KÖŞƏ

Taleh Bağırov

Dağıdıcılar üçün dava-dalaş daha münasibdir

31 may 2016 22:55
2305

Dağıdıcı müxalifət düşərgəsindən istefa verən şəxslər tədricən bu partiyalarda görüb şahidi olduqları faktları etiraf edirlər. Bu dəfə keçmiş müsavatçı Ramiz Mirzəoğlu və cəbhəçi Ülvi Həkimoğlu yaranan nisbi və azmüddətli sakitliyi kəskin tənqidi açıqlamaları ilə pozublar. Belə ki, R.Mirzəoğlu Müsavatın sabiq başqanı İsa Qəmbəri, hazırkı başqan Arif Hacılını və AXCP sədri Əli Kərimlini sərt şəkildə tənqid edib. Adları çəkilən şəxsləri riyakarlıqda ittiham edən R.Mirzəoğlu bildirib ki, bu adamlar bütün çətin anlarda yaxalarını kənara çəkərək partiyadaşlarını meydanda tək qoyublar: “Mən də müsavatçı olmuşam, ancaq bu partiyada baş verən özbaşınalıqlara, diktaturaya etiraz edib, oranı tərk etmişəm. Ancaq bu gün Müsavatın başında oturub ağzına su alanları başa düşə bilmirəm, bir-birilərini qırmaqla məşğuldurlar. Müsavatın sabiq üzvü İlham İsmayılın Əbülfəz Elçibəy haqqında söylədiyi fikirlərə kimsə münasibət bildirmək istəmir. İsa Qəmbər, Əli Kərimli və Arif Hacılı bu məsələyə cavab vermək, fikir bildirmək sizin mənəvi borcunuzdur. Nə vaxta qədər qaçacaqsınız? Artıq kimsə sizlərə inanmır, etimad göstərmir. Hər kəsin inamını sarsıtmısınız”. 

R.Mirzəoğlu ilə yanaşı, keçmiş cəbhəçi Ülvi Həkimoğlu da adıçəkilən şəxsləri, xüsusilə də Ə.Kərimlini əqidəsizlikdə suçlayıb: “Əli Kərimli Elçibəyin hesabına siyasətə gəlib. Ancaq indi bircə dəfə də olsun Elçibəyin ailəsi ilə maraqlanmır, haqqında deyilənlərə cavab vermir”.

Hər iki şəxsin ittihamlarına Ə.Kərimli onlara hədə-qorxu gəlməklə cavab verib. Belə ki, həm R.Mirzəoğlu, həm də Ü.Həkimoğlunun telefonlarına tanımadıqları nömrələrdən zənglər gəlib, hər iki şəxs təhqir olunub. Onlara hədə-qorxu gəliblər ki, heç yerdə Ə.Kərimlinin adını çəkməsinlər. Bundan sonra məsələyə AXCP sədrinin müavini Nurəddin Məmmədli münasibət bildirmək məcburiyyətində qalıb. O, qeyd edib ki, R.Mirzəoğlunun kimisə müdafiə etməsinə ehtiyac yoxdur: “Ramiz əvvəl AXCP-nin üzvü idi, 1992-ci ildə vəzifə də daşıyırdı. Daha sonra AXCP-dən qovulub Müsavata getdi. Sonra Müsavatdan da çıxdı. İndi qalıb ortada. Yəqin hara gedəcəyini bilmədiyinə görə, bizlərə ittihamlar irəli sürür. Anlamalıdır ki, biz heç kimin müdafiə komitəsi funksiyasını yerinə yetirmirik”.

Göründüyü kimi, siyasi fəaliyyətdən daha çox, şəxsi intriqalar üzərində “işlərini” quranlar, xüsusilə AXCP və Müsavat Partiyası üçün dava-dalaş daha önəmlidir. Müxalifət düşərgəsindəki acınacaqlı vəziyyətə görə məsuliyyət daşıyan “liderlər” isə üzlərini gizləyib, arxa planda xaricdən alınan pullu sifarişləri yerinə yetirməklə məşğuldurlar.