KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

“Molodes, sobaka” və ya özünü gicliyə vurma Nikolay

21 fevral 2025 22:44
136

Günün nəbzi

Ne valyay duraka, Valuyev!

Kremlin ənənəsi onilliklərə söykənən rəsmi “təbliğat maşını”nın (“şər maşını” adlandırmaq daha doğru olar) indiyədək heç bir dövlətdə rast gəlinməyən özünəməxsus fəaliyyət mexanizmi mövcuddur. Bu “maşın” gecə-gündüz, dayanıb-durmadan  rəsmi Moskvanın ayrı-ayrı ölkələrə yönəlik siyasətlərini daxili auditoriyaya, necə deyərlər, baş-ayaq sırımaqla yanaşı, Kremlin mətbəxində bişirilən ştatlı politoloqlar, ekspertlər vasitəsilə hər hansı bir məsələdə Rusiyaya azacıq etirazını bildirən dövlətlərə şər, böhtan, təhdid püskürməklə məşğuldur. Yetər ki, bir balaca ayaqlarını tapdalayasan (yəni, həqiqəti söyləyəsən). Bax, əsl həngamə də bundan sonra qopur. Dərhal bu ştatlı politoloq və ekspertləri qısqırdırlar etiraz edənlərin üstünə.  Onlar da heç bir əxlaq norması, etik və  mənəvi çərçivə tanımadan zəngirdən açılmış quduz köpək kimi başlayırlar imperiya ambisiyalıların qəzəbinə tuş gələn xalqların və dövlətlərin, necə deyərlər, əlini-ayağını ən vəhşi üsullarla gəmirməyə.

Hər ötən gün zamanında  görbagor Vladimir Jirinovskinin formalaşdırdığı bu üzdəniraq “məktəbin” quduzluqda, həyasızlıqda, abırsızlıqda öz  sələflərini belə geridə qoyan yeni-yeni “müdavim”ləri peyda olur. Son vaxtlar, xüsusilə AZAL-ın sərnişin təyyarəsinin Rusiya tərəfindən barbarcasına vurulmasından və Bakıda casus yuvası olduğu aşkarlanan “Rus evi”nin Azərbaycanın müvafiq orqanları tərəfindən qapadılmasından sonra bu yeni “müdavim”lər arsenallarındakı hər kəlməsi əxlaqsızlıq, tərbiyəsizlik nümunəsi olan, zəhər saçan bütün  çirkin təbliğat resurslarını dövlətimizə və xalqımıza qarşı səfərbər etməkdədirlər.  Elə görürək indiyədək Azərbaycanda barmaqla sayılacaq qədər adamın tanıdığı yeni “müdavim”lərindən olan Dövlət Dumasının Turizm komitəsi sədrinin birinci müavini, hakim “Yedinaya Rossiya” (“Vahid Rusiya”) Partiyasının üzvü  Nikolay Valuyevi. Əslini-kökünü  danan (bu barədə bir az sonra) bu üzdəniraq tip Azərbaycan dövlətinin və xalqının ünvanına səsləndirdiyi təhqiramiz ifadələrlə özünü bir qayda olaraq belə  əxlaqsız, tərbiyəsiz davranışlara loyal yanaşan, hətta bəzən onu dəstəkləyən  rus cəmiyyətinin gündəminə pərçim etdirməyi ”bacarıb”.  Bu üzdəniraq deputat xalqımızı və dövlətimizi hətta “Jirinovski məktəbi”nin quduzluqda ad çıxarmış əvvəlki və hazırkı “müdavim”lərinin özlərinə rəva bilmədikləri “jarqon” ifadələrlə təhqir və təhdid  edib. O, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılmasını, azərbaycanlı iş adamlarının biznesinin  məhdudlaşdırılmasını, bu ölkə ərazisində yaşayan soydaşlarımızın qovulmasını, vərəndaşlığı olanların isə hərbi uçota alınaraq Ukrayna ilə müharibəyə göndərilməsini təkidlə  tələb edib. Bununla ürəyi soyumayan Valuyev daha da irəli gedərək azərbaycanlıları “şobla-vobla” (tör-töküntü, zir-zibil yığını, pozğun, cinayətkar, cəmiyyətə zidd ünsürlər) adlandırmaqla, necə deyərlər, həddini-hüdudunu aşıb. Əslində, bütöv bir xalqa ünvanlanmış bu qəbuledilməz  ifadələri tərəddüd etmədən təkcə  ağıldan bəla Valuyevin  deyil, onun üzvü olduğu Rusiya Dövlət Dumasının və parlamentdə təmsil etdiyi hakim partiyanın səviyyəsinin əyani göstəricisi hesab etmək olar. 

