KÖŞƏ

Taleh Bağırov

Arif Hacılı kumiri İsa Qəmbərə xəyanət edib

19 avqust 2016 16:41
2551

Müsavat Partiyasında uzun müddətdir bir-birlərinə can deyib, can eşidən İsa Qəmbərlə Arif Hacılının arasında deyəsən soyuq küləklər əsməyə başlayıb. İddialara əsasən, A.Hacılı başqan olduğu dövrdən bir müddət sonra AXCP sədri Ə.Kərimli ilə münasibətlərini düzəltməyə çalışıb. Hətta bu məqsədlə AXCP sədrinin qəbuluna gedərək ona birgə əməkdaşlıq məsələsində işləməyə hazır olduğunu deyib. Lakin Ə.Kərimli Müsavatla yeni əməkdaşlığın yalnız "Milli Şura" formatında mümkünlüyünü bildirib və Hacılını yeni komandası ilə adıçəkilən quruma yenidən üzv olmağa dəvət edib. Şərtin qəliz olduğunu görən A.Hacılı təbii ki, buna dərhal razılıq verməyib. Bir müddət fikirləşəcəyini və bundan sonra qərar verəcəyini bildirib. Müsavatda ona yaxınlığı ilə seçilən mənbələr də etiraf edirlər ki, A.Hacılının Partiyanı yenidən "Milli Şura"ya üzv etdirmək istəyi var, sadəcə, ona bu planların reallaşmasında İsa Qəmbər faktoru mane olur. Görünür, hazırkı başqan üçün İsa Qəmbəri taptalayıb keçmək o qədər də asan deyil. Çünki A.Hacılının başqan seçilməsi üçün saxtakarlıq planları üzərində işləmiş İ.Qəmbər nəticədə onu başqan etdi və eyni zamanda Müsavatı öz təsiri altında saxlamaq planına nail oldu. O, sonradan yaranacaq kütləvi etirazları, istefaları nəzərə almayaraq, Hacılıya aşkar dəstək verdi. Bu işləri icra edərkən isə öz yerini bərkitdikdən sonra Hacılının ona qarşı xəyanət edəcəyini ağlının ucundan belə keçirmirdi. Amma gün gəldi, dövran dəyişdi. İ.Qəmbər A.Hacılının Ə.Kərimli ilə münasibətlərini düzəltməsi istiqamətində atdığı adıdmlarının şahidi olduqdan sonra seçimində nə qədər ciddi səhvə yol verdiyini anladı. Fəqət, indi çox gecdir və Müsavatda olanlar olub. Başqan seçimindən sonra partiyada baş verən olaylar, zəncirvari qalmaqallı istefalar isə bunun bariz nümunəsidir. 

Belə istefalardan biri heç şübhəsiz ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun Partiyanı tərk etməsidir. Bu şəxs, etiraf edilməlidir ki, ömrünün böyük hissəsini Müsavata həsr edib. Lakin İ.Qəmbərin başqanlıqdan getməsindən və A.Hacılının Müsavatdaxili "islahatlar"ından sonra etiraz əlaməti olaraq Müsavat sıralarından istefaya gedib. Bundan sonra isə A.Hacılı və tərəfdarları R.Arifoğlunu xəyanətdə və s. bənzər hallarda suçlayıblar. Təbii ki, Arifoğlu bütün bunları rədd edib və Hacılı klanıının başlatdığı kampaniyanı qaragüruhçuluq, antidemokratik addım kimi qiymətləndirib. Ona qarşı ittihamlar səngimədikdə isə "Yeni Müsavat"ın baş redaktorunun müavini Azər Ayxan, o cümlədən qəzetin tanınmış yazarları da Müsavatdan istefa veriblər. Bildirdilər ki, əgər İ.Qəmbər Müsavata yenidən başqan kimi qayıdarsa, partiyaya geri dönəcəklər. Əslində bu başlanğıc idi. R.Arifoğlundan sonra neçə-neçə sima Müsavatı tərk etdi. Bu hadisələr isə İ.Qəmbərin vaxtilə böyük ümid bəslədiyi A.Hacılıya olan inamını, etibarını yavaş-yavaş itirməyə başladı. Arif Hacılı-Əli Kərimli yaxınlaşması yəqin ki, bu ümidlərə birdəfəlik nöqtə qoyacaq.