22 iyun 2024 13:13
354

Balkanlarda böyük elektrik enerjisi kəsintisi baş verib

Monteneqro, Bosniya və Herseqovina, Albaniya və Xorvatiyanın Adriatik sahillərinin əksər hissəsində elektrik enerjisi verilişində böyük fasilə yaranıb. Nəticədə anomal isti havada bir çox çətinliklər yaşanıb.

“İki sahil” xəbər verir ki, geniş yayılmış kəsintinin səbəbləri naməlum olaraq qalır. İlkin ehtimala əsasən, bu, bölgəni bürümüş hədsiz istilər səbəbindən elektrik istehlakında kəskin artımla əlaqəli ola bilər.

Dünən Monteneqronun paytaxtı Podqoritsada havanın temperaturu 38 dərəcəyə yüksəlib. Yerli elektrik operatoru CEDIS ölkənin böyük bir hissəsində elektrik enerjisinin kəsildiyini bildirib.

Bosniyada paytaxt Sarayevoda, Banja Luka və Mostar şəhərlərində elektrik enerjisi verilişi dayandırılıb. Xorvatiyanın Split şəhərində işıqforlar işləmədiyindən nəqliyyatın hərəkəti dayandırılıb. Yerli HEP enerji şirkəti “enerji təchizatını mümkün qədər tez” təmin etmək üçün istehsal resurslarını tam səfərbər edib.

Albaniyanın aparıcı telekanalı ölkənin paytaxtı Tiranada və bir sıra şəhərlərdə də elektrik enerjisinin olmadığını bildirib.