22 iyun 2024 14:26
206

İyulun əvvəlində MİQ imtahanları keçiriləcək

Müəllimlərin işə qəbulu (MİQ) üzrə elektron ərizələrin qəbulu və emalı artıq bir neçə günə başa çatacaq.

“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O vurğulayıb ki, növbəti həftə ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola biləcəklər: "İyul ayının ilk yarısında imtahanların keçirilməsi nəzərdə tutulur".

Şöbə müdiri vakant yerlərlə bağlı məsələyə də toxunub: "Təkrar sertifikasiyadan sonra işdən azad edilən müəllimlər olub. Eyni zamanda yeni tədris ilindən yeni fəaliyyətə başlayacaq məktəblər və siniflərlə bağlı hazırda tədqiqat aparılır. Müvafiq proqram təminatına artıq vakant yerlərin daxil edilməsi prosesi başlayıb. Test mərhələsi başa çatandan sonra vakant yerlər müəllimlərə təqdim olunacaq".