KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Müxalifətçilik ölkəyə düşmən kəsilməkdirmi?

07 fevral 2018 23:20
5784

Prezident İlham Əliyevin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamı dağıdıcı müxalifətin kürkünə növbəti dəfə bit salıb. Belə ki, dağıdıcı düşərgənin “fəalları” Əli Kərimli və Cəmil Həsənli “Facebook” səhifələrindən 25 ildir ki, danışdıqları “nağıl”ları təkrarlayaraq öz aləmlərində seçkiləri boykot etdiklərini bildiriblər.

Əslində dağıdıcı müxalifətin bu cür “addım”ı  gözlənilən idi. Məsələ burasındadır ki, 25 ildir ki, kürsü davası edən Əli Kərimli bu illər ərzində nəinki nəyəsə nail olub, əksinə olan-qalan nüfuzunu da itirib. Bu baxımdan da dağıdıcı müxalifəti təmsil edən istənilən şəxsin seçkilərdə ağır məğlubiyyətə uğrayacağı məlumdur və bu, onların özlərinə də bəllidir. Lakin buna siyasi don geydirmək dağıdıcı müxalifət üçün yeni deyil və onların mahiyyətini bir daha üzə çıxarır. Aydın məsələdir, pişiyin ağzı ətə çatmayanda deyir, ət iylənib.

Bu gün dağıdıcı müxalifətin “fəaliyyəti” ancaq virtual məkandadır və paradoks da olsa, bu adamları dəstəkləyənlər də saxta profillərdir. Hansı ki, bu saxta profillər həm də trol funksiyasını yerinə yetirir. Lakin belə “fəaliyyət”  ilə dağıdıcılar ancaq özlərini və xarici havadarlarını aldada bilərlər. Reallıqda isə məlum məsələdir ki, saxta profillər nə mitinqə getmək, nə də ki, səs vermək iqtidarında deyil. Özlərinin iddialarına inansaq,  təkcə Ə.Kərimlinin “Facebook”dakı səhifəsinin iki yüz mindən çox izləyicisi var. Ancaq mitinq keçirmək istəyəndə bu adam meydana heç 2 min insan da yığa bilmir.  Bax elə dağıdıcı müxalifətin rüsvayçılığı da buradan başlayır.

Siyasətçidən çox bloggerliyi ilə məşhurlaşan Ə.Kərimli sosial şəbəkədə paylaşdığı növbəti videoçarxda  iddia edib ki, prezident seçkiləri oktyabr ayında keçirilsəydi, bu vaxta qədər ölkədə xeyli mitinq keçirə bilərdi. Adama deyən lazmdır, axı, nə vaxta qədər utanmadan oynamaq olar? AXCP sədri qədər utanmadan oynayan insanın ən azından baş fırlanardı. Ancaq Kərimlinin başının fırlandığını dəqiq deyə bilməsək də, ürəkləri bulandırdığı açıq-aydın ortadadır.

Bununla belə Ə.Kərimli ilə C. Həsənli ölkədə siyasi sabitliyi pozmaqda maraqlıdırlar və bunu bu günlərdə sosial şəbəkə vasitəsilə insanları hakimiyyətə qarşı müqavimətə çağırmaqla bir daha sübut etmiş oldular. Bu adamlar özlərini ictimaiyyətə müxalifət institutunun təmsilçiləri kimi sırımağa çalışsalar da, əslində özləri də bilmədən şəxsi mahiyyətlərini ortaya qoyublar: müxalifətdə olmaq, ölkəyə düşmən kəsilmək deməkdirmi? Söhbət ondan gedir ki, bu,  bütövlükdə dağıdıcı müxalifətin faciəsidir.