10 aprel 2025 22:17
200

Yazdıqca əbədiyyət qazanmaq istəyi

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, publisist Elxan Yurdoğlu (Məmmədov) un adı və imzası artıq Azərbaycan ədəbi, elmi ictimaiyyətinə və mədəniyyət və mətbuat aləminə yaxşı tanışdır. 8 şeir, 5 bədii-publisistik kitabın, 4 elmi monoqrafiyanın müəllifi zəngin və çoxşaxəli yaradıcılığa malik, son dərəcə aktiv fəaliyyəti, zamanın tələblərini əvvəlcədən görməyi bacaran, Azərbaycançılıq ideologiyalı, doğma yurd, Vətən sevdalı bir ziyalı və şair olaraq qəbul olunmuş, oxucu kütləsinin sevgisini qazanmışdır. Onun 2025-ci ildə “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi tərəfindən nəşr olunmuş 512 səhifədən ibarət “Yaşadıqca yazmaq, yazdıqca yaşamaq” kitabı özünün və əsərləri haqqında müxtəlif sahələrdən olan müəlliflərin 2015-1019-cu illərə dair bədii, elmi, publisistik əsərlərinin toplusudur. İlk növbədə kitabın adı və üzərindəki rəsmdə dairə içərisində ilk öncə qələm, sonra onun yazdıqları və daha sonra isə insan qəlbinin yaşam bəlirtiləri olan xətlər – bu triadanın bir-birinə birləşmiş vəziyyətdə təsvir olunması müəllifin əbədi yaşamaq üçün məhz bədii, elmi və publisistik yaradıcılıq yolunu seçdiyini bir daha təsdiqləmiş olur. Azərbaycan ədəbiyyatı tarixindən hansısa məşhur bir şair belə deyib: Şeir yazmadığım günləri mənim ömrümdən hesab etməyin! Xalq şairi Bəxtiyar Vahabzadə “Ömür” şeirində yaşamağı yanmaq kimi dəyərləndirir və bu yanmaq da kamil insanın könüllü seçimidir. Bərkə-boşa düşmədən, əzablara qatlaşmadan və yalnız əylənmək eşqilə yaşayanlara şair havanı da, suyu da haram hesab edir:

Yaşamaq-yanmaqdır, yanasan gərək,  

Həyatın mənası yalnız ondadır 

Şam əgər yanmırsa, yaşamır demək  

Onun da həyatı yanmağındadır. 

Həyata və yaşamağa özünəməxsus dinamiklik və ritm verməyi bacaran şair Elxan Yurdoğlu üçün isə yaşamaq yazmaqdır, yazmırsa yaradıcı insan yaşamır, sadəcə fiziki olaraq mövcuddur. Bura mən müəllifi müşahidələrimdən bir neçə fəaliyyətini və müsbət mənəvi keyfiyyətlərini də əlavə edə bilərəm: Elxan Yurdoğlu üçün yaşamaq həm də mütaliədir, idman, yəni futboldur, şahmatdır, hər kəsə dostcasına yanaşmaqdır, səmimiyyətdir, böyüklərə hörmət, gənclərə istiqamət vermək, bir sözlə həyatda gördüyü hər bir işi sevə-sevə yerinə yetirməkdir. Kitabın adının ikinci hissəsi isə mənə qəlb şairi M.Füzulinin sözlə bağlı düşüncələri, insanın, sənətkarın həyatında sözün rolu barədəki fikirləri əks olunmuş məşhur “Söz” qəzəlini xatırladır:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

Sən sözü canlandır, dirilt ki, səni ölüm yuxusu tutanda o səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan.

AMEA NB Rəyasət Heyətinin qərarı ilə nəşr olunan kitabın redaktorları həmin bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucovadır. 25 ildən çoxdur ki, mətbuatda müxtəlif mövzulu yazılarla çıxış edən Elxan Yurdoğlunun ədəbi-bədii yazılarından ibarət olan ilk toplusu “Ömrüm ədəbi kitab” 2015-ci ildə işıq üzü görmüş, ikinci toplu mənim haqqında bəhs edəcəyim kitab, üçüncü isə 2020-2024-cü illəri əhatə edən “Mən sözə söykənmişəm” kitabıdır. “Ön söz” də hər insanı ayrılıqda bir kitaba bənzədən şair bu üç toplunu Elxan Məmmədovun ömür kitabının cildləri olaraq ilk kitabını nəşr etdirirmiş kimi təsviredilməz bir həyəcanla dost adlandırdığı oxucularına təqdim edir.  

