KÖŞƏ

Sevinc Azadi

Müasir qlobal siyasətin yeni trendi

13 yanvar 2022 23:57
1916

Beynəlxalq hüququn əsas prinsiplərinin arxa plana keçdiyi indiki dövrdə Azərbaycan tarixi ədaləti və hüquqlarını öz gücünə bərpa etdi

Güc amili beynəlxalq münasibətlərdə ön plana çıxır. Hazırkı sistemdə dövlətlərin davranışı güc amilinə söykəndiyinə görə çox vaxt beynəlxalq hüququn əsas prinsipləri arxa plana keçir. Bir növ "gücün hökm etdiyi yerdə qanun gücsüzdür'' deyimi qlobal geosiyasətdə də öz təsdiqini tapır.

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bu məsələlərə xüsusi toxunub: “İndi bir çox təmaslar əsnasında, görüşlər əsnasında görürəm və görürdüm ki, ənənəvi davranış qaydaları artıq tükənir. Baxmayaraq ki, onlar hələ sözdə tələffüz edilir, amma real həyatda bəyan edilmiş açıqlamalar real həyatla uzlaşmır. Əgər yadınızdadırsa, artıq son illərdə, hətta pandemiyaya qədər mən öz çıxışlarımda dəfələrlə deyirdim ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Deyirdim ki, bu, bizim seçimimiz deyil. Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu, yoxdur, bu, işləmir”.

Torpaqlarımızın işğal altında saxlanıldığı dövrdə dövlətimizin başçısının yürütdüyü müdrik siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət Azərbaycanın Vətən müharibəsi aparmasını beynəlxalq hüquqa uyğun olduğunu anlayışla qəbul etdi. Bu dövrdə ən təəssüf doğuran hal isə o idi ki, işğalçı tərəfindən beynəlxalq hüquq normalarına zidd bəyanatlar səsləndirilməsi, təxribatlar törədilməsi qarşısında ATƏT-in Minsk qrupunun həmsədrləri susurdu, heç bir fikir, münasibət bildirmirdi. Əslində münaqişənin həlli ilə birbaşa məşğul olan Minsk qrupu, eləcə də beynəlxalq təşkilatlar tərəfindən bununla bağlı Ermənistan hakimiyyətindən izahat tələb olunmalı idi. Prezident İlham Əliyev bu ciddi narahatlıq doğuran vəziyyətlə bağlı bunları deyib: “Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm dediyimiz bir toplum bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Yəqin ki, siz də bunu izləyirsiniz. Ona görə mənim üçün artıq son illər ərzində tam aydın idi ki, ənənəvi yollarla, yəni, Minsk qrupunun xətti ilə, yaxud da vasitəçilik xətti ilə biz öz torpaqlarımızı geri ala bilməyəcəyik. Yəni, bu, bugünkü fikrim deyil. Mən artıq bunu görürdüm və Ermənistanın daha da azğınlaşması, Ermənistanın cəzasız qalması bu fikri gücləndirirdi. Ona görə, hər zaman deyirdim ki, biz öz gücümüzə güvənməliyik, daha güclü olmalıyıq, gücümüzü artırmalıyıq, daha güclü ordu yaratmalıyıq”.

Ermənistan beynəlxalq hüququn işləməməsindən yararlanaraq, status-kvonu qorumaq və qəsb etdiyi ərazilərin ilhaqına nail olmaq istəyindən əl çəkmirdi. Halbuki əgər işğalçıya qarşı vaxtında sanksiyalar tətbiq olunsaydı müharibə baş verməzdi. Bax, məhz buna görə də Azərbaycan məlum qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi, ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdi. Beləliklə, Silahlı Qüvvələrimiz 44 günlük savaşla dövlətçiliyimizin ən şərəfli səhifələrini yazdı və əldə etdiyi tarixi Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçını işğaldan azad etdi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiqlədi.

Azərbaycan bu gün Qarabağ bölgəsinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan ağır problemlərini sürətlə aradan qaldırır. Eyni zamanda, həmişə olduğu kimi, yenə də sağlam qonşuluq münasibətlərinin qurulmasının tərəfdarı olduğunu bildirir. Bununla bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan tədbirlərin reallaşdırılmasını xüsusilə diqqətdə saxlayır. Ölkəmiz bu sənədin tam əməli icrasına və Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir.

Həmçinin bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. “Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik” deyən ölkə başçısı əminliyini ifadə edib ki, Azərbaycan yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən birinə çevriləcək: “Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq".