KÖŞƏ

Taleh Bağırov

Kərimlinin növbəti şikar ovlamaq marafonu

05 iyul 2016 14:43
2619

AXCP sədri Əli Kərimli 20 ildən artıqdır ki, çirkin əməllərini ört-basdır etmək, günahlarını digərlərinin üzərinə atmaq üçün daim partiyaya yeni üzvlər axtarmaqadır. O, bu məqsədini reallaşdırmaq və öz-özlüyündə iz itirmək üçün əsasən daha tez aldanan və cüzi təminata razı olan gənc nəslin nümayəndələri ilə işləməyə üstünlük verir. Gec-tez Əli Kərimlinin siyasi oyununa düşənlər onun bütün niyyətini və iç üzünü görəcəklər. Necə ki, yaxın bir neçə il əvvəl onun iyrənc əməllərinə inanıb bu tipli tələsinə düşən Ruslan Bəşirli, Səid Nuriyev, Fikrət Hüseynli və sair kimi gənclər hazırda Ə.Kərimlini ən sərt ifadələrlə tənqid edir, AXCP sədrini haqlı olaraq bir sıra xəyanətlərdə günahlandırırlar. Ancaq həmin ittihamlara cavab vermək, özünü müdafiə etmək əvəzinə daha da azğınlaşan “cəbhə” sədri hələ prezident seçkiləri öncəsi də eyni üsulla gənclər arasında tərəfdar toplamaqdan çəkinmirdi. Dağıdıcı müxalifətin siyasi səhnəsinə atıldığı gündən başlayaraq Azərbaycan xalqına, dövlətçiliyə, gənclərə düşmən kəsilən Ə.Kərimlinin istər prezident seçkiləri ərəfəsində, istərsə də indiki zamanda “Yeni Fikir”, “Dalğa” və digər müxalifətyönlü gənclər təşkilatlarının hesabına ətrafına 3 - 5 nəfər toplamaq, bununla da onları öz siyasi şikarına çevirmək, istənilən təhlükə yarandıqda onları önə vermək niyyətinin Azərbaycan xalqı hər zaman şahidi olub.   

Xatırlatmaq yerinə düşər ki, hələ bir müddət əvvəl “Yeni Fikir” gənclər təşkilatının keçmiş sədri, hazırda xəbər saytlarından birinə rəhbərlik edən R.Bəşirli haqlı olaraq bildirirdi ki, “cəbhəçilər”, xüsusilə də sədr Ə.Kərimli onu sonu bəlli olmayan yola sürükləyib. Tarix də göstərdi ki, R.Bəşirli bu fikrində nə qədər haqlıdır. Məhz Ə.Kərimlinin pafoslu çıxışlarının qurbanı olan R.Bəşirli ömrünün 6 ildən çoxunu dəmir barmaqlıqlar arxasında keçirməli olub. Lakin AXCP sədri keçmiş tərəfdaşının ona qarşı irəli sürdüyü ittihamları sükutla qarşıladı. Səbəbi çox sadədir: çünki deyəcəyi bir söz, verəcəyi bir cavabı yox idi. R.Bəşirlinin ittihamları həqiqət idi. Ə.Kərimli bu ittihamların üzərindən görünür o səbəbdən sükutla keçdi ki, hər şey daha da aydınlığa çıxmasın. Fakt isə odur ki, bütün cəhdləri uğursuzluğa düçar olan “cəbhə” sədri dəyişilməz gənclər ssenarisini son prezident seçkiləri ərəfəsində yenə də təkrarladı. Amma onun növbəti şikar ovlamaq  marafonu da yarı yolda qaldı. Bu gün yenə də eyni ssenari baş verir. Ə.Kərimli bir neçə gündür sosial şəbəkələrdə özünə yeni “dost”lar axtarır. Amma hələ ki, toruna düşən olmayıb və çox ehtimal ki, olmayacaq da. Reallıq isə odur ki, illər keçir, zaman dəyişir, amma bu Əli Kərimli heç dəyişmir ki, dəyişmir.