KÖŞƏ

Taleh Bağırov

Nəticəsiz birlik axtarışı

29 mart 2016 14:52
2864

Məlum olduğu kimi, Azərbaycandakı dağıdıcı müxalifət partiyaları hər zaman öz aralarında birlik yaratmağa çalışıblar. Bu məqsədlə dəfələrlə müxtəlif birlik və təşkilat yaratmağa müvəffəq olsalar da bu təşkilatların daxilində birliyə heç cür nail ola bilməyiblər. Bununla belə, yeni birlik modeli axtarışı bu gün də davam edir.

Dağıdıcılardan növbəti birlik təklifi Müsavat funksioneri Çingiz Əlidən gəlib. O, bildirib ki, indiki situasiyada müxalifətin işbirliyinə nail olması üçün ən düzgün yol Müsavat Partiyasının təklif etdiyi funksional əməkdaşlıqdır: “Yoxsa partiyalarüstü yeni bir qurum yaratmaq, ona rəhbər seçmək, səsvermə ilə  qərarlar qəbul edərək uğurlu nəticələr əldə etmək mümkün deyil. Çünki hər təşkilat özünün istədiyi qərarların qəbul edilməsinə çalışacaq və bunun üçün təmsilçilərinin sayını artırmağa cəhd edəcək. Partiya bağları hər zaman yeni yaradılan birliklərdən daha güclü olduğundan demokratik üsullar burada işlənməz bir hala gələcək. Bu kimi halları biz “İctimai Palata” və “Milli Şura”nın simasında müşahidə etdik”.

Müsavat funksioneri qeyd edib ki, Azərbaycan artıq partiyalaşma mərhələsinə keçdikdən sonra yenidən ümumi nəsə yaratmaq praktik deyil: “Mümkün olsaydı, elə müxalifətdə olan partiyalar özlərini buraxaraq bir təşkilatda birləşərdilər”.

Artıq uzun illərdir şahidi oluruq ki, müxalifətin dağıdıcı qanadına daxil olan partiyalar birlik təşəbbüsü göstərsələr də son nəticədə bunun əksi baş verib. Elə onların mövcud olan blokları da Müsavat və ya AXCP-nin ucbatından parçalanıb. “Yorulmayan” dağıdıcılar isə hər dağılanın yerinə yeni birlik yaratma planlarına başlayıblar. Yadınızdadırsa, hələ 2010-cu ildə keçirilən parlament seçkiləri öncəsi müxalif partiyalar birləşmək və seçkilərə birgə getmək barədə danışıqlar aparmağa başladılar. Onların inhisarında olan qəzetlər də bu “danışıq və görüşləri” səhifə-səhifə işıqlandırmağa başladılar. Son nəticədə isə birlik əvəzinə əks proseslərin şahidi olduq. Son 5 il ərzində mövcud olan “Azadlıq” bloku dağıldı. Seçkilərdən sonra bir sıra müxalif partiyalar “İctimai Palata” (İP) adı altında birləşməyə cəhd göstərdilər. Bu qurumun da aqibəti göstərdi ki, hər seçki ərəfəsində vahid namizəd məsələsində razılığın əldə edilməməsi təşkilatdakı vəziyyəti günü-gündən daha da gərginləşdirir. Sonda ortaq məxrəcə gələ bilməyən dağıdıcılar İP-nin də “ipini çəkdilər”. Bir müddət sonra “Milli Şura” adlı yeni qurum yaradıldı. Yaradılan zaman dildən-ağızdan “düşməyən” “Şura”nın indi adını anan da yoxdur. Əslində burada təəccüblənəsi bir hal da yoxdur. Çünki “xeyli sayda” birlik yaratmağa müvəffəq olan dağıdıcıların bütün fəaliyyəti belə müvəffəqiyyətsizliklə nəticələnir.