KÖŞƏ

Taleh Bağırov

Əli Kərimlinin növbəti siyasi blefləri

03 iyun 2016 21:50
3444

Bildiyiniz kimi, AXCP sədri Əli Kərimli xeyli vaxtdır müxtəlif planlar qumaqla “Milli Şura” adlanan qurumu öz inhisarına almaqla məşğuldur. Müəyyən xarici dairələrdən maliyyə dəstəyi alan sədr bəzi qruplaşmaları özünə tərəf çəkə bilib. Onun bu məsələdə əsas məqsədi isə “Milli Şura”nın sədrliyi postuna yiyələnməkdir. Çünki bu yolda xarici mənbələrdən daha çox maliyyə vəsaitləri almaq mümkündür. Başqa sözlə desək, AXCP sədri vaxtilə “İctimai Palata”da oynadığı maxinasiya oyunlarını bu gün “Milli Şura”da təkrarlayır. Digər tərəfdən, belə nəticəyə gəlmək olar ki, Əli Kərimlinin siyasi blefləri eyni zamanda C. Həsənliyə qarşı hesablanıb. Bu günədək bir çox ziddiyyətli məqamlardan xeyrinə yararlanan partiya sədri indi də "şura" sədrliyi sevdasına düşüb. Əgər yaxın günlərdə bu iddia ətrafında hər hansı yeni bir tələb olarsa, bundan qəti surətdə təəccüblənməyə dəyməz.

Düzdü hazırda Əli Kərimli “şura”nın rəsmi işlərinə yetərincə müdaxilə edə bilmir, lakin onun quruma təsiri də yox deyil. Bunu alternativ AXCP-nin sədr müavini Ehtiram Mehtiyevin fikirlərindən də anlamaq olur. “Milli Şura” yaradılarkən süni birlik olduğunu deyən sədr müavini bir çox məsələlərə də aydınlıq gətirib: “Milli Şura”nın süni birlik olduğu yarananda bəlli idi. Müxalifət daxilindəki dedi-qodu və çəkişmələr bu birliyin tez bir zamanda sıradan çıxacağını göstərirdi. Özlərini demokratik qüvvələr adlandıran bir qrup müxalifət təmsilçilərinin yaratdıqları qurum hələ yarandığı vaxtdan bir neçə gün keçməmiş sədrlik postuna iddialı olan müxalifət liderləri arasında mübahisələrə təkan verdi. Belə olan məqamda Əli Kərimli heç imkan verərdimi ki, özü qala-qala İsa Qəmbər alternativ olsun? Əlbəttə, yox. Bax, ortalıq bu ambisiyalar üzündən qarışdı. Bu çəkişmələrin sonunda isə sədrlik postuna Rüstəm İbrahimbəyov gətirildi. Lakin İbrahimbəyovun Azərbaycana gəlməməsi müxalifət daxilində ciddi fikir ayrılığına yol açdı. Dağıdıcı müxalifət ona görə növbəti fiaskonu yaşadı ki, bu cür xislətin, təfəkkürün daşıyıcıları bir olub razılaşa bilmədilər. Öz aralarındakı düşmənçilikdən başları açılmadı ki, vaxt tapıb kənarda rəqib axtarsınlar. “El” hərəkatının sədri Eldar Namazovun seçkidən əvvəl bu qurumdan getməsi, İsa Qəmbərin, Mirmahmud Mirəlioğlunun istefa vermələri onu göstərdi ki, “Milli Şura” müxalifət partiyalarının birliyi deyil, sadəcə, Əli Kərimlinin maraqlarına xidmət edən bir neçə şəxsin yığıncaq yeridir”. Təbii ki, bunlar bizlərin görüb bildiyi çüzi şeylərdir, pərdə arxasında isə daha ciddi proseslər baş verir. Çox keçməz onların da səsi-sədası eşidilər.