  ədalət meyarını, beynəlxalq hüququn norma və prinsiplərini əsas tutanlara xasdır. Amma dünya illərdir bu meyarları maraqları arxasında əritdiyindən Ermənistanın atəşkəs sazişini pozmasını hörmətsizlik kimi yox, beynəlxalq səviyyədə qəbul olunan “prinsiplər” kimi qəbul etdi. Belə olmasaydı işğalçı dövlətin beynəlxalq hüquq çərçivəsində qadağan edilmiş silahlardan istifadəsini normal hesab etməz, törətdikləri terror aktlarına yerində və zamanında münasibət bildirərdilər.

Qayıdaq qurumun 2021-ci il üzrə hesabatına. Hesabatda iddia edilir ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb. Ermənistanda 71 məktəb necə dağıdıla bilərdi? Axı, Azərbaycan tərəfindən Ermənistana bir güllə belə atılmayıb. Yoxsa, bu üzdəniraq təşkilat işğaldan azad edilmiş torpaqları Ermənistanın ərazisi hesab edir? Belə çıxır ki, dünyanın 102 ölkəsində insan haqlarının durumunu təsvir edən, hüquqların məhdudlaşdırılmasını stimullaşdıran amilləri dəyərləndirən hesabat müəllifləri İkinci Qarabağ müharibəsinin Azərbaycan torpaqlarında aparıldığını, işğaldan azad edilən ərazilərdə bir zamanlar Ermənistanın məskunlaşma siyasəti yürütdüyünü, həmin torpaqlardakı məktəblərin də qanunsuz tikildiyini görməzlikdən gəliblər. Hesabatda Azərbaycanla Ermənistana bərabər şəkildə – 7 səhifəlik həcmlik yerin ayrılması təcavüzkarın gizlədilməsi məqsədindən başqa bir şey deyil. 102 ölkədə “hər şeydən xəbərdar olan” “ekspertlər” ya Qarabağın hansı ölkəyə məxsus olduğunu “unudublar”, ya da məqsədli şəkildə “zavallı” Ermənistanın yanında yer alıblar. Hər halda bu məsələdə ikinci variant daha məntiqli və ağlabatan görünür. Daim obyektivlikdən, insan haqlarının qorunmasının zəruriliyindən danışan hesabat müəlliflərinin Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışmaları “Human Rights Watch” qurumunun tez-tez dünyada bəyan etdiyi ədalətlilik prinsipinin əsl mahiyyətini ortaya qoyur.

Sadalanan faktlara göz yuman hesabat müəllifləri bu azmış kimi, azərbaycanlıları “..erməni mülki şəxslərə, hətta yaşlı insanlara, uşaqlara qarşı işgəncə törətdiklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə görə..” də ittiham ediblər. Hesabatdakı “faktlar”la, “statistik”a ilə tanış olan, bölgədə baş verənlərdən xəbərsiz olan hansısa üçüncü ölkənin vətəndaşlarında Qarabağın reallıqda kimə məxsus olması barədə haqlı suallar ortaya çıxa bilər. Belə isə “Human Rights Watch”un obyektivlikdən danışıb obyektivlikdən uzaq olan “ekspertlər”inin məqsədi nədir? Cavab aydındır. Beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycanla Ermənistan, təcavüzdən zərərçəkənlə təcavüzkar arasında bərabərlik işarəsi qoymaq.

Qeyd edək ki, BBC-nin hələ 2020-ci ilin oktyabrındakı məqaləsində “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Human Rights Watch” və “Amnesty International” qurumlarını Azərbaycana dəvət etməsi xəbər verilib. Bundan sonra HRW ekspertləri Azərbaycana gəliblər. 44 günlük müharibənin gedişatı, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd hərəkətləri ilə bağlı araşdırma aparıblar. Araşdırmanın nəticəsi olaraq “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə hazırlanıb. “Human Rights Watch” qurumunun həmin məruzəsində qeyd edilib ki, “2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qanunsuz olaraq kasetli silahlardan istifadə ediblər. Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Ancaq “Human Rights Watch” əks etdirdiyi faktları bugünlərdə yayımladığı ümumi illik hesabatına salmayıb. Məqsəd aydındır: Müharibədən azacıq sonrakı dövrdə qeydə alınan faktlar sonuncu hesabatdakı “faktlar”ı tamamilə təkzib edir.

Göründüyü kimi, 30 ilə yaxın dövrdə, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bu reallıqlar qabarıq şəkildə özünü büruzə verdi ki, bəzi dairələr ədalətsizlikdən ideoloji və təbliğat vasitəsi kimi istifadə etməyə çalışırdılar. Azərbaycan 30 ildir ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsini dünyaya soyqırımı kimi qəbul etdirmək üçün diplomatik mübarizə aparır. Erməni vəhşiliyinin ən yüksək, insanlığa sığmayan forması olan bu faciəyə biganə yanaşan əksər dövlətlərin heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanıması, ölkəmizlə bağlı hansısa ədalətsiz, heç bir əsası olmayan mövqe sərgiləməsi qəbuledilməzdir.