KÖŞƏ

Taleh Bağırov

“Milli Şura”nın sürəti...

02 may 2018 23:32
3319

Azərbaycandakı dağıdıcı müxalifət partiyalarının növbəti birlik formatı olan “Milli Şura” adlı qurumun gələcəyi ilə bağlı proqnozlar hələ bu “birlik” yaradılarkən verilmişdi. Aradan keçən bir neçə il sübut etdi ki, verilən proqnozlar heç də əbəs deyilmiş. Tarixə qısa bir nəzər saldıqda görürük ki, 129 nəfərin təsisçiliyi ilə yaradılan “Milli Şura” hazırda cəmi 16 təsisçi ilə qalıb. Qurumdaxili çəkişmələr o dərəcədə kritik xarakter alıb ki, bir çox siyasilər “Milli Şura”nı rəqiblərin bir-birinin paxırını açıb tökmək, bir-birinin hansı xarici dairələrə köləlik etdiklərinin qeyd olunduğu meydana bənzədirlər. Burada söz və kompromat savaşı, çəkişmələr, qısqanclıq və paxıllıq, birincilik hərsliyi hər keçən gün daha da alavlanır.

Təbii ki, qurumun parçalanmasının başlanğıcı Müsavatla bağlıdır. Hələ İsa Qəmbərin “başqan”lığı dönəmində Müsavatın qurumda təşəbbüsü ələ almaq cəhdinin iflasa uğramasından sonra “Milli Şura”nı tərk etməsi digər partiyalar, eləcə də fərdlər üçün əla bəhanə oldu. Az sonra ACP, ALP, KXCP, “El” hərəkatı istefa verdi. Beləliklə, “Milli Şura” daxilində cərəyan edən proseslər bu qurumun faktiki olaraq iflasını reallaşdırdı.

Yadınızdadırsa “Milli Şura” yardılarkən coxları bunu Müsavatla AXCP-nin birliyi kimi təqdim etməyə çalışırdı. Hətta təqdim etməyə cəhdlər göstərilirdi ki, AXCP sədri Əli Kərimli ilə İsa Qəmbər illərin mehriban düşmənləri olsalar da, bu məsələdə birləşmək məcburiyyətində qalıblar. Belə ki, o vaxt mətbuatda yazılanlar deməyə əsas verir ki, soros fondu Azərbaycanda qarışıqlıq yaratmaq üçün dağıdıcı müxalifətdən istifadə etməyi planlaşdırıb. Bu məqsədlə də ayırdığı maliyyə vəsaiti hesabına Ə.Kərimli - İ.Qəmbər birliyi vasitəsi ilə “Milli Şura”nın yaradılması göstərişi verilib. Lakin sonradan proseslər məcrasını dəyişdi, dağıdıcıların və havadarlarının planları baş tutmadı. Daxili çəkişmələr, böyük iddialar səbəbindən “Milli Şura” dağılmağa və yaxud da formal olaraq qalmağa məhkum edildi. Hazırkı gündə “böyük” ümidlərlə yaradılan şura “bir həsirdir, bir də Məmmədnəsir”.

Faktiki olaraq “Milli Şura”da Ə.Kərimli ilə C.Həsənlidən başqa heç kim qalmayıb. Onlar da ki, qınaq obyekti olamamaq, müsavatçıların atmacalarına tuş gəlməmək və bir də ki, gələcəkdə bəlkə nəsə olar ümidi ilə qurumu buraxmağa tələsmirlər. “Milli Şura”nın kordinasiya şurasının üzvü Namizəd Səfərovun sözlərinə istinad etsək, yaxın vaxtlarda onlar da qurumu tərk edəcəklər. Xüsusilə də uğursuzluqla nəticələnən 10 mart mitinq şousundan sonra bu fikir daha da ciddiləşib. Hər halda Əli Kərimli bir müddətdə gözləməyə cəhd edəcək. Lakin fakt faktlığında qalır ki, “Milli Şura” uçurumdan aşağı getdikcə daha da sürət yığır və bu qurumun dibə çırpılmadan dayanması mümkünsüzdür.