 Ən dəhşətlisi odur ki, bu yolverilməz təhqir və təhdidlərdən ötən bir həftədən artıq müddətdə 450 nəfərlik deputat korpusuna malik Dövlət Dumasında  hakim “Yedinaya Rossiya” Partiyasının təmsilçisi,  faşizm ideologiyasının daşıyıcısı olduğunu yuxarıdakı fikirləri ilə təsdiq edən  xəstə təxəyyüllü (onun həqiqətən ciddi beyin pozğunluğundan əziyyət çəkməsindən az sonra bəhs edəcəyik) üzdənirağa bütöv bir xalqı tənqir etdiyinə görə nəinki cəza tələb edən, hətta güldən ağır bir söz deyən belə tapılmayıb. Əksinə, kim bilir bəlkə də Dumanın kluarlarında bu “qəhrəmanlığına” görə onun tərifini göylərə qaldıran həmkarları da olub. Biz hələ bu yaramazın üzvü olduğu hakim “Yedinaya Rossiya” Partiyasının indiyədək Valuyevin həddini aşmasına münasibət bildirməməsini demirik. Halbuki,  Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun xalqımızı və dövlətimizi ən tərbiyəsiz ifadələrlə təhqir edən “Yedinaya Rossiya” Partiyasından Dövlət Dumasının deputatı Nikolay Valuyevə ünvanladığı aşağıdakı  fikirləri Dövlət Dumasının üzvləri, bu avantüristin sıralarında olduğu hakim partiyanın rəhbərləri söyləyə bilərdilər: “Bu təyin, ilk növbədə, Nikolay Valuyevin özünü xarakterizə etməyə daha uyğundur. Üstəlik, “banda” mənasını verən “şobla-vobla”nın sıravi nümayəndəsinin bədii obrazını təsəvvürümüzə gətirməyə çalışsaq, Nikolay Valuyevin portreti bunun üçün ən optimal variant sayıla bilər. Bu məxluqun antropoloji quruluşuna baxmaq kifayət edər ki, onun təkamül mərhələsindən kənarda qalmış nadir eksponat olduğunu görəsən. Bu insan “neandertal”la “homo-sapiens” arasında azıb qalmış arxaik tipajdır. Nikolay Valuyev kimi gerizəkalıların o boyda dövlətin qanunverici orqanında təmsil olunması parlamentarizm prinsipinə təhqir sayılmalıdır”.

Bəs, Rusiya Dövlət Dumasının deputatları sıralarında belə bir yaramazın mövcudluğunu parlamentarizm prinsipinə təhqir saydılarmı? Təbii ki, yox. Əgər təhqir saysaydılar daha özünü Rusiya imperiyasının Dövlət Dumasının varisi hesab edən, sivil  parlamentarizm ənənələrindən tamamən uzaq, imperiya ambisiyalı bir qanunverici orqanın təmsilçiləri olmazdılar ki... Yeri gəlmişkən, millət vəkili Azər Badamovun cavabında yer alan “neandertal”la “homo-sapiens” arasında azıb qalmış arxaik tipaj” fikrinə aydınlıq gətirməyə çalışaq. Neandertal (latınca "Homo neanderthalensis" və ya “Homo sapiens neanderthalensis”) min əsr əvvəl yaşamış insanların arxeoloji qazıntılar  zamanı  tapılmış skelet nümunələri əsasında müəyyənləşdirilmiş insan tipidir. İlk dəfə qalıqları 1856-cı ildə Almaniya ərazisindəki Neandertal vadisində tapılan bu insanabənzər varlıqlar indiyədək insan və meymun arasındakı keçid növ hesab edilirdi. Lakin sonradan Xorvatiyanın Krapin mağarasında 38 min yaşlı neandertal qəbiləsinin üzvlərinin qalıqları üzərində araşdırma aparan Almaniyanın Maks Planka adına Genetika İnstitutunun alimləri əldə etdikləri nəticələrə söykənərək, onların ayrıca "homo sapiens" növü olduğunu deyirlər.

 Neandertallar xarici görünüşcə orta boylu, cüssəli, iri beyin kütləsinə malik olublar. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə tədqiqatçılar neandertalları kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər.  Sadaladıqlarımızın fonunda alimlər belə bir yekdil nəticəyə gəlmişlər ki,  neandertallar yayıldıqları bütün ərazilərdə öz inkişafını başa çatdıra, müasir insan tipinə çevrilə bilməmişlər. Eynilə Rusiya Dövlət Dumasının 2 metr 17 santimetr boya malik bədheybət deputatı Nikolay Valuyev kimi. Siz Allah, bu yazıda yanaşı yer alan min əsr bundan əvvəl yaşamış neandertalların şəkilləri ilə müasir neandertalın nümunəsi sayıla biləcək Valuyevin fotosuna diqqətlə baxın.  Onların antropoloji quruluşlarında hər hansı fərq hiss edirsinizmi?. Şübhə etmirik ki, hamının yekdil cavabı “yox” olacaqdır.

