KÖŞƏ

Sevinc Azadi

İtkin düşən talelər

31 avqust 2022 01:14
6298

Ermənistan diqqəti törətdiyi cinayətlərdən yayındırmağa çalışsa da gec-tez cavab verməli olacaq

Avqustun 30-u Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur. Beynəlxalq İtkin Düşmüşlər Günü dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunmuşdur.

Beynəlxalq Qırmızı Xaç Komitəsi müharibələr zamanı itkin düşmüş şəxsləri axtarıb tapmaq işinə görə şöhrət qazanmışdır. Lakin hətta bu təşkilat da dünyada itkin düşmüş insanların dəqiq sayını göstərməyə acizdir. Amma bu cür insanların sayı yüz minlərlə, bəlkə də milyonlarladır. İtkin düşmüş şəxslərin ailələri dərd və üzüntü içərisində öz yaxınlarının taleyi barədə cavab almaq istəyirlər. Beynəlxalq İtkindüşmüşlər Günü üzv dövlətlər, bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirirlər.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı yaranmış humanitar böhranın nəticələrinin aradan qaldırılması məqsədilə 1993-cü ildə yaradılıb. Dövlət Komissiyası yarandığı vaxtdan etibarən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edir. Dövlət Komissiyasının son məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər. Bir neçə fakta nəzər salaq.

1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Azərbaycanın aidiyyəti dövlət qurumlarının radio əks-kəşfiyyat xidməti tərəfindən Ermənistanın Azərbaycan xalqına qarşı belə hərbi cinayətlərindən biri ifşa edilmişdir. Əldə edilmiş materialda Ermənistanın Basarkeçər rayonundakı qərargah radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya bölgədəki bütün səyyar radiostansiyalara təcili əmr verilmişdir ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları, o cümlədən qocalar, qadınlar və uşaqlar təcili məhv edilib, basdırılsın. Məqsəd isə törətdikləri cinayətlərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən gizlətmək olmuşdur. Faktlar var ki, öz yaxınlarını axtaran qohumlar aldadılaraq girov götürülmüş və ya öldürülmüşdür.

31 dekabr 1992-ci ildə Qazax rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş İsayev Əsgər İsmayıl oğlunun axtarışı ilə məşğul olmuş qardaşı İsayev Cahangir İsmayıl oğlu və bacısının həyat yoldaşı Məmmədov Məmməd Qərib oğlu 7 noyabr 1993-cü il tarixdə Ermənistanın Gürcüstanla sərhəd ərazisinə gedərək orada ermənilərlə danışığa girmiş və sonda Əsgər İsayevlə görüşdürəcəkləri və onu azad edəcəkləri adı altında aldadılaraq Ermənistana aparılmışlar. Hazırda onların hər üçünün taleyi naməlumdur.

1993-cü ilin fevral ayında Azərbaycanın Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri Quliyev Xaqanı Nurəddin oğlunun axtarışı ilə məşğul olmuş doğmaları öz təşəbbüsləri ilə Rusiyada yaşayan ermənilərlə əlaqə yaradıblar. Onları Xaqani Quliyevin sağ olduğuna inandırmış ermənilər 25 min ABŞ dolları müqabilində onu azad edəcəklərini bildiriblər. Yaxın qohumlarının köməkliyi ilə həmin vəsaiti toplamış Xaqani Quliyevin qardaşı Mahir Quliyev 1996-cı ilin yayında Rusiyaya gedib. Lakin ermənilər göstərilən məbləği gətirmiş Mahir Quliyevin özünü də orada qətlə yetirərək pulu götürüb və qaçıblar.

Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 54 nəfəri Ermənistan tərəfində saxlanıldıqları vaxt sağ ikən onlarla müxtəlif vaxtlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri görüş keçirib. Sonradan onlardan 17-sinin meyiti təhvil verilib, 33-nün ölümü barədə məlumat verilsə də onların meyitləri qaytarılmayıb, 4-ü barədə isə ümumiyyətlə heç bir məlumat almaq mümkün olmayıb. Birinci Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib. Şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib.

Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alaraq yerlə-yeksan edilmiş, dinc əhali pusquya salınaraq onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb. 8 ailə tamailə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülmüşdür. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.

Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı işğalçı ölkə tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Lakin, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. 2021-ci ilin fevral-2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.