KÖŞƏ

Nurəddin Muğanlı

Kəsildikcə pöhrə verən tamah “ağacı”

14 may 2020 10:31
2861

Korrupsiya barədə maraqlı faktlar

Dünya sivilizasiyasının yaranmasından da qədim olan korrupsiyaya qarşı mübarizə bu günədək davam etməkdədir. Dövlətin və siyasətin idarə olunmasından bəhs edən qədim hind traktatında yazılmışdı: “Göydə quşların uçduğu səmti bilmək daha asandır, nəinki hiyləgər məmurların fəndlərini.” 2300 il əvvəl Brahman baş naziri qədim Çində rüşvət və korrupsiyanın 40 yolunu saymışdı. Eramızdan əvvəl III əsrdə bu ölkədə korrupsiyaya qarşı artıq ilk qanunlar qəbul edilmişdi. Rüşvəti əngəlləmək məqsədi ilə məmur maaşlarına əlavə olaraq “yang-lien” adlı əlavə ödəmə edilirdi.

Göründüyü kimi, qanunun aliliyi prinsipini zəiflədən tamahkar məmurların əməlləri siyasi quruluşundan və iqtisadi inkişaf səviyyəsindən və dövründən asılı olmayaraq, bütün ölkələr üçün xasdır. Heç bir dövlət özünü rüşvət və korrupsiya bəlasından sığortalanmış hesab edə bilməz, söhbət yalnız onun miqyasından gedə bilər.

2700-2800 il bundan əvvəl qədim İranda məmurların, xüsusilə də hakimlərin rüşvətxorluq hallarının qarşısını almaq məqsədi ilə ciddi cəza tədbirlərini nəzərdə tutan qərarlar qəbul edilmişdi. Qədim Misirdə də rüşvətxorluq kimi problem yaşanmaqda idi. Firon XII Ptolomey öz taxtından qovularkən külli miqdarda pul verərək Roma dövlətinin dəstəyini qazanmışdı. Eramızdan əvvəl 57-ci ildə Roma Senatı Firon XII Ptolomeyi taxtına qaytarmaq məqsədi ilə Misirə hərbi yürüş etmək haqda qərar qəbul edir. Beləliklə, firon rüşvət vasitəsilə taxt-tacına yenidən sahib olur.

Yuli Sezarın vəfatından sonra Senata məmurlar tanışlıq və rüşvət vasitəsilə işə qəbul edilirdilər. Buna baxmayaraq Roma senatı dəfələrlə rüşvət və korrupsiya ilə bağlı qanunlar qəbul edib. Artıq o dövrdə bu sosial bəlanın məhvedici təsiri bəlli idi. Əslində Roma imperiyasının süqutunun əsas səbəblərindən biri orda korrupsiyanın son həddə çatması idi. Hətta Rusiya çarı I Pyotr korrupsiyanın qarşısını almaqda çox çətinlik çəkmişdi. Bununla bağlı ölümə məhkum olunan məmurların sayı-hesabı yox idi. Xalqın gözü qarşısında edamlar da yüksək vəzifəli məmurları çirkin əməllərdən çəkindirə bilmirdi. Məmur özbaşınalığı o həddə çatmışdı ki, hətta imperatriçə üçün Çindən alınmış brilyantları Sibirin general-qubernatoru olan knyaz Qaqarin mənimsəmişdi. O buna görə də tutulmuş və I Pyotrun əmri ilə asılmışdı. Qaqarin o zaman məşhur məmur Nekrasov tərəfindən ifşa edilmişdi, hansı ki, özü bir neçə ildən sonra korrupsiyada ittiham edilərək asılmışdı. Amma belə tədbirlər də korrupsiyaya son qoymamışdı. Bu bəlaya qarşı mübarizədə Pyotr da uduzmuşdu.

I Pyotrun vəfatından sonra qızı I Yelizaveta bu problemə atası qədər böyük əhəmiyyət vermir, hətta korrupsiya ilə bağlı ölüm cəzalarını ləğv etdirir. II Yekaterina dövründə isə yenə I Pyotrun prinsipləri qüvvəyə minir. Tarixçi, şair Karamzin korrupsiyaya qarşı dövlət tərəfindən mübarizəni belə təsvir edirdi: “Məxfi dəftərxana Preobrajenskidə səhər-axşam işləyirdi. Edamlar, işgəncələr dövlətin yenilənməsinə xidmət edirdi.”

Bəzən ən sərt tədbirlər belə korrupsiyanın, rüşvətxorluğun qarşısını ala bilməyib. XVII əsrdə Fransa kralı 14-cü Lüdovik rüştvəxorluğa qarşı mübarizədə sərt üsullardan istifadə edib. Fransızların ən çox sevdikləri kral Lüdovik Parisin yaxınlığında kiçik Versal kəndinə köçüb orda yaşayırmış. Günlərin bir günü ölkənin maliyyə naziri kralı təzə tikdirdiyi evinə dəvət edir. Kral nazirin cah-cəlalını görüb məclisi dərhal tərk edir və dövlətin xəzinəsindən pul oğurladığına görə həmin naziri edam etdirir. Rüşvətin qarşısını almaq üçün 14-cü Lüdovikin verdiyi fərmana görə, zənginlik içində yaşayan məmurlardan yüksək vergi tutulurdu. Cah-cəlal, ölçüsüz bərbəzək, dəbdəbə məmurların yalnız öz mənfəətini güddüyünü, cəmiyyətin xeyrinə çalışmadığını bəlli edirdi.

Osmanlı dövründə, xüsusilə XVI əsrin sonlarına qədər məmur rüşvətxorluğuna qarşı sərt siyasət həyata keçirilib. Təsadüfi deyil ki, bir çox mütəxəssislər Osmanlı imperiyasının zəifləməsini XVII əsrdən başlayaraq rüşvətxorluğun geniş vüsət alması ilə əlaqələndirir.

Əsrlər ötür, korrupsiya cəmiyyətdə sağalmaz xəstəlik kimi acı nəticələrini göstərməkdədir. Bu gün Birləşmiş Millətlər Təşkilatı hesab edir ki, korrupsiya iqtisadi inkişafı ləngidir, demokratik institutları və ictimai asayişi pozur və ictimaiyyətin qanunlara inamını sarsıdır, bununla da mütəşəkkil cinayətkarlığın dirçəlməsinə, terrorizmə və s. şərait yaradır.