Valuyevin neandertalların qalığı olmasını sübut edən bir fakt.  1973-cü ildə Sankt-Peterburqda (o vaxtkı Leninqrad) doğulan bu insanabənzər  məxluqun babası milliyyətcə tatar olub. Belə demək mümkünsə, onun soyadı tədricən bizim dildə səslənən Vəliyevdən Valuyevə assimilyasiya olunub. Ruslaşmış tatar olduğunu mətbuata müsahibələrində özü də etiraf edən Valuyev neandertal əcdadları kimi müasir insan tipinə çevrilə bilmədiyinə görə bəd əməlləri ilə özünün, necə deyərlər, zatı-pakını asanlıqla dana bilir. Məsələ burasındadır ki,  tatarlar dəfələrlə ona rəğbət ifadə edən çağırışlar səsləndiriblər. Hətta adını "100 ən məşhur tatar" siyahısına da salıblar. Amma Nikolay Valuyev müasir insan kimi formalaşa bilmədiyinə görə bu çağırışlara və dəyərləndirmələrə  heç bir müsbət reaksiya verməyib.

...Belə-belə işlər. Hə, az qala unutmuşduq. Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi dövlətimiz və xalqımız əleyhinə son dərəcə təhqiramiz ifadələr işlətdiyinə, ölkəmizə qarşı təhdid xarakterli fikirlər söylədiyinə görə Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevi “persona non-qrata”, yəni “arzuolunmaz şəxs” elan edib və adını  ölkəyə girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edib. Bununla bağlı rus jurnalistinin ona ünvanladığı “Azərbaycan dövlətinin sizi “arzuolunmaz şəxs" elan etməsinə təəccübləndinizmi” sualına cavabında utanıb-qızarmadan deyib: "Bəli, təəccübləndim. Baxın, mənim “Teleqram” kanalımı izləyin, nəticə çıxarın. Əgər bu, belə bir qərar üçün səbəb ola bilərsə, deməli, emosiyalar belədir. Bu məsələ məni ümumiyyətlə, narahat etmir. Düşünürəm ki, diplomatiyada emosiyaların rolu olmamalıdır. Əsl səbəblər mənə aydın deyil.” Bu “şobla-vobla” jurnalistin daha sonra “Bəs, bu qərarı mübahisələndirmək fikriniz varmı” sorğusuna cavabında, necə deyərlər, lap gül vurub: ”Mübahisələndirmək? Bunun nə mənası var? Mən o yerlərə getməyə xüsusi maraq göstərməmişəm, buna görə də mübahisələndirməyə, necə deyərlər, dəyərmi? Fikirləşirəm ki, rəsmi, nə bilim, bir sənəd almaq lazımdır. Biz sorğu yazacağıq. Kiminsə yazdığı bir şeyə görə danışmaq istəmirəm, çünki rəsmi şəkildə mənə heç bir bildiriş gəlməyib. Mənə deyirlər ki, bunu şərh et, amma ortada rəsmi bir reaksiya və ya bildiriş yoxdur ki, mən artıq orada arzuolunmaz şəxsəm."  Başdanxarab (boks yarışları zamanı aldığı ciddi kəllə-beyin travması nəticəsində həqiqətən onun beyni pozulub və bununla bağlı dəfələrlə titullu xəstəxanalarda uzunmüddətli müalicə kursu keçib) Valuyevin sayıqlamalarından belə çıxır ki, təhqir və təhdid dolu çərənləmələrinə  görə Azərbaycan dövləti nəinki onu “arzuolunmaz şəxs” elan etməməli, əksinə “molodes, sobaka” deyərək bu “şobla-vobla”ya bir təşəkkür də etməli, hətta yaxasına  orden də taxmalı idi. Ay səni köpəsən, beyni kif atmış neandertal qalığı! 

Bu məqamda keçmiş SSRİ-nin süqutu ərəfəsində ilk dəfə Rusiyanın “Lyube” musiqi qrupunun ifasında səsləndirilən və qısa müddətdə populyarlaşan məşhur “Ne valyay duraka, Amerika!” mahnısını xatırlamamaq olmur. Bu mahnının adının Azərbaycan dilinə tərcüməsi təxminən belədir: “Özünü gicliyə vurma, Amerika!” İndiki halda bu mahnının adını yuxarıdakı  sərsəm açıqlamaları ilə özünü sözün əsl mənasında gicliyə vuran Nikolay Valuyevə xitabən tərəddüdsüz belə ifadə etmək olar: “Ne valyay duraka, Valuyev!”