KÖŞƏ

Sevinc Azadi

Havada yumruq oynadanlar...

05 noyabr 2019 10:10
1698

ABŞ dövlət xadimi və diplomat Benjamin Franklin yazırdı ki, həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır. Özlərinə demokratik qüvvələrin “Milli Şura”sı yarlığını yapışdıran müxalifətin radikal kəsimi uzun illər ərzində bu sadə həyat həqiqətini anlamaqdan vaz keçərək, boş-boşuna havada yumruq oynatmaqla məşğuldur. Pozucu, dağıdıcı, destruktiv qüvvələr bütövlükdə müxalifət adından danışmağa, onun funksiyasını özününküləşdirməyə çalışır və aqressiv davranış tərzi nümayiş etdirirlər. Radikal müxalifətin oktyabrın 19-da keçirilmiş aksiyanın iflasından sonra guya hakimiyyətin qanunları pozması, mitinqin təşkilatçıları və iştirakçılarına qarşı “repressiv metodlardan” istifadə etməsi barədə iddialarla əhalinin dəstəyini qazanmaq cəhdləri heç bir nəticə vermədi. Sosial şəbəkələrdə aparılan təbliğat, aksiyaya ardıcıl çağırışlar cəmiyyətdə yalnız neqativ emosiyalar doğurdu. Müxalifətin sosial şəbəkələrdə apardığı rəy sorğuları bir daha göstərdi ki, vətəndaşlar mitinq təşəbbüsünü dəstəkləmir, bir qrup radikalın siyasi ambisiyasının reallaşdırılmasında vasitə olmaq istəmir. Azərbaycan xalqı radikal müxalifət başçılarının və onların yaxın ətrafının sosial şəbəkələrdə apardığı çirkin təbliğatın reallığa uyğun olmadığını aydın görür və bu iddialara artıq heç bir əhəmiyyət vermir. Radikal müxalifət başçıları anladı ki, əhalinin dəstəyi olmadığı halda, populist bəyanatlarla və siyasi avantüra xarakterli addımlarla yalnız növbəti dəfə özlərini ifşa edəcəklər və iflasa uğrayacaqlar. Buna görə də, onların 2 noyabr aksiyasından imtina etməkdən başqa çıxış yolu qalmadı.

Əgər “Milli Şura” adlanan qurum, iddia etdiyi kimi, “xalqı” təmsil edirsə, nəyə görə nəinki icazəsiz mitinq keçirməkdən, hətta Lökbatanda icazəli aksiyadan da imtina etdi? Hətta radikal müxalifətə üstünlük verən bəzi xarici anti-Azərbaycan dairələr də bunlara hər hansı ciddi dəstəyin göstərilməsinin perspektivli olmadığını anladılar. Cəmil Həsənlinin Vaşinqtonda cəmi 10 nəfərlə keçirdiyi uğursuz tədbir bunun bariz nümunəsi oldu. Özlərini milli maraqların müdafiəçisi kimi qələmə verən radikal müxalifət başçıları və fəallarının heç biri ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst qətnaməsini hələ də pisləməyib. Azərbaycan xalqı qardaş Türkiyəni çətin günlərində dəstəkləməyən müxalifət “liderləri”nin ikiüzlülüyünü görür - nə Əli Kərimli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Ramiz Yunus, Sevinc Osmanqızı, nə də başqaları bu barədə yazmadılar. ABŞ Konqresinin “erməni soyqırımı”na susmaq elə satqınlıqdır. “Bir millət, iki dövlət” ideyasına xəyanət, taktiki siyasi vəzifələrə və xarici dəstəyə görə ermənipərəst qətnaməyə etiraz etməmək radikal müxalifətin heç bir dəyərlərinin olmadığını bir daha sübut etmiş oldu.

Fransız dramuturqu Adrian Dekurselin müxalifət haqqında özünəməxsus fikirləri var idi. Yetmişədək vodevil (Fransa feodalları arasındakı eybəcər şəxsləri lağa qoyan xalq satirik mahnılarının adı) müəllifi kimi tarixə düşən bu fransız mütəfəkkiri deyirdi ki, müxalifət tez-tez siyasi deyingənlikdən başqa bir şey bilmir. Həqiqətən də, Azərbaycanda uzun illərdir müxalifətin radikal kəsimini zəbt etmiş siyasətbazların son “fəaliyyətlərinin” mahiyyətində məhz deyingənlik dayanır. Ölkəmizdə böyük quruculuq işləri gedir, sosial siyasət özünün yeni inkişaf mərhələsinə daxil olub. Cəmiyyətin qarşılaşdığı istənilən problemin qısa zamanda həllinə çalışılır, vətəndaş-məmur münasibətləri keyfiyyətcə yeni müstəviyə daşınır və bütün bu müsbət prosesin fonunda radikallar boğazdan yuxarı danışaraq yalan vədlər verməklə özlərini gündəmdən salmamağa çalışırlar. Ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsi və bunun üçün lazımi gücün, qüdrətin sahibi olmasını həzm edə bilməyən “Milli Şura” pozuculuq ənənəsinə sadiq qalaraq kənd stadionuna sığacaq qədər tərəfdarını küçələrə səsləməyə can atır.