KÖŞƏ

Taleh Bağırov

Müsavat yenə də öz ampluasındadır

10 fevral 2016 01:00
3052

Özünü Azərbaycanın “ana müxalifət”i kimi qələmə verən Müsavat Partiyası sirr deyil ki, bu günə kimi dağıdıcı müxalifətin yaratdığı birlikləri parçalamaqla məşğul olub. Yaxın kçmişə qısa nəzər salsaq buna aid çoxlu sayda nümunələr görərik. Belə nümunələrdən biri isə ötən ay baş verdi. Məlum olduğu kimi, yanvar ayının 24-də bir neçə müxalifət partiyası toplantı keçirdi. Hər zaman olduğu kimi, yenə də Müsavat Partiyası tədbirdə iştirak etməkdən imtina etdi. Bəhanəsi də o oldu ki, boş və səviyyəsiz  toplantının nəticəsi də mənasızdır.

Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı taplantı haqqında danışarkən deyib ki, təmsil olunduğu partiya qabaqcadan məqsədi bilinməyən, proqramı, istəyi məlum olmayan tədbirlərdə iştirak etməyi məqbul saymır. G.Aslanlı tədbirdə iştirak etməmələrinin digər bir səbəbi kimi isə rəsmi şəkildə hər hansı bir dəvətin olmaması ilə izah edib. O, eyni zamanda telefonla zəng olunaraq dəvət təklifi almaları haqqında da bilgisiz olduğunu bildirib”.

Artıq uzun illərdir şahidi oluruq ki, müxalifətin dağıdıcı qanadına daxil olan partiyalar birlik təşəbbüsü göstərsələr də (əsasən də prezident və parlament seçkiləri ərəfəsində) nəticədə birliyə nail olmaları bir tərəfə qalsın, onların mövcud olan blokları da Müsavat və ya AXCP-nin təxribatları ucbatından parçalanır. Yorulmayan dağıdıcılar isə yeni birlik yaratma planlarına başlayırlar. Yadınızdadırsa, hələ 2010-cu ildə keçirilən parlament seçkiləri öncəsi müxalif partiyalar birləşmək və seçkilərə birgə getmək barədə danışıqlar aparmağa başladılar. Onların inhisarında olan qəzetlər də bu "danışıq və görüşləri" səhifə-səhifə işıqlandırmağa başladılar. Son olaraq isə birlik əvəzinə əks proseslərin şahidi olduq. 5 il ərzində mövcud olan "Azadlıq" bloku dağıldı. Seçkilərdən sonra bir sıra müxalif partiyalar "İctimai Palata" adı altında birləşməyə cəhd göstərdilər. Lakin zaman göstərdi ki, müxalifət heç cür birliyə nail olmağı bacarmır. Bu qurumun da aqibəti göstərdi ki, hər seçki ərəfəsində vahid namizəd məsələsində razılığın əldə edilməməsi təşkilatdakı vəziyyəti günü-gündən daha da gərginləşdirir və parçalanma həddinə çatdırır. Həmin parçalanma dolayısı ilə "Milli Şura" adlı yeni "birliyin" yaranması ilə nəticələndi. Amma tarix bu qurumun da kağız üzərində qaldığını göstərdi. Heç nəyə nail ola bilməyən "Milli Şura" demək olar ki, bir neçə günün içində yox oldu. İndi yenidən təşkilatlanma, birləşmə, vahidləşmə və sair kimi müzakirələr aparmağa cəhdlər göstərilir. Müsavat isə indidən başlayıb ki, ay bizə rəsmi dəvət göndərilməyib, Əli Kərimli telefon açıb deməyib və sair. Proseslərin necə inkişaf edəcəyi hələlik məlum olmasa da görünən odur ki, Müsavat deyəsən yenə birləşməyə maneələr yaratmaq niyyətindədir.