15 iyul 2024 17:10
372

Dini mərasimlər azyaşlıların psixikasına mənfi təsir edir

Bu cür mərasimlərdə iştirak edən uşaqlar həm sağlamlıq, həm təhlükəsizlik, həm də psixoloji problemlər yaşaya bilər

Azərbaycanda din dövlətdən ayrıdır və hər kəsin dini etiqad və vicdan azadlığı konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla qorunur. Bu qanunvericilik aktları insanların dini inanclarını sərbəst şəkildə ifadə etmələrinə və dini ayinlərini yerinə yetirmələrinə imkan yaradır. Bu kontekstdə, fərdlər və cəmiyyətlər öz dini mərasimlərini və bayramlarını sərbəst şəkildə keçirə bilirlər. Bununla belə, dini etiqad azadlığının həyata keçirilməsi zamanı dövlətin təhlükəsizlik, ictimai asayiş və digər qanuni mənafelərini nəzərə almaq vacibdir. Bu balansın qorunması, dinlərarası harmoniya və cəmiyyətin birgəyaşayışını təmin etmək üçün mühüm rol oynayır.

Xüsusilə Aşura mərasimlərinin keçirilməsi zamanı daha sülhsevər və təhlükəsiz metodların seçilməsi həm fərdi, həm də icma səviyyəsində daha sağlam bir mühitin yaradılmasına kömək edə bilər. Aşura, İslam dünyasında Məhərrəm ayının onuncu günü qeyd olunan mühüm bir dini hadisədir. Bu gün İmam Hüseynin Kərbəla döyüşündə şəhid olması ilə əlaqələndirilir və böyük matəm mərasimləri ilə qeyd olunur. Lakin bir çox vaxtlarda bu dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına da rast gəlinir. İslamın bir çox alimləri və din xadimləri bu ifratavarma hallarının dinin əsas prinsipləri ilə uyğun olmadığını bildirir və onu tənqid edirlər.

Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Müraciətdə deyilir: “Şura olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir”.

Təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların sağlamlığına təhlükə yaradır

Aşura mərasiminə azyaşlı uşaqların və körpələrin aparılması da  bəzi ciddi təhlükələr və risklər yaradır. Ümumiyyətlə, azyaşlı uşaqları dini ayinlərin icra olunduğu məkanlara aparmaq tövsiyə olunmur. Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu günlərdə vətəndaşlara birgə müraciət edib. Müraciətdə deyilir ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən, dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir. Bütün mərasimlər zamanı, o cümlədən iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür: “Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar".

İsti hava günvurma riski yaradır

Mütəxəssislərin fikirlərinə görə, isti havada, xüsusilə də yay aylarında keçirilən Aşura mərasimləri zamanı uşaqlar tez dehidratasiya ola bilər. Su itkisi onların sağlamlığına ciddi ziyan vurur. Günvurma riski yüksəkdir, xüsusən də uşaqlar uzun müddət günəş altında qalarsa, bu, baş ağrısı, baş gicəllənmə və hətta huşsuzluğa səbəb ola bilər. Kütləvi tədbirlərdə uşaqların nəfəs alması çətinləşir, bu da onların sağlamlığına mənfi təsir göstərən başlıca amillərdən biridir. İzdiham və sıxlıq şəraitində uşaqların itməsi və ya zərər çəkməsi riski də yüksəkdir. Sıxlıq şəraitində uşaqların izdiham səbəbindən ayaq altında qalması təhlükəsi də var. Bu, onların fiziki sağlamlığına ciddi ziyan vura bilər. Çox sayda insanın bir araya gəldiyi yerlərdə toz və allergenlər arta bilər ki, bu da astma və digər tənəffüs problemlərinə səbəb ola bilər. İzdihamlı yerlərdə virus və bakteriyalar daha asan yayılır və bu, uşaqların infeksiyalara məruz qalma riskini artırır.

Ağır emosional təsirinə məruz qala bilərlər

Aşura mərasimləri, xüsusilə də duyğusal səhnələr, azyaşlı uşaqların psixikasına da mənfi təsir göstərə bilər. Onlar bu cür hadisələri dərk etmədən qorxa və narahat  ola bilərlər. Maarifləndirmə işinə baxmayaraq, təəssüf ki bəzən azyaşlıların psixikasına mənfi təsir edəcək hadisələr yaşanır. Bu baxımdan da, mərasimlərdə azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun deyil. Bu cür mərasimlərdə iştirak edən uşaqlar, hadisələrin ağır emosional təsirinə məruz qala bilərlər. Bu isə onların emosional inkişafına mənfi zərbə vurmaq gücünə malikdir.

Nəticə etibarilə Aşura mərasimləri İslam dünyasında böyük əhəmiyyət kəsb etsə də, azyaşlı uşaqların və körpələrin bu cür tədbirlərdə iştirak etməsi bir sıra ciddi risklər yaradır. Valideynlər uşaqlarının təhlükəsizliyi və sağlamlığı üçün daha diqqətli olmalı və onların bu cür mərasimlərə qatılmasına yol verməməlidirlər. Uşaqların dini maarifləndirilməsi üçün daha təhlükəsiz və uyğun yollar tapmaq hər zaman mümkündür.

Nigar Orucova, “İki sahil”