Kitabın ilk bölməsində “Düşüncələr”, “Resenziyalar və məktublar”, “Ön sözlər”, “Müsahibələr”, “Adamlar” kimi başlıqlar altında müəllifin öz əsərləri, II bölmədə -  isə Elxan Yurdoğlu (Təəssüratlarda, ön sözlərdə, resenziyalarda, müsahibələrdə, xəbər və sorğularda) haqqında qələmə alınan müxtəlif janrlı elmi, bədii və publisistik əsərlərlə qarşılaşırıq. Burada da məntiqilik və ardıcıllıq müşahidə olunur. Belə ki, ilk öncə müəllifin özünün bir sıra dünya ədəbiyyatı nümunələri, həmçinin Azərbaycan, müasir Naxçıvan ədəbi prosesi və elmi mühiti haqqında fikirlərilə daha yaxından tanış olmaqla oxucu  II hissədə Elxan Yurdoğlunun çoxşaxəli yaradıcılığı haqqında yazılan yüksək dəyərləndirmələrə haqq qazandırmış olur. “Düşüncələr”də Elxan Məmmədovun ədəbi-nəzəri görüşlərindən: “Söz verək, söz deyək. Sözü söz məqamından sözçülüyə endirməyək” fikri, mərkəzi ədəbi mühitdən kənarda yaşayıb-yaratmağın çətinliklərilə yanaşı, şairə qazandırdığı avantajların da olması kimi fərqli bucaqdan yanaşma, “Hər kitab bir möcüzədir, sehrli bir dünyadır” fikri ilə insanları mütaliəyə həvəsləndirməsi, şəxsiyyətin formalaşmasında mühitdən daha çox bədii ədəbiyyatın rol oynadığını apardığı sorğu vasitəsilə də təsdiqləməsi, poeziyanı “görünən şeirlər”, “danışan şeirlər” və “düşünən şeirlər” deyə qruplaşdırması, eyni zamanda dramaturgiyanı göstərən, nəsri danışan, poeziyanı isə düşündürən bədii yaradıcılıq sahəsi olaraq dəyərləndirməsi maraqlıdır. Futbola olan sevgisindən “Araz” komandasının himnini yazan, futbolun sadəcə izləyicisi deyil, həm də ən aktiv oyunçusu olan şair Rüstəm Kamalın “Futbol səsli-küylü teatrdır” fikrinə qarşılıq olaraq:  “...futbol mənə görə idmanın ən romantik janrıdır. Ona görə də şairlərin əksəriyyəti futbolun romantikasına aşiq olurlar. Elə mən də” – yazır. Bu hissədə məni daha çox təsirləndirən, kövrəldən və eyni zamanda mənfur ermənilərə qarşı hədsiz qəzəbləndirən bir yazı var: Esmira Məhiqızının Xocalı soyqırımı mövzusunda yazdığı bir şeirin Elxan Yurdoğlunda yaratdığı dərin təəssüratın bədii-publisistik ifadəsi olan “Bir şeirin ağrısı”! Bu şeiri təkcə oxumaq deyil də, hafizəsinə silinməyəcək şəkildə ömürlük həkk etmək ilk növbədə hər bir azərbaycanlının, sonra damarında türk qanı axan kəslərin, daha sonra isə özünü sözün əsl mənasında İNSAN hesab edən hər kəsin borcudur! Çünki Lalənin ürək parçalayan o fəryadını eşitmək, duymaq və bu soyqırımdan xəbərdar olmaq, onu törədənləri tanımaq, müəllifin fikrincə, bütün insanlığın vəzifəsidir! “Siz də oxuyun o şeiri, lap ucadan oxuyun. Qoy dünya eşitsin, dilimizi başa düşməsələr də, hissimizi başa düşən, dərdimizi anlayan insanlar eşitsin, insanlıq eşitsin... Lalənin iniltisini, Lalənin “Qaqaaa, Qaqaaa” deyən çığırtısını, çağırtısını...”. Digər yazılarda “Nuhçıxan” İnformasiya Agentliyi “1 yaşlı müdrik” adlandırılır, Mediaaktiv.az saytının fəaliyyətə başlamasına təcrübəli jurnalist kimi xeyir-dua verilir, Ordubadın Xan çinarlarının məğrurluğundan, Naxçıvan duzunun tarixdə oynadığı mühüm roldan, folklordakı zəngin uşaq oyunlarının bu gün tanıdılması və təbliğinin zəruriliyindən, 31 mart 1918-ci il soyqırımının bədii ədəbiyyatın şifahi və yazılı formalarının müxtəlif janrlarında əks olunmasından, atalar sözlərində islam diniylə əlaqəli ailə dəyərlərindən və s.-dən bəhs olunur.          

“Resenziyalar və məktublar” və “Ön söz”lərdə “bəşəriyyətin beşiyində ilahi möcüzə” olan Duzdağ haqqında ətraflı məlumat bazası ilə diqqəti cəlb edən akademik İsa Həbibbəylinin “Duzdağ mozaikası” kitabı vətəndaşlıq mövqeyinin elmi ifadəsi kimi səciyyələndirilir. Bu kitab tarixi İpək yolundan daha qədimlərə gedən Duz yolu, Naxçıvanda şəhər mədəniyyətinin inkişafına təkan verən Duzdağ mədəniyyətinin bəşər sivilizasiyasının inkişafindakı rolunun yenidən və sistemli araşdırılmasını zərurət olaraq ortaya qoymuş əvəzsiz bir mənbə kimi dəyərləndirilir. Müəllifin Teodor Drayzerin “Dahi” romanı və onun qəhrəmanı “rəngli ölkəsində boz boşluqda öz rənglər dünyasını məhv edən” Yucin Vitlanın xarakteri haqqında düşüncələri obyektiv yanaşmanı ifadə edir. Və onunla Naxçıvanlı rəssam Bəhruz Kəngərli qarşılaşdırılır, təbii olaraq “boz dağların əhatəsində rəngli bir dünya yaradan” Bəhruz Kəngərliyə üstünlük verilməsi Şərq-Qərb müstəvisində yaradıcı insanların güclü mənəviyyata sahib olmasını əsas şərt olaraq irəli sürdüyünü və Şərqin bu mənada nümunəvi şəxsiyyətlər yetirdiyini göstərir. Sonrakı yazıda İbrahim Yusifoğlunun “Göy yerə zəng eləyir” kitabı  və buradakı şeirlər, poema və mənzum pyeslərin Azərbaycan uşaq ədəbiyyatının zənginləşməsindəki rolu diqqətə çatdırılır. Muxtar Qasımzadənin “Nuh diyarı Naxçıvan” kitabı, Güllü xanım Məmmədovanın 1918-ci il Mart soyqırımından bəhs edən “Qan içində işıq”, Şəmil Sadiqin “Odərlər”, Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanları, “Əlincəqala” kitabı, Sevda Kərimova, Tural Atəşin kitabları, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun “Cavid Poeziya Teatrı” kitab-albomu və başqa nəşrlər haqqında resenziyalar müəllifin dünya və Azərbaycan ədəbi-elmi mühitini mütaliə və dəyərləndirmələrə yetərincə zaman ayırdığını bir daha təsdiqləyir. Şükür Qafarın Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi 51 şeirinin toplandığı “Ey qəlblər fatehi, ulu öndərim” kitabına ön sözü xüsusi vurğulamağa ehtiyac duyuram. Bu barədə Elxan Yurdoğlu yazır: “İndiyə kimi hər hansı bir şəxs haqqında bir toplu, almanax halında nəşrlərlə qarşılaşmışıq. Lakin bir şəxsin fərqli bir şəxs haqqında sözün hər iki mənasında bir kitablıq şeirlər yazdığını mən ilk dəfə idi müşahidə edirdim”.

Elxan Məmmədovun səriştəli jurnalist kimi “Naxçıvan tarixi” çoxcildliyinin I cildi haqqında akademik İsmayıl Hacıyevlə, Türkiyədə İbrahim Safi kimi məşhur olan naxçıvanlı rəssam İbrahim Səfiyevlə bağlı bəzi məqamların dəqiqləşdirilməsi məqsədi daşıyan gənc tədqiqatçı Rumeysa İşıq Yayla ilə, Türkiyə ədibi Kahraman Tazeoğlu, Vatikanda sərgisi açılan ilk müsəlman, hətta ilk rəssam olan Almaniyada yaşayan azərbaycanlı Əşrəf Heybətli və s. ilə kitabın “Müsahibələr” hissəsində tanış oluruq. Oxucu bu müsahibələrdə onun həm elmin, həm də incəsənətin müxtəlif sahələrinin səthi və üzdən deyil, dərindən və incəliklərilə, eyni zamanda hədsiz sevgi və həvəslə öyrənilməsi və təbliğ edilməsində maraqlı olduğunun bir daha şahidi olur.

“Adamlar” hissəsində Azərbaycan ədəbiyyatının  və elminin fərqlənən əvəzsiz şəxsiyyətləri – alovlu publisist və fədakar ziyalı Eynəli bəy Sultanov, Tanrısı gözəllik, sevgi olan, Azərbaycan poeziyasının söz və fikir zadəganı Hüseyn Cavid,  24 illik qısa ömrə sığmayacaq böyük xidmətlər göstərmiş Ərtoğrul Cavid, “İstiqlal” ordenli Xalq şairi Məmməd Araz, anası müəllifin doğulduğu Yurdçu kəndindən olan Xalq yazıçısı Hüseyn İbrahimov, yeni filoloqlar nəslinin böyük müəllimi, öz elmi məktəbini yaradan, bu məktəbin nümayəndələrinə düzgün istiqamət vermiş, böyük qayğı ilə yanaşan, müəllifin elmi rəhbəri və elmi məsləhətçisi akademik İsa Həbibbəyli, müəllifin ən qocaman dostu Zeynal Vəfa, şeir aclığında doymaq üçün mütaliə etdiyi Vaqif İbrahim, şərəfli bir ömür qoyub gedən şair Vaqif Məmmədov və başqaları haqqında portret-oçerklər şəxsiyyətlərin hərtərəfli təqdimi ilə diqqəti cəlb edir. Fikrimi sübut üçün qeyd edim ki, məsələn, “Yeni elmi nəslin böyük müəllimi” adlı oçerk təkcə İsa müəllimin həyatı və zəngin elmi-bədii fəaliyyəti haqqında deyil, eyni zamanda onun tədqiqata və ümumilikdə həyata olan sonsuz enerjisi, həvəsi, güclü məntiqi, nikbinliyi və humanizmi, əsl, həqiqi ziyalı olaraq Rüstəm Behrudinin misrası ilə desək, “işıq gəzdirən adam” olması barəsində də bitkin təsəvvür yarada bilir.    

 Kitabın “Elxan Yurdoğlu - Təəssüratlarda, ön sözlərdə, resenziyalarda, müsahibələrdə, xəbər və sorğularda” adlı xəyalən ayırdığım II bölməsində akademik İsa Həbibbəylinin, Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin, filologiya üzrə elmlər doktoru  Fərman Xəlilovun, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun, filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayev, Aytən Cəfərova, Zülfiyyə İsmayıl, Ramiz Qasımov, Leyla Səfərova, Nərgiz İsmayılova, Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar, Şəfa Vəli, “Mədəniyyət” qəzetinin redaktor müavini Fariz Yunisli, şair Qafar Qərib, jurnalist Sara Əzimova, şair Gülnarə İsrafil və başqalarının müxtəlif janrlarda yazıları toplanmışdır. “Ədəbiyyat qəzeti”ndə Hədiyyə Şəfaqətlə müsahibəsində ilk dəfə olaraq bədii əsəri deyil, Eynəli bəy Sultanovla bağlı monoqrafiyasını danışdırır və oxucu Eynəli bəyi görünməyən, bilinməyən tərəflərindən görə bilir, daha dərindən tanıyır.       

İstər geniş həcmi, yəni yazıların kəmiyyət baxımından çoxluğu, istərsə bu yazıların elmi-bədii dəyəri, fərqli və orijinal, son dərəcə obyektiv yanaşmaları, istərsə də müəlliflər kontingentinin yetərincə tanınmış və öz sahəsinin biliciləri olan şəxslər olması ilə kitab olduqca mühüm dəyərə malik bir mənbədir. Həyatının yalnızca beş ilinə bu qədər yazını sığışdırmaq, onların hər birinin elektron variantını, çap olunduğu fərqli KİV vasitələrini qoruyub saxlamaq həqiqətən də, qibtə ediləcək və təqdirolunası bir haldır. Bu, Elxan Yurdoğlunun öz əsərlərinə, seçdiyi yola, sənətinə olan sevgisini, səliqəsini və planlı fəaliyyətini təsdiq edir. Kitab həm də gələcəkdəki Elxan Yurdoğlu publisistikasını araşdırmaq istəyən tədqiqatçıların da işini xeyli asanlaşdırmaqda əvəzsiz  bir mənbədir. Bütün bu sadaladığım məziyyətlərinə görə kitabın müəllifini təbrik edirəm, bu nümunəvi yolunda daha böyük uğurlar qazanmağı arzulayıram!  

AYGÜN ORUCOVA